|
İyunun 1-dən Azərbaycan üçün yeni dönəm başlayır
Prezident İlham Əliyev mayın 21-də verdiyi fərmana əsasən, iyunun 1-dən etibarən Azərbaycanda bir sıra iqtisadi cinayətlərdə suçlanan, qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar. 
Bir sözlə, iyunun 1-dən Azərbaycan cəmiyyəti, iqtisadiyyatı üçün yeni dönəm başlayır. İqtisadi cinayətlərə görə müvafiq maddələrlə həbsdə olan iş adamları azad olunacaq, xaricdə cinayət təqibində olanların ölkəyə girişi, eləcə də ölkədən çıxmasına yasaq qoyulanların çıxışı leqallaşdırılacaq. 
Bəs, görəsən, iqtisadi amnistiya hansı müsbət nəticələrə səbəb olacaq? Xaricdəki tanınmış iş adamları ölkəyə qayıda biləcəkmi?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı-ekspert, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iqtisadi amnistiyanı müsbət addım adlandırıb: “Mən özüm amnistiya təklifi ilə dəfələrlə çıxış eləmişəm. Təkcə, maliyyə amnistiya yox, mən ümumilikdə vergi amnistiyasını təklif etmişəm. Hesab edirəm ki, elə ölkə prezidentinin imzaladığı da mahiyyətcə vergi amnistiyasıdır. Azərbaycanda iş adamı, sahibkarlar, fiziki və hüquqi şəxslər üçün vergi ilə bağlı problemlərin çözülməsinə bu amnistiyanın böyük əhəmiyyəti ola bilər. Bildiyiniz kimi, ən böyük problemlər vergi borclarının yaranması ilə bağlı idi. Əvvəllər vergi borcları cəza predmeti idi. İndiki halda isə bu addım təqdir olunmalıdır və bu amnistiyanın davamı olaraq, hüquqi baxımdan qanunsuz şəkildə həbsdə qalanların azadlığa çıxması, xaricdə olanların ölkəyə qayıtması daha yaxşı olardı. Bu fərman imzalanandan sonra ölkədən çıxış qadağalarının saxlanılması, həbsdəkilərin çıxarılmaması absurd olardı. Mən bunu islahatlara başlanğıc mərhələsində əhəmiyyətli bir addım hesab edirəm. Düşünmürəm ki, bu fərmanın əks nəticələri ola bilər. Sahibkarlara olan basqılar azalarsa, qanunsuz həbslər yığışdırılarsa, bundan ancaq iş adamları və istehlakçılar qazanacaq”.
Cinayət təqibində olan xaricdəki iş adamları Azərbaycana gələ biləcəkmi?
Ekspert vurğulayıb ki, bu fərmandan  sonra hökumət xaricdə olan bəzi şəxslərin, eləcə də tanınmış simalar olan Rəsul Quliyevin, Hüseyn Abdullayevin, Zülfüqarlı qardaşlarının ölkəyə gəlməsi ilə bağlı müəyyən addımlar atmalıdır: “Bizim ölkədən kənarda yaşayan xeyli iş adamlarımız, tanınmış simalarımız var. Onların da üzünə qapılar açılmalıdır, onlar da vətənə qayıtmalıdır, öz bacarıqları çərçivəsində burada fəaliyyət göstərmələri üçün şərait yaradılmalıdır”
Politoloq Ərəstun Oruclu isə hesab edir ki, məhz Rəsul Quliyevin ölkəyə gəlişinin əngəllənməsinin səbəbi iqtisadi deyil, siyasi amillərlə bağlıdır.
 
İqtisadi amnistiyanın arzuolunmaz nəticələrinin də olacağını iddia edən Ərəstun Oruclu bunun iqtisadi cinayətkarlığı artıracağını bildirdi: “Bu fərmanın nəticələri həm müsbət olacaq, həm mənfi. Lakin hazırki durumla müqayisə aparan mənfi nəticələri daha çox olacaq. İqtisadi amnistiya bütün toplanmış vəsaitlərin rəsmiləşdirilməsi deməkdir. Lakin o iqtisadi cinayətlər bağışlanırsa, tamam əks effekt verəcək. Yəni bəzi şəxslər bu cinayətləri törətməkdə davam edəcəklər. Mənimsəmə halları artacaq, korrupsiya artacaq, büdcə vəsaitləri dağıdılacaq. Ona görə də, burada hərtərəfli işlənmiş bir qanun lazımdır. 
 
Bu qanun parlament tərəfindən hazırlanaraq qəbul olunmalıdır. Bir sıra dövlətlərdə bu konstitusiya maddəsi şəklində qəbul olunur. Lakin indiki halda bu fərmanın mənfi tərəfləri müsbət nəticələrindən daha çox olacaq. Sadəcə olaraq, iqtisadi cinayətkarlığı artıracaq”. 
“Fərman verilsə də,  azad məhkəmə yoxdur”
 
İqtisadçı ekspert Natiq Cəfərli isə  “Yeni Müsavat”a açıqlamasında bu addımın pozitiv nəticələrə gətirəcəyini bildirdi: “Bu müsbət bir addımdır. Lakin bir sorun var ki, xaricdə olan iş adamlarının güvən məsələsi təmin olunmalıdır. Həmin adamlara heç kim zəmanət vermir ki, Bakıya qayıdandan sonra heç bir problemlə üzləşməyəcəklər.  Bu səbəbdən xaricdə yaşayanların, vergi borclarına görə təzyiqlərə məruz qalmış şəxslərin  Bakıya gələndən bir müddət sonra təzyiqlərə məruz qalmayacaqlarının təminatı yoxdur. Çünki ölkədə normal məhkəmə yoxdur, belə hadisələr baş  verdikdə, prezidentin verdiyi fərmana uyğun olaraq sahibkar məhkəməyə müraciət etsin, məhkəmələr də normal qərar çıxartsınlar. Bu baxımdan fərman  yaxşı olsa da onun həyata keçirilməsi müəyyən problemlərlə üzləşəcək. lakin bu problemlər olmasa, iqtisadi amnistiya müsbət nəticə verəcək, iş adamlarının fəaliyyətinin genişlənməsinə səbəb olacaq. Bir məsələ də var ki, Azərbaycan İnterpol xətti ilə xarici iş adamlarını ən çox axtarışa verən ölkələrdən biridir. Təqribən 90-a yaxın türk iş adamı Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Bu neqativ bir mesajdır. Bu məsələlərə gələcəkdə də diqqət yetirmək lazımdır ki, belə cinayət işlərinin çox olması Azərbaycana maraq göstərən iş adamlarının sayını xeyli dərəcədə azaldır”. 
 
Xatırladaq ki, prezident İlham Əliyev mayın 21-də Cinayət Məcəlləsində edilən dəyişiklikləri təsdiqləyib. Yeni Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə əlavə edilən qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur. 
 
Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq həmin məbləğ 20.000 manat olub. Yəni  20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu da həmin məbləğə qədər olan əməllərin dekiriminallaşdırılması deməkdir.  
musaavat