İyunun 1-dən etibarən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar. Prezident İlham Əliyev bununla bