Dünya bazarında neftin proqnozlaşdırılan qiyməti ətrafında aparılan müzakirələr davam etməkdədir. Əksər ekspertlər neftin qiymətinin artmayacağını vurğulasalar da, bəziləri “qara qızıl”ın bahalaşacağını ehtimal edirlər. Son olaraq Azərbaycanın energetika naziri Natiq Əliyev ANS-ə müsahibəsində bildirib ki, dünya bazarında neftin qiyməti bu il ərzində 60 dollar/barel həddini keçməyəcək.
“Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq.
Amma bu il neftin qiyməti 60 dollar (bareli keçməyəcək. Çünki 60 dollar) bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək”,- deyə N.Əliyev qeyd edib (report). Nazir əlavə edib ki, bu il neftin qiymətinin kəskin surətdə artımı gözlənilmir. N.Əliyev 2017-ci ildə neftin qiymətinin daha 5-10 dollar bahalaşa biləcəyini hesab edir.
ABŞ-da neft qiymətlərinin OPEC üzvlərinin hasilatında artım və şist nefti istehsalının yaxşılaşmasına bağlı olaraq 2020-ci ilə qədər 50-60 dollar/barel intervalında qalmasını gözlədiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Goldman Sachs” şirkəti açıqlama yayaraq bildirib ki, şist nefti istehsalı qiymətlərin yüksəlməsini əngəlləyəcək: “Buna görə neftin qiymətinin 2020-ci ilə qədər 50-60 dollar/barel aralığında qalacağını düşünürük”. Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Birol isə neft qimyətlərində artım proqnozlaşdırır: “Cari ilin yanvar ayında neft qiymətləri 30 dollar ətrafında dəyişirdi, lakin hazırda 50 dollara yaxınlaşıb. Yəni vəziyyət bizim proqnozlaşdırdığımız kimidir”. Neftin bahalaşmasının səbəblərinə toxunan baş direktor bildirib: “Buna səbəb anbarlarda, xüsusən də ABŞ ”stock"larında neft ehtiyatlarının azalmasıdır. Başqa sözlə, bazarda olan neftin həcmi azalıb, tələb isə artıb. Bundan başqa, Kanadada neftlə zəngin olan ərazilərdə yanğının baş verməsi və Nigeriyada neft platformalarına terrorçuların silahlı hücumu nefti bahalaşdırır”. F.Birol qeyd edib ki, 2017-ci ildə neftin daha da bahalaşacağını proqnozlaşdırır: “Əlbəttə, bu, bir çox neft hasil edən ölkələr üçün yaxşı xəbərdir. Təbii ki, hazırkı qiymətlər bir çox ölkələr, məsələn, Rusiya üçün yetərli deyil. Lakin son 3-4 ay ərzində baş verən 20 dollarlıq bahalaşma onlar üçün yaxşı xəbərdir”.
Ekspert Qubad İbadoğlu isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, neftin qiyməti 2016-cı ildə kəskin bahalaşmayacaq, çünki bunun üçün səbəblər yoxdur: “Qiymətlər təbii ki, indiki səviyyədə qərarlaşacaq. Bu ətrafda qiymətdə müəyyən dəyişikliyi müşahidə etmək mümkündür, dəyişiklik qiymət azalması istiqamətində ola bilər. Proqnozlar var ki, neftin qiyməti yüz dollar, yaxud hətta iki yüz dollar ola bilər, bu fikirləri bölüşmürəm. Əsas da yoxdur. Neftin qiymətinin bahalaşması üçün siyasi əsaslar yarana bilər. Bir anda da baş verə bilər. Həm regiondakı vəziyyətin gərginləşməsi şərtləri dəyişə bilər. Amma istənilən halda digər şərtlər dəyişmir, indiki şərtlər daxilində neft 50-60 dollar ətrafında, o da ən yaxşı halda dəyişə bilər”.
Qeyd edək ki, Böyük Britaniyanın “Financial Times” qəzeti dünya bazarında neftin qiymətinin artıb-azalması barədə beş faktoru açıqlayıb. Birinci faktor ondan ibarətdir ki, Nigeriyada terrorçular neft mədənlərini və neft kəmərlərini dağıdıblar. Neft hasilatı 40 faiz aşağı enib. Xaricə neft ixracı isə minimum həddə çatıb. Venesuelada isə fövqəladə vəziyyət elan edilib. İkinci faktor Kanadada baş verən meşə yanğınlarıdır. Meşə yanğınları nəticəsində neftçilərin düşərgəsi tam məhv olub. Neft hasilatı və ixracı kəskin şəkildə aşağı düşüb. Üçüncü faktor odur ki, böyük neft ehtiyatlarına malik olan Səudiyyə Ərəbistanında neft hasilatı və ixracı maksimum artıb. Lakin yay fəslinin gəlməsi ilə əlaqədar ölkədə elektrik enerjisinə tələbat yüksək dərəcədə artıb. Dördüncü faktor ABŞ-ın Energetika Nazirliyinin proqnozu olub. Proqnoza görə, ABŞ neft hasilatını hər gün 9,4 milyon barel azaldıb. 2017-ci ildə isə neft hasilatı hər gün 8,2 milyon barel azaldılacaq. Beşinci faktor fond və birjalarla bağlıdır. 2016-cı ilin yanvar ayında neftin bir barelinin qiyməti 30 dollardan da aşağı düşmüşdü.
Küveytin neft naziri Anas əl-Saleh isə bildirib ki, 2016-cı ilin sonlarında dünya bazarında neftin qiyməti balanslaşdırılacaq və bir bareli 50 dollara satılacaq. Küveyt hökuməti rəsmiləri ilin 3-cü və 4-cü rüblərində neftin qiymətinin 50 dolları keçəcəyini söyləyib. Bunun səbəbi kimi neft xammalına olan tələb və təkliflərin tərəddüdlü qiymət dəyişməsini göstərilib.
“Bloomberg”in xəbərinə görə, Anas əl-Saleh qeyd edib ki, Küveyt hökuməti neft hasilatını artırmağa davam edəcək. Nazirin fikrincə, 2016-ci ilin sonuna kimi neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Nazir bazardakı “qara qızıl”ın qiymətlərindən razı olduğunu, bunun ölkəsi üçün əlverişli vəziyyət yaratdığını deyib. Qiymətin artmağına səbəb kimi Kanada, Liviya və Nigeriyada istehsalın azalması, bazarda isə neft ehtiyacının çoxalmasını göstərib.
cia,az
