|
“Parabank”ın həbs etdirdiyi adam türmədə öldü
“Parabank”ın iddiası əsasında həbs olunaraq məhkəməyə çəkilən Yaşar Mehdiyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında qəfildən  ölüb. Y.Mehdiyev bank rəsmilərinin iddiası əsasında 3 ay əvvəl həbs olunmuşdu.

Y.Mehdiyev  “Parabank”dan yarım milyon manata yaxın vəsaiti kredit şəklində almaqda və mənimsəməkdə ittiham olunurdu. Aznews.az yazır ki, mərhum mayın 23-də  Ağır Cinayətlərə Dair Məhkəmədə son söz deyəcəkmiş. Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl “Parabank”ın iddiası əsasında həbs olunan daha bir məhkumun Bakı İstintaq Təcridxanasında ölməsi ilə bağlı məlumat yayılmışdı.
 
“Parabank”la əlaqəli digər xəbər isə bank rəsmilərinin bir neçə il əvvəl dünyasını dəyişmiş Bakı sakini Vaqif İbrahimova ölümündən 1 il sonra kredit verilməsi(?!) ilə bağlıdır. 
Ölmüş şəxsin adına “Parabank”da kredit verilməsi ilə bağlı ortada olan bildiriş məktubunun araşdırılması üçün mərhum Vaqif İbrahimovun həyat yoldaşı Xəyalə İbrahimova hüquq-mühafizə orqanlarına müraciət edib.
 
X.İbrahimovanın vəkili Əziz Qənbərov “Yeni Müsavat”a bildirib ki, “Parabank” ASC bildiriş məktubunu texniki səhv kimi təqdim edir, amma kreditin təminatı kimi mərhumun mənzilini də ələ keçirməkdən vaz keçmir. “Vaqif İbrahimovun dünyasını dəyişəndən 1 il sonra krediti necə almasını izah etsinlər. Edə bilmirlərsə, əgər bu həqiqətən də bir səhvdirsə, onun mənzilini niyə kreditin təminatı kimi ələ keçirmək istəyirlər?”
 
Ə.Qənbərov deyib ki, məsələnin texniki səhv olub olmamasının araşdırılması hüquq-mühafizə orqanlarının işidir: “Bank rəsmiləri iddia edirlər ki, mərhum Vaqif İbrahimovun həyat yoldaşı ilə rəsmi nikahları yoxdur. Faktiki isə belə deyil. Vaqif İbrahimov Xəyala İbrahimova ilə 1997-ci il tarixdən rəsmi nikahları var. Bank rəsmisi deyirsə ki, şəxsin subaylıq arayışı var və kredit alınarkən digər sənədlərlə yanaşı bu sənəd də  banka təqdim olunub, deməli, bu məsələ də hüquq-mühafizə orqanları səviyyəsində araşdırılmalıdır”.
 
Qeyd edək ki, ötən saylarımızdan birində “’Parabank”’ 1 il əvvəl rəhmətə getmiş şəxsə krediti necə verib? - FOTOFAKT" sərlövhəli yazı dərc etmişdik. Bundan sonra bank rəsmiləri redaksiyamıza müraciət edərək mərhum V.İbrahimovun adına öləndən 13 ay sonra kredit verilməsini “texniki səhv”lə izah etmişdilər.
Cia.az