|
Türkiyə ilə Avropa Birliyi gizli savaşda
Avropa Birliyi ilə Türkiyə arasında qaçqınlar mövzusundakı fikir ayrılığının ardınca indi də bu quruma üzvlük mövzusu müzakirələri aktuallaşıb. Gözlənildiyinin əksinə olaraq, AB və Türkiyə arasındakı viza anlaşmasından sonra Türkiyəyə qarşı münasibət daha da sərtləşib. 

Xatırladaq ki, AB-Türkiyə viza anlaşması ən son olaraq Türkiyədə terror əleyhinə qanunun dəyişdirilməsi tələbi ilə dalana dirənib. Türkiyə hökuməti terrorla mübarizə qanunlarının daha da sərtləşdirilməsini, terrorçularla birlikdə terrora dəstək verən şəxslərin də cəzalandırılmasını təklif edir. AB isə daha dəqiq terror tərifi tələb edir. 
 
Bu isə Ankarada sərt təpki ilə qarşılanıb, prezident Ərdoğan dolayısı ilə güzəştə getməyəcəklərinə, hətta anlaşmadan imtina edə biləcəklərinə işarə edib. Prezidentin müşaviri Yiğit Bulut isə Avropa Birliyi ilə gömrük anlaşmasını durdura biləcəklərini deyib. Bu da əslində həm də Ankaranın AB üzvlüyü ilə bağlı çox da ümidli olmadığını göstərir. 

Yeri gəlmişkən, bir qədər əvvəl Britaniyanın baş naziri Devid Kameron Türkiyənin birliyə üzvlüyünün doğuracağı “təhlükələrlə” bağlı iddialarına cavab olaraq “Türkiyənin 3000-ci ildə” AB üzvü olacağını deyib. 
 
Sitat: “Hazırkı sürətlə Türkiyənin üzvlüyü 3000-ci ildə reallaşar. Bunun gerçəkləşməsi ehtimalı belə onlarla il tələb edəcək və o zaman belə bizim ”yox" demək imkanımız olacaq. İngiltərə və hər hansı digər AB üzvü ölkənin üzvlüklə bağlı veto hüququ var".
 
BBC-nin məlumatına görə, Avropa Parlamentinin sədri Martin Şults da Türkiyənin Avropa dəyərlərindən “nəfəs kəsən bir sürətlə” uzaqlaşdığını və bunun üzvlük prosesini mümkünsüz hala gətirdiyini deyib. 
 
Məsələ burasındadır ki, son olaraq qaçqınlar və viza anlaşması mövzularının AB ilə Türkiyə arasında münasibətləri daha da istiləşdirəcəyi gözlənilsə də, əksinə oldu. Məlum olduğu kimi, hazırda Türkiyədə 2,7 milyon nəfər suriyalı qaçqın var. Bunların bir qismi Avropaya getməyə çalışır və bunun üçün müxtəlif yollardan istifadə edir. Avropa isə qaçaq miqrant axınının qarşısını almaq üçün Türkiyə ilə anlaşmaya gedərək 3 milyard avro yardım qarşılığında qaçqınların Yunanıstandan geri qaytarılması və qaytarılan sayda qaçqının seçməli olaraq Avropaya miqrasiyasına icazə verilməsi haqda müqavilə imzalanıb. Bunun qarşılığında isə AB Türkiyə vətəndaşlarına birliyə üzv ölkələrə vizasız səyahət hüququ tanıyacaqdı. Ancaq müqavilə imzalandıqdan sonra AB Türkiyədən viza şərti üçün 72 bənddən ibarət düzəliş tələb etdi, eyni zamanda 3 milyard avronun Türkiyə dövlət qurumlarına deyil, beynəlxalq təşkilatlar vasitəsilə xərclənəcəyini bəyan etdi. Bu isə Ankarada narazılıqla qarşılandı. 
Son olaraq görünən odur ki, viza məsələsində anlaşma dalana dirənib, pulu isə AB yalnız beynəlxalq qurumlar vasitəsilə ödəyir. Bundan az sonra Almaniyada bir komediya verilişi aparıcısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən şeir oxumasından sonra Ankara hərəkətə keçərək şeirin müəllifinə qarşı iddia qaldırdı. Bu hadisə Avropa mediasının Türkiyə hakimiyyətinə qarşı hücumuna səbəb oldu.  
 
