Çeçenistan Respublikasının paytaxtında təhlükəsizlik məsələlərini kurasiya edən dünya dövlətlərinin nümayəndələrinin VII beynəlxalq görüşü keçirilir. Foruma dünyanın 70-dən çox ölkəsinin təmsilçiləri gəlib. Çeçenistan aşçısının və hökumətinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, tədbir iştirakçıları arasında təhlükəsizlik şuralarının katibləri, nazirlər, prezident köməkçiləri və milli təhlükəsizlik üzrə nazirlər, xüsusi xidmət orqanlarının rəhbərləri var.
Azərbaycanı konfransda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil edirlər.
Rusiya Təhlükəsizlik Şurasının nümayəndə heyətinə katib Nikolay Patruşev başçılıq edir.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva terrorla mübarizə yolunda ən sıx beynəlxalq qarşılıqlı əməkdaşlığa hazırdır.
TASS xəbər verir ki, bu barədə V.Putinin Groznı şəhərində keçirilən Təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 7-ci beynəlxalq görüş üçün açıqlamasında deyilir.
Rusiya dövlət başçısı bəyan edib ki, Kreml terrorizmlə mübarizədə bütün istiqamətlər üzrə - həm ikitərəfli, həm çoxtərəfli formatlarda əməkdaşlığa hazırdır.
V.Putin deyib ki, görüşdə 75 ölkənin və BMT-nin nümayəndə heyətinin iştirakı sübut edir ki, beynəlxalq içtimaiyyət partnyorluğun möhkəmlənməsi və qlobal təhdidlərə müqavimət yolunda mübarızədə ciddi yanaşma nümayiş etdirir.
İki gün ərzində forum iştirakçıları ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması, miqrasiya prosesləri, beynəlxalq informasiya təhlükəsizliyi sisteminin yaradılması məsələlərini müzakirə edəcəklər.
Təhlükəsizlik şuralarının nümayəndələrinin görüşləri çərçivəsində Nikolay Patruşev Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə də görüş keçirib.
Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həm də Azərbaycan Təhlükəsizlik Şurasının katibidir.
Ekspertlərə görə, tədbirdə əsas müzakirə məsələlərindən biri terrorizmə qarşı mübarizə ilə bağlıdır. Hazırda İŞİD terror təşkilatının tərkibində çoxsaylı çeçen vətəndaşlarının vuruşduğunu, bölgədə bunun ciddi təhlükələrinin olduğunu nəzərə alan ekspertlər səfərdə bu məsələnin də əsas müzakirə mövzularından biri olacağını düşünürlər.
Politoloq Qabil Hüseynli dedi ki, tədbirdə bölgədə terrorizmə qarşı mübarizə əsas müzakirə mövzusu olacaq: “Məlumdur ki, Şimali və Cənubi Qafqazda vəhhabizm geniş yayılıb. Digər tərəfdən, Azərbaycanda vəhhabizm və digər təhlükəli cərəyanları formalaşdıran insanlar adətən Çeçenistan, Dağıstan və digər ərazilərdən gəliblər. Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin bu məsələləri müzakirə edəcəyi gözləniləndir. Hazırda İŞİD-in sıralarında vuruşanların müəyyən qismi çeçen əsillidir. Onların içərisində hətta bəzi səhra komandirləri də var ki, İŞİD-in əsas vuran qolu hesab olunurlar. İŞİD-ə qarşı böyük əməliyyatlar hazırlanır. Təmizləmə əməliyyatından sonra onların sağ qalanları Cənubi Qafqaza, daha çox da Şimali Qafqaza qaçacaqlar. Onların içərisində əsas yeri çeçenlərin dağlıq əraziləri tutacaq. Bu səfərdə qaçan İŞİD-çilərin neytrallaşdırılmaları, təhlükəsizlik orqanlarının birgə fəaliyyəti olacaq”.
Cia.az
