|
Xalq yazıçısı Horadizdə anıldı

Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, ölkəmizdə Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilir. Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubilyi doğulduğu Füzuli rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Xalq yazıçısının 100 illik yubileyinin keçirilməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam imzalanıb, Tədbirlər Planı hazırlanıb.

ANS PRESS xəbər verir ki, tədbirlər planına uyğun olaraq, Horadiz şəhərindəki Muğam Mərkəzində "İlyas Əfəndiyev - 100 il" adlı tədbir keçirilib. Tədbirdə baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev iştirak edib.

Yubiley tədbirinə rayonun idarə müəssisə təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ictimayət nümayəndələri və ziyalılar qatılıblar.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, baş nazirin müavini Elçin Əfəndiyevlə birgə əvvəlcə Horadiz şəhərindəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində xalq yazıçısı, dövlət mükafatı laureatı İlyas Əfəndiyevin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.

A.Alıyev tədbirdə çıxışı zamanı İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə edib, onun ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb. O deyib ki, müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərləri bu gün də sevilə-sevilə oxunur. Milli-mənəvi dəyərlərə hörmət İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olub.

Sonra rayon Mədəniyyət və Turizm şöbəsi və Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanan görkəmli nasir və dramaturq, Xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş “Sən həmişə mənimləsən” adlı ədəbi-bədii məclis keçirilib.

Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən İlyas Əfəndiyevin Sən həmişə mənimləsən, Mahnı dağlarda qaldı, Unuda bilmirəm, Bizim qəribə taleyimiz pyeslərindən səhnələr nümayiş olunub.

Baş Nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev göstərilən diqqətə görə minnətdarlığını bildirib, rayonla bağlı xatirələrindən bəhs edib.

Tədbirdə rayonun incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.