 
İndi isə gərginlik ən üst səviyyədədir. Məsələ ondadır ki, hazırda Avropa Birliyi qaçqınlar mövzusuna görə Ankara ilə anlaşmaya getməyə məcburdur. Çünki Avropa liderləri Türkiyənin böyük sayda qaçqına ev sahibliyi etdiyini bilir. Əgər Türkiyə bu qaçqınların Avropaya keçidinə bir qədər imkan yaratsa, Avropa ölkələri ötən ilin sonlarında olduğu kimi çətin vəziyyətə düşə bilər. Lakin eyni zamanda proses, necə deyərlər, getdikcə açılmağa doğru gedir və bu səbəbdən də çox şeyləri artıq gizlətmək mümkün olmur. 
 
Bu prosesdə ən səmimi görünən Avropa mediasıdır. Maraqlıdır ki, Avropa liderləri daha ehtiyatlı, üstüörtülü danışsalar da, media daha açıq və kəskin şəkildə mövqe ortaya qoyur. Son olaraq Britaniyanın “Times” qəzeti baş yazısında Türkiyənin AB üzvlüyü prosesini “dəlilik” adlandırıb. BBC-nin məlumatına görə, qəzet ən yaxın zamanda üzvlük prosesinin dayandırılmasını təklif edib. 
 
 
Qəzet yazır ki, daha əvvəl Avropa Türkiyə hakimiyyətinə nümunə olaraq baxsa da, son illərdə vəziyyət dəyişib və Avropa artıq Türkiyəyə güvənmir. Ancaq bütün bunlara baxmayaraq, 1999-cu ildə start götürən Türkiyənin AB üzvlüyü prosesi davam edir. Qəzet yazır ki, Avropa artıq Türkiyədə islahatların davam edəcəyinə inanmır. Eyni zamanda məqalədə Türkiyə hakimiyyətinin Avropa ilə sərt dildə danışması üzvlük prosesini yaralayır. Məqalədə bu və digər məqamlar qeyd edilərək Avropanın səmimi olması və Türkiyənin üzvlük məsələsinə son qoymasını elan etməsi təklif olunur. Sitat: “Bu məsələnin açıqlanması lazımdır. Həqiqət budur ki, 75 milyon əhalisi olan (2050-ci ildə 91 milyon olacağı gözlənilir) Türkiyə Avropanın onu ”həzm etməsi" üçün çox böyükdür". 
 
 
Bu mənzərədən isə çox sadə bir sxem ortaya çıxır. Avropa Birliyi Türkiyə ilə yaxın qonşu olaraq əməkdaşlıq etmək istəyir, ancaq bunun üçün Türkiyənin AB standartları ilə bağlı şərtlərə riayət etməsini tələb edir. Türkiyə hakimiyyəti isə AB üzvlüyündə maraqlı olsa da, AB ilə qarşılıqlı güzəşt, daha doğrusu bərabərhüquqlu əməkdaşlıq prosesi istəyir. Bu isə Avropa tərəfindən qəbul edilə bilməz. Ancaq Türkiyəyə ehtiyacı olan Avropa ölkələri indi səmimi olmasalar da, görüntü xətrinə olsa da, üzvlük prosesinin davam etdirilməsini istəyirlər. Çünki qaçqın mövzusunda hazırda Avropa Türkiyəyə möhtacdır. Türkiyə hakimiyyəti isə görünən odur ki, Avropa Birliyi standartlarını qəbul etməyə hazır deyil, ancaq bununla belə, bütövlükdə prosesin dayanması Türkiyə dövlətinin maraqlarına cavab vermədiyi üçün sözdə belə olsa prosesin davamında maraqlıdır. 

Bu mənada görünən odur ki, yaxın zamanlarda AB üzvlüyü mövzusunda müsbətə doğru nəsə dəyişməyəcək, əksinə, qarşılıqlı tənqidlər, ittihamlar artacaq. 
musavat