|
Ekspert: “Sərkisyanın kadr islahatları işğalçı ordunun güclənməsinə gətirməyəcək”
Aprel ayında Qarabağda baş verən 4 günlük müharibə Ermənistanın ordusu ilə bərabər, iqtidarını da möhkəm silkələyib. Bunun nəticəsi olaraq prezident Serj Sərkisyan  orduda artıq ikinci kadr dəyişikliyi ilə bağlı fərman imzalayıb. 

Fərmana görə, Baş Qərargah rəisinin müavini Movses Akopyan işdən çıxarılıb və o,  müdafiə nazirinin müavini təyin edilib. Movses Akopyan eyni zamanda  nazirliyin maddi-texniki təminat departamentinin rəhbəri vəzifəsini də yerinə yetirəcək. Aprelin 26-da isə Sərkisyan silahlı qüvvələrdə bir neçə yüksək rütbəli hərbçini vəzifəsindən azad etmişdi. Belə ki, onun əmri ilə Ermənistanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad edilmişdi. 

Bəs, Sərkisyanın kadr islahatları işğalçı ordunun yenidən qurulması və güclənməsinə gətirə bilərmi? 

Məsələ ilə bağlı “Yeni Müsavat”a politoloq Qabil Hüseynli danışıb. O bildirib ki, Müdafiə Nazirliyində böyük dəyişikliklər olsa da  bu, ordunun uğuruna təsir edən faktor deyil: “Ordunun uğuru ciddi texniki təchizatdan, fasiləsiz keçirilən hərbi təlimlərdən və şəxsi heyətin  yüksək ruhi və psixoloji hazırlığından asılıdır. İnanmıram ki, ermənilər bu cür iqtisadi tənəzzül şəraitində, qısa müddətdə ordudakı maddi təchizat qıtlığını ardan qaldırıb, müasir ordu qura bilsinlər. Buna onların nə maddi imkanı, nə də zamanları var. Eyni zamanda hər zaman  Rusiyadan asılı olan ermənilərin müasir ordu yaratması kifayət qədər perspektivli görünmür. Onların Azərbaycanla qarşı-qarşıya durması üçün ən azından 300-350 minlik ordularının olması lazımdır.  Onlar isə qeyd etdiyim sayda canlı qüvvəni hərbi səfərbərliyə çağıra bilmirlər. Çünki ölkədə əhali yoxdur. Doğrudur, əlavə səfərbərlik elan edilib və buna uyğun olaraq  46 yaşına qədər olan şəxsləri orduya alırlar. Lakin bu faktın özü də onları xilas etməyəcək. Çünki həmin şəxslər kifayət qədər yaşlıdır və döyüş qabiliyyətlərini itiriblər. İndiki şəraitdə qeyd etdiyim kimi hər şey hərbi-texniki göstəricilər və taktiki əməliyyatların hazırlanması, həyata keçirilməsindən asılıdır ki, bu sahədə də erməni ordusu ciddi şəkildə axsayır”.
 
 
Politoloq bildirib ki,  Ermənistanda əhali arasında da ciddi narahatlıq var: “Qarabağ erməniləri ilə Ermənistan əhalisi arasında ciddi problemlər yaşanır. Eyni zamanda ölkənin  içərisində müharibə əleyhinə əhval-ruhiyyə də  formalaşıb. Adamlar bu müharibədən cana doyublar və normal yaşamaq istəyirlər. Aprel ayındakı hadisələr göstərdi ki, yeni müharibə olacağı təqdirdə bu, sıravi  əhaliyə çox ciddi zərbə vuracaq və onları yerlərindən məhrum edəcək. Bu qorxu içərisində əhalinin müəyyən qismi antimüharibə əhvalındadırlar”.

Ekspertə görə,  hazırda texnika o qədər inkişaf edib ki, texniki kəşfiyyat qüvvələri insan faktorunu əvəzləməyə qadirdir: “İnanmıram ki, Ermənistan Azərbaycan səviyyəsində xüsusi təyinatlılar, kəşfiyyatçılar hazırlamağa qadir olsun. Azərbaycanda  bu işlə uzun müddətdir ki, çox yüksək təcrübəli kadrlar məşğul olurlar. Peşəkar xüsusi təyinatlının hazırlanması üçün minimum 2 il zaman lazımdır. Ermənilərin isə bu qədər vaxtı yoxdur. Azərbaycan onlara bu qədər zaman verməyəcək. Belə olan təqdirdə onların iki yolu var: ya sülh danışıqlarında ciddi kompromislərə hazır olmalıdırlar ya da  yeni müharibə onların başları üzərini alacaq.  Azərbaycan tərəfi haqq uğrunda, öz torpaqlarını azad etmək üçün mübarizə aparır. Ermənilər isə bizim torpaqlarımıza qəsd edən tərəfdir. Bu amillər də böyük əhəmiyyətə malikdir. Misal üçün, aprel müharibəsində erməni  ordusunun içərisində belə əhval yaranmışdı ki, müharibə Sərkisyana lazımdır. Azərbaycan ordusu isə müharibəni davam etdirmək, işğal altındakı torpaqlarımızı azad etmək əhvalında idi. Bunun özü müharibənin taleyi üçün böyük amillərdən biridir. Buna  görə də Ermənistan iqtidarı hansı dəyişikliklərə əl atsa da, gözlənilən səmərə əldə olunmayacaq. Ölkənin iqtisadiyyatı dağılıb, maliyyə ehtiyatları sıfır dərəcəsindədir. İanə ilə nə ordu qurmaq olar, nə də qarşıya qoyulan məqsədlərə çatmaq”.
Cia.az