Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının II fövqəladə qurultayında partiyaya yeni sədri seçilən yeganə namizəd, hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımın quracağı hökumətdən gözləntilər kifayət qədərdir. Xüsusilə də Türkiyənin olduqca çətin bir situasiya ilə üz-üzə olduğu bir dönəmdə yeni baş nazirin ölkəni haraya aparacağı barədə kifayət qədər suallar var.
Türkiyə mətbuatı artıq B.Yıldırımın Beştəpə sarayına gedərək yeni baş nazir kimi nazirlər kabinetinin yeni tərkibini prezidentə təqdim etdiyini yazır. “Narahat olmayın, 65-ci hökumət qısa müddət ərzində qurulacaq”- Yıldırım bəyan edib. B.Yıldırım dönəmində Rusiya-Türkiyə münasibətlərinin hansı məcrada inkişaf edəcəyi maraq doğurur. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bununla bağlı Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabbarov açıqlama verib.
Jurnalistlərin “Rusiya-Türkiyə problemlərinin yeni hökumətlə həll olunması mümkündürmü” sualına cavab verən Cabbarov deyib: “Təcrübə göstərir ki, Türkiyədə hökumətin dəyişməsi ilə heç bir dəyişiklik olmur. Türkiyə prezidenti Ərdoğan əvvəllər olduğu kimi, ölkədə prezident üsul-idarəsini möhkəmləndirməkdə qərarlıdır. Artıq hakimiyyətdən gedən Əhməd Davudoğlu bu plana qarşı çıxırdı. Türkiyə Konstitusiyasına görə, Binəli Yıldırımın yeni hökumət qurması və etibarlılıq səsi alması üçün önündə 1 həftəlik vaxt var. Yeni baş nazir Rəcəb Tayyip Ərdoğana yaxınlığı ilə tanınan şəxsdir. Buna görə onun Ərdoğanın qoyduğu qaydalarla hərəkət edəcəyi indidən bəllidir. Rusiya ilə Türkiyə arasında baş verən gərginlikdə isə Ərdoğanın daha da irəliləyərək münasibətləri pisləşdirdiyini bilirik. Vurulan təyyarəmizə görə nüfuzunu aşağı salmamaq üçün üzr istəmədi. Tam əksinə, bu müddətdə gərginliyi daha da artırdığını deyə bilərik. Beləliklə, Türkiyədə baş nazirin dəyişməsi ilə Rusiya-Türkiyə münasibətlərində dəyişiklik gözlənilmir”.
Bu arada yeni baş nazirlə bağlı Avropa Birliyindən reaksiya gəlib. Qeyd edək ki, ötən ilin sonlarında Avropa Birliyi ilə Türkiyə arasındakı danışıqlarda Ankaranı sabiq baş nazir Əhməd Davudoğlu təmsil etmişdi və anlaşmanı imzalamışdı. Davudoğlundan sonra qurumla əməkdaşlığın taleyinin necə olacağı ciddi maraq doğururdu.
“Biz AB-Türkiyə sammiti və 18 martda AB ilə Türkiyə arasında imzalanmış müqaviləyə uyğun olaraq, regional və beynəlxalq problemlərin birgə həllinin davam edəcəyinə ümid edirik”. Avropa.info xəbər verir ki, bu barədə Avropa Birliyi liderlərinin AKP-nin yeni lideri Binəli Yıldırıma ünvanlanan məktubunda deyilir. Məktub AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini və avrokomissar Yohannes Xan tərəfindən imzalanıb. “Yıldırımı Türkiyə hökumətinin formalaşdırılması üçün aldığı mandata görə təbrik edirik. Bu hadisə nəinki Türkiyə, həmçinin AB və Ankara arasındakı münasibətlər baxımından əhəmiyyətlidir” - məktubda belə deyilir.
