Ötən il noyabrın 24-də "Su 24" təyyarəsinin vurulması ilə Rusiya-Türkiyə münasibətlərində yaranan böhran davam edir. Sirr deyil ki, o ana kimi strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin korlanması ən çox Moskva və Ankaranın ziyanına, "üçüncü tərəf"in - Qərbin, ABŞ-ın isə maraqlarına işləməkdədir.
Çünki belədə istər Rusiyanın, istərsə də Türkiyənin Qərb qarşısında manevr imkanları xeyli daralmış durumdadır. İqtisadi-ticari bağların, humanitar-turizm, energetika sahəsində əlaqələrin zəifləməsi ilə iki ölkəyə dəyən on milyardlarla dollar maddi ziyan da öz yerində.
Lakin situasiyanın hər iki tərəf üçün əlverişsizliyi Moskva və Ankara tərəfindən dərk edilsə də, hələlik ikitərəfli münasibətləri qaydaya salmağa yönəlik real təklif və səylər gözə dəymir. Xüsusən də Rusiya rəhbərliyinin məsələdə kifayət qədər sərt mövqe tutub şərtlər irəli sürməkdə davam eləməsi (üzrxahlıq, təzminat ödənilməsi və təyyarəni vuranın həbsi) vəziyyəti gərgin saxlamaqda, Ankaranın ara-sıra elədiyi barışıq jestlərinin önəmini də sıfırlamaqdadır.
Məlumdur ki, Putinin “arxadan zərbə” adlandırdığı həmin insidentə görə Əhməd Davudoğlu ozamankı baş nazir olaraq, məsuliyyəti şəxsən öz üzərinə götürmüş, hətta “vur” əmirini özünün verdiyini bəyan eləmişdi. O da bəllidir ki, Kremlin sərt reaksiyasına səbəb olan “Su 24" insidenti ilə bağlı ən prinsipial və güzəştsiz mövqe sərgiləyən yeganə və ən yüksək çinli Türkiyə rəsmisi Davudoğlu olub. Bəzi iddialara görə, iki ölkənin barışığı yönündə zaman-zaman aparılan konfidensial danışıqlarda da məhz Davudoğlunun prinsipiallığı tormozlayıcı rol oynayıb.
Bu yerdə bir daha xatırlatma edək ki, barışığa yönəlik danışıqlar, ikitərəfli komissiyaların işləməsi barədə “Yeni Müsavat” olaraq bir neçə dəfə yazmışıq və hətta prosesin içində Azərbaycan amilinin də rol aldığını qeyd eləmişik. Məsələn, “Rusiya və Türkiyə anlaşma üzrə” sərlövhəli yazısında (fevral, 2016) vurğulamışdıq: “Əldə elədiyimiz və olduqca şok effektli, dəqiq, eyni zamanda da mötəbər bilgilərə görə, üzümüzə gələn günlərdə böhran yaşayan Rusiya-Türkiyə münasibətləri üzdəki gərginliyə rəğmən, düzələcək. Özü də vasitəçilikdə Azərbaycan faktorunun da yer aldığı deyilir. O da bildirilir ki, təmaslar artıq bitmək üzrədir və qısa zamanda hər şey yoluna qayıdacaq. ”Təbii ki, bunu Qərb istəmir. Amma hər iki ölkənin hökumətləri yaxşı anlayır ki, savaş Rusiya və Türkiyə dövlətləri və xalqlarına yalnız fəlakət gətirəcək və nəticə etibarilə “üçüncü qüvvə” yaranmış vəziyyətdən ən çox siyasi və iqtisadi divident götürəcək" - əlavə edib mötəbər mənbə. Təbii ki, “üçüncü qüvvə” dedikdə ABŞ və Avropa Birliyi, daha çox da Birləşmiş Ştatlar nəzərdə tutulur. Çünki Moskva və Ankaranın noyabrın 24-dək bütün sahələr üzrə isti səciyyə daşımış münasibətləri, qardaş ölkənin Kremlə qarşı iqtisadi sanksiyalara qoşulmaması və regionda daha müstəqil siyasət yürütməsi Qərbin bölgəyə yönəlik strateji hədəfləri ilə düz gəlmir".
Lakin gözləntilər doğrulmadı. Bunun da əsas səbəbi kimi anlaşma əldə olunmaq ərəfəsində baş nazir Əhməd Davudoğlunun Türkiyədəki mitinqlərin birində etdiyi və münasibətləri daha da gərginləşdirən çıxışı göstərilir. Həmin çıxışda o, Rusiyanın, Pitinin ünvanına növbəti sərt ifadələr işlədərək, anlaşma ilə bitmək üzrə olan bir prosesi sıfırlamış, bununla Ərdoğanın da barışığa yönəlıik siyasi kursu əleyhinə getmişdi.
