Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə cəbhə xəttində baş verən insidentləri araşdırmaqla bağlı mexanizmlərin yaradılması təşəbbüsünün irəli sürülməsi birmənalı qəbul olunmayıb. Hesab olunur ki, bu, daha çox Azərbaycan ərazilərini işğalda saxlayan ermənilərin mənafeyinə xidmət edən məsələdir ki, həmsədrlərin də təzyiqi ilə Azərbaycana qəbul etdirilib.
Məsələyə münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov isə ANS-ə son açıqlamasında fərqli fikirlər söyləyib.
Onun sözlərinə görə, N.Məmmədov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Vyana görüşündən sonra səlahiyyətlərinin artırılmasını şərh edərkən qeyd etdi ki, Azərbaycan bununla bağlı rəsmi mövqe bildirib: “Burada əsas ideya atəşkəs rejiminin möhkəmləndirilməsi idi. Yəni aprelin əvvəllərindəki kimi və ondan sonra da Ermənistan tərəfi daim təxribatlarla məşğuldur. Bunların olmaması üçün bir neçə təklif irəli sürüldü, onlardan biri də ATƏT-in nümayəndəsinin monitorinq aparması üçün mandatının genişlənməsi idi. Prinsip etibarı ilə biz dedik ki, bu təklifləri həmsədr ölkələri təklifləri kimi qəbul edirik, yəni buna etiraz etmirik”. PA rəsmisi əlavə edib ki, ATƏT-in nümayəndəsinin monitorinq imkanları bu vaxta qədər də olub: “Bizim istədiyimiz burda yalnız budur ki, monitorinq olursa-olsun, etiraz etmirik, müəyyən mənada genişləndirmə imkanları varsa da, genişləndirilsin. Amma bu ədalətli olsun, bununla bağlı, baş verən hadisələrlə bağlı nümayəndə heyəti düzgün fikir bildirsin, bəyanat versin, açıq-aydın desin”.
O deyib ki, baş verən hadisələrlə bağlı dəqiq, qərəzsiz, reallığı əks etdirən mövqenin ortaya qoyulması böyük bir problemdir. “Ermənistan tərəfi fosforlu bomba işlədir, bununla bağlı nə həmsədrlər, nə ATƏT-in nümayəndəliyi bir mövqe bildirmir, bəyəm bu normal haldır”, - deyə Məmmədov vurğulayıb.
Politoloq Elxan Mehdiyev isə ATƏT-ə verilən səlahiyyətləri zərərli sayır: “Administrasiya rəsmisi mayın 18-də Kasprşik ofisinin heç bir halda genişlənməyəcəyini, 22-də isə genişlənəcəyini deyib. Məsələ burasındadır ki, Bakı Vyana görüşündən sonra Kasprşikin ofisinin genişlənməsi barədə razılaşmanı gur səslə pozmaq istəyirdi. Və indi belə çıxır ki, həmsədr ölkələrin təzyiqi ilə və ola bilər Baydenin zəngi ilə yenidən onu bəyəndikləri haqda özlərini təkzib edirlər. Bu, həm də o deməkdir ki, Bakı ordunun aprel uğurundan və indiki yaranmış beynəlxalq vəziyyətdən istifadə etmək əvəzinə, yenidən status-kvoya qayıdır. Daha dəhşətlisi, düşmənin bu ərazilərə rahat nəzarət etməsi üçün şərait yaranır. Şəxsən mən bunu başa düşə bilmirəm. Əgər həmsədrlər bu mexanizmlərin uğurlu danışıqlara əsas olduğunu inandırıbsa, o zaman əhsən belə yaddaşa”.

