|
Azərbaycan Ermənistan AES-i bağlatmaq üçün hərəkətə keçdi
Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının region üçün törətdiyi təhlükə davam etməkdədir. Azərbaycan, Türkiyə və Gürcüstanı daim təhdid altında saxlayan və istismar müddəti bitən AES-lə bağlı beynəlxalq təşkilatların və ölkələrin susqunluğu suallar doğurur. 
 
Azərbaycan prezidenti İlham Əliyevin əvvəlki illərdə olduğu kimi, İstanbulda keçirilən Dünya Humanitar Sammitindəki çıxışı zamanı əsas diqqətini bu məsələnin üzərinə yönəltməsi və dünya ölkələrini problemin həllində birgə fəaliyyətə çağırması təhlükənin nə qədər ciddi olduğunun göstəricisidir. Artıq genişmiqyaslı “Stop Metsamor” kampaniyası başlayıb. AES-nin bağlanması ilə bağlı imzatoplama kampaniyasına start verilib. 
 
Azərbaycan üçün ən çox təhlükə aprelin əvvəllərindəki 4 günlük savaşdan sonra başlayıb. Cəbhədə darmadağın olan düşmən ölkə Azərbaycanı bu AES-lə təhdid etməyə başlayıb. Amma bununla belə “Metsamor” AES-nin bağlanması ilə bağlı Azərbaycanın gördüyü işlər səmərəsiz qalmayıb. Təcavüzkar ölkəyə təhlükəni hiss edən qonşu ölkələr və digər dünya dövlətləri tərəfindən təzyiqlər edilir. Ekspertlər hesab edirlər ki, Azərbaycan bu şəkildə fəaliyyətini davam etdirsə, yaxın zamanlarda “Metsamor” AES-nin bağlanmasına nail ola bilər. 
 
Politoloq Qabil Hüseynli Ermənistan AES-i Azərbaycan bağlatmağının mümkün olduğunu bildirdi: “Bu tipli təhlükə dünyanın heç yerində demək olar ki yoxdur. Çernobil AES-də Ermənistandakı kimi idi. Onun tətbiq edilməsini qadağan etdilər. Ermənistanda Spitakda baş verən zəlzələdən AES-i ciddi xəsarət alıb. Düzdür, onun çatlaq və digər yerlərini kosmetik təmirlə üst-başını örtdülər. Hətta bu zəlzələnin törətdiyi fəsadlar bu günə qədər də qalmaqdadır. Rusiya orada müəyyən qədər təmir işləri apardı. Amma qoyulan 10 il müddət çoxdan keçib. Ermənistan yenidən kreditlər axtarır ki, təmir işləri aparsın, Rusiyanın bu sahədə olan şəxslərinin AES-nin işləməsi ilə bağlı təminatını alsınlar. Çalışırlar ki, daha 10 il istismar müddəti artırılsın. Amma atom stansiyalarına nəzarət edən Beynəlxalq Atom Enerjisindən İstifadə Agentliyidir. Azərbaycan artıq ora müraciət edib ki, Ermənistan AES bölgə üçün təhlükə yaratmaqdadır. Hələ də onlardan bir cavab çıxmasa da, düşünürəm ki, tezliklə “Metsamor”da onlar yoxlama aparacaqlar. Bu azmış kimi Ermənistan son zamanlar çirkli atom bombasına sahib olması barədə fikirlər səsləndirir. Bunun vasitəsilə Azərbaycanı məhv edəcəkləri barədə sərsəm iddialar səsləndirirlər. Çirkli atım bombalarının hazırlanmasına girişiblər. İctimai rəyi azdırmaq üçün gah çirkli bombaların olduğunu, gah da hazırladıqlarını deyirlər. Bütün bunlar onu göstərir ki, ermənilər belə bir şeyi etməmiş deyillər. Bundan əlavə, Ermənistan təhlükəli maddələri terrorçulara satmaq üçün də yollar axtarırlar. “Metsamor” AES-i təkcə təhlükəli olmaqla deyil, eyni zamanda, yanacaq maddələrinin terrorçularının əlinə keçməsi səbəbilə bütün dünya üçün problemdir. İŞİD dəfələrlə bildirib ki, çirkli atım bombaları əldə etmək qüdrətinə malikdir. Hətta deyirlər ki, bu silahları Avropanın qabaqcıl şəhərlərinə qarşı tətbiq edəcək. Ermənilərin PKK ilə əlaqələrinin ciddi olduğu faktdır. PKK-nın da İŞİD-la əlaqələri var. Demək PKK vasitəsilə Ermənistanın İŞİD-a çirkli atom bombaları ötürməsi elə də çətin deyil. Ermənilərə pul hazırda çox vacibdir. Bunu PKK vasitəsilə İŞİD-dan əldə edə bilər. Bütün bunlardan o nəticəyə gəlmək olar ki, “Metsamor” AES təkcə istismar müddətinin bitməsi, köhnəlmiş texnologiyaları ilə deyil, istifadə edilmiş yanacaqları müxtəlif terror qruplaşmalarına ötürmək baxımından təhlükəlidir. Gələcəkdə bunlar bəşəriyyət üçün ciddi təhlükələr yaradar. Bunun qarşısını almaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi hərəkətə keçməli, bəşəriyyəti bu bəladan qurtarmalıdır”.
 
Politoloq bu məsələni Türkiyənin Azərbaycanla birlikdə Avropa Şurasında qaldırdığını da qeyd etdi:“Türkiyənin yaxın vaxtlarda Beynəlxalq Atom Elektrik Agentliyinə müraciəti gözlənilir. Çünki Azərbaycandan sonra Türkiyənin eyni addım atacağını istisna etmək olmaz. “Metsamor” AES-i seymsik tərpənmə nəticəsində partlasa, 15 kilometrliyində yerləşən Türkiyə üçün daha ciddi təhlükə yaradar. Küləyin istiqamətindən asılı olaraq, bütün Cənubi Qafqazı öz təhdidi altına alacaq. Bu məsələ getdikcə aktuallaşır. Gürcüstan da tezliklə bu proseslərə qoşula bilər. Nəticə etibarı ilə Beynəlxalq Atom Elektrik Agentliyini bu məsələyə qoşub, Ermənistanın AES-ni bağlada bilərik”.
Cia.az