Lakin Davudoğlu amili artıq ortada yoxdur. Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, onun istefasını prezident Ərdoğanla münasibətlərdəki problemlə yanaşı, “Su 24" məsələsi də şərtləndirə bilərdi. Yəni baş nazirin ”qurban verilməsi"ndə bu faktorun təsiri istisna olunmur. Davudoğlunun qəfil istefası isə rus pilota atəş açdığı deyilən “boz qurdçu” Alparslan Çelikinu həbsinin ardınca Ankaradan Kremlə ikinci xoşməramlı jesti sayılırdı.
Ancaq bu iki jest-mesajlar belə görünür Rusiyanın “könlünü almaq” üçün kifayət etməyib. Üstəlik, bəlli olub ki, Alparslan Çelik dəlil-sübut olmadığı üçün artıq sərbəst buraxılıb. Bəzi informasiyalara görə, onun ümumiyyətlə, 24 noyabr insidentinə aidiyyəti yoxdur, Çelik sadəcə, məşhurlaşmaq üçün məsuliyyəti öz üzərinə götürüb.
Bütün hallarda Rusiya tərəfi onu suçlu saymaqda davam edir və cəzalanrılmasını tələb edir. Elə dünən Rusiyanın hərbi prokuroru Sergey Fridinski vurulan rus pilot Oleq Peşkovun ölümünə görə Türkiyədən hüquqi yardım istəyəcəklərini söyləyib. O, pilotun ölümünə görə məsuliyyət daşıyan Alparslan Çelikin ifadələrini istəyib. “Peşkovun ölümü ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət ünvanlayacağıq. Bundan sonra qaranlıq məqamlara aydınlıq gələcəyinə inanıram” - hərbi prokuror deyib.
Göründüyü kimi, Rusiya insidentin hüquqi qiymət almasında israrlıdır və indi Türkiyənin özündən bu yöndə kömək umur. Rəsmi Ankara Moskvaya doğru addım atacaqmı? Bir şeyi qeyd eləmək olar ki, “top” yenə Türkiyədədir və barışığı yaxınlaşdırmaq üçün Ankaranın növbəti, üçüncü cəhdi edəcəyi istisna deyil.
Bəzi iddialara görə, bu məqsədlə yeni baş nazir Binəli Yıldırım məsuliyyəti öz üzərinə götürərək, hökumət adından (bir növ Davudoğlunun yerinə) Rusiyadan üzrxahlıq edə bilər. Yəni buna dövlət adından yox (dövləti Ərdoğan təmsil edir), hökumət adından gediləcəyi ehtimal olunur. Nəticə etibarilə iki ölkə arasında gərginlik böyük hesabla aradan qalxa, Moskvanın ikinci dərəcəli şərtlərinin təmin olunmasına lüzum qalmaya bilər.
Əlbəttə ki, bütün hallarda Türkiyə böyük dövlət və regional oyunçu olaraq məsələdə öz nüfuzunu, milli maraq və qürurunu zədələməz. Amma problemdən optimal çıxış yolunun tapılması da indi heç vaxt olmadığı qədər zəruri görünür - həm Ankara, həm də Moskva üçün. Odur ki, Kremlin də indiki mərhələdə maksimalist deyil, daha praqmatik davranması qaçılmazdır.

Məsələ həm də ondadır ki, zaman ən çox Moskvanın ziyanına işləyir. Rusiya görür ki, Güney Qafqazda bir yandan onun əleyhinə ABŞ, NATO sürətlə öz təsirini möhkəmləndirirsə, o biri yandan Türkiyə-Azərbaycan-Gürcüstan hərbi ittifaqı formalaşır (artıq ortaq təlimlərin keçiriləcəyi bəyan edilib).
Moskva-Ankara əməkdaşlığı isə Qərbin artan bu təsirlərinə qarşı preventiv amil və effektli siyasi bufer rolu oynaya bilərdi. Necə ki, 24 noyabradək oynayıb.
Paralel surətdə Türkiyənin ABŞ və Avropa Birliyi ilə münasibətlərdə siyasi manevr imkanları artardı. Bütövlükdə isə bundan böyük bir region, o sırada Cənubi Qafqaz, Azərbaycan və Qarabağ məsələsi də qazanar, yeni müharibə riskləri azalar, bölgəmiz daha proqnoza yatımlı və sabit duruma gələrdi.
cia.az