E.Mehdiyev xatırlatdı ki, ermənilərin işğal etdikləri torpaqlardan dinc yolla çıxmaq fikirləri yoxdur:“Diplomatik gediş aprel əməliyyatının ermənilərin bu ərazilərə daimi nəzarət etməsinə xidmət edir. Və buna Azərbaycan razılıq verir. İnsidentləri araşdırma mexanizmlərinin yaradılması və Kasprşkin ofisinin genişlənməsi status-kvonun uzanmasına xidmət edir. O biri tərəfdən ermənilərin indi azad şəkildə işğal ərazilərində təlim keçmələri də Azərbaycan ordusunun aprel və ondan öncəki fəaliyyətləri ilə tərs mütənasibdir. Digər tərəfdən, ermənilərin Rusiyadan yeni silahlar alması və bütün silahlarını təmas xəttinə yığması da heç də torpaqların azad edilməsinin xeyrinə gedən gediş deyil. İşğal ərazilərində insidentləri araşdırmaq mexanizmlərinin yaradılması ermənilərdən gələn təklifdir və onlar bunu ən azı altı ildir diplomatik müstəviyə çıxarıblar və indi isə qəbul etdirirlər. Bu cür sazişə getmək dünyada işğalçı ilə analoqu olmayan hadisə kimi qiymətləndiriləcək. O zaman necə qarşı tərəfə işğalçı deyəcəksən? Çünki ikiniz də artıq bərabər statusda hərəkət edib insidentləri araşdırırsınız. Belə çıxır, bizim pessimist fikirlər həqiqətə çevrilir. Əgər hərbi uğuru siyasi rəhbərlik uğursuzluğa aparırsa, o zaman bu əməliyyatlar nəyə xidmət edir?”
Yada salaq ki, Kasprşikin fəaliyyəti barədə müəmmalarla dolu məlumatlar dolaşır. Bir müddət öncə ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov sensasion açıqlama vermişdi. O təklif etmişdi ki, Azərbaycan rəsmi şəkildə ATƏT-in Minsk Qrupuna yeni işğaldan azad etdiyimiz ərazilərdə monitorinqlərin aparılmasına qadağa qoymalıdır.
“Düşməndən azad olunan ərazilərin məlumatlarını ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ermənilərə ötürür” - ekspert bildirmişdi.
Onun sözlərinə görə, Azərbaycan indiki halda ATƏT-in Minsk Qrupunun həmin ərazilərdə monitorinq keçirməsinə icazə verməməlidir: “Monitorinqlərin aparılması təmas xəttinin dəyişməsi və digər məsələlərlə bağlıdır. Amma hələ ki Moskvada iki ölkənin Baş Qərargah rəislərinin imzaladığı sənədin hansı məqsəd daşıdığı açıqlanmayıb. Əgər bu yeni bir sənəddirsə, o zaman Bişkek protokolu qüvvədən düşmüş hesab olunur. Yox, sənəd yeni imzalanıbsa və Bişkekdə imzalanan protokolun təsdiqidirsə, o zaman bu protokol qüvvəsində qalır. Monitorinq tək cəbhə xəttinin dəyişməsi ilə bağlı deyil. Orada bir çox məsələlər var. Hesab edirəm ki, Azərbaycan indiki halda Minsk Qrupunun həmin ərazilərdə monitorinq keçirməsinə icazə verməməlidir”.
Hərbi ekspertin fikrincə, Anjey Kasprşik daha çox ermənilərlə işləyir və Azərbaycanın mövqeləri ilə bağlı məlumatları düşmən tərəfə ötürür. “Anjey Kasprşikin tez bir zamanda dəyişilməsi gündəmə gətirilməldir. Fəaliyyəti dövründə o, erməni maraqlarına xidmət edib və Azərbaycanın bütün məlumatlarını qarşı tərəfə ötürüb. Kasprşiklə 2001-ci ildə Ermənistana və işğal olunmuş ərazilərə səfər edən bir şəxs kimi deyə bilərəm ki, o daha çox erməni maraqlarına xidmət edir”, - deyə Cəfərov bildirmişdi. Ancaq Kasprşik əvəzində yeni səlahiyyətlər aldı və bundan sonra əraziləri kameralarla izləyəcək...
Cia.az