B.Yıldırım hökumətinin Türkiyə iqtisadiyyatı üçün nə vəd etdiyi də gündəmin müzakirə mövzularındandır. Hesab olunur ki, alim, ideoloq statusunda olan Əhməd Davudoğlundan fərqli olaraq Binəli Yıldırım daha çox istehsalat adamı olduğundan fərqli kursun şahidi olacağıq. Hətta iddialar var ki, prezident Ərdoğan son seçimi ilə fikir adamına deyil, təcrübəli istehsalçı kadra önəm verdiyini nümayiş etdirdi. Bu seçim Türkiyəyə nə vəd edir?
Ümumiyyətlə, ölkə prezidentinə bağlı olan cənab Binəlinin baş nazirliyi nə qədər çəkə bilər?
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında köhnə və yeni baş nazirlə bağlı maraqlı fikirlər söylədi:“Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayını diqqətlə izləyənlər Əhməd Davudoğlunun niyə istefaya məcbur edildiyini, məncə, daha aydın başa düşdülər. Qurultaya başdan sona qədər Rəcəb Tayyib Ərdoğan faktoru öz damğasını vurdu. Partiyanın liderinin məhz Ərdoğan olduğunu, AKP-nin Ərdoğanın partiyası olduğunu istər qurultaya sədrlik edən Bəkir Bozdağ, istərsə də partiyanın yeni sədri Binali Yıldırım dəfələrlə vurğuladılar. Ərdoğanın müraciəti oxunarkən bütün salonun ayağa qalxması görünməmiş hadisə idi. Partiyaya lider deyil, prezident Ərdoğana köməkçi seçiləcəyi həqiqətini hamı dərk edirdi. Hiss olunurdu ki, başda Binəli Yıldırım olmaqla, hər kəs Əhməd Davudoğlunun aqibətindən dərs alıb və nəticə çıxarıb. Əslində Davudoğlu da Ərdoğana sadiq idi, prezidentə hər hansı sayğısızlığı olmamışdı. Yadınızdadırsa, Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra AKP-nin başına Abdulla Gülün gəlməsi məsələsi aktuallaşmışdı. Ərdoğan bunun reallaşacağı təqdirdə, partiyaya nəzarəti itirəcəyini düşünərək başqa bir yüksək profilli şəxs - xarici işlər naziri Əhməd Davudoğlunu bu posta seçdirərək Gül təhlükəsini neytrallaşdırmış oldu. Lakin Davudoğlu da öz mövqeyi və dəst-xətti olan, müəyyən qədər müstəqil fikirli şəxsiyyət idi”. Ş.Cəfərli qeyd etdi ki, Ə.Davudoğlu ətrafında yavaş-yavaş öz komandasını formalaşdırmağa başlamışdı. Belə bir baş nazir profili prezident Ərdoğanın görmək istədiyi profil deyildi: “Ona elə bir baş nazir və partiya lideri lazım idi ki, dövlət başçısına sözsüz itaət etsin, onun kölgəsindən çıxmağa çalışmasın. Nəticədə Davudoğlunun ambisiyaları Binəli Yıldırım seçimi ilə əngəllənmiş oldu”.
Politoloq hesab edir ki, B.Yıldırım prezidentin istədiyi rola uyğunlaşacaq “aşağı profilli” fiqurdur: “O, Ərdoğanın cızdığı çərçivədən kənara çıxmayacaq və müti icraçı kimi fəaliyyət göstərəcək. Başqa yolu da yoxdur, çünki azacıq yolundan sapması halında dərhal başqa bir icraçı ilə əvəzlənəcəyini yaxşı bilir. Əhməd Davudoğlunun zamanında AKP bütün enerjisini və gücünü Ərdoğanın əsas siyasi layihəsi olan prezident üsul-idarəsinin bərqərar olmasına yönəldə bilmirdi. Binəlı Yıldırımın dövründə isə, onun özünün də dediyi kimi, əsas diqqət məhz siyasi sistem dəyişikliyinə yönəldiləcək. Qarşıdakı aylarda yeni konstitusiya layihəsinin Böyük Millət Məclisinə təqdim olunacağı gözlənilir. Müxalifətin zəiflədiyi, öz içərisində ciddi problemlər yaşadığı bir dövrdə Ərdoğanın öz məqsədlərinə çatması elə də çətin görünmür”.
cia.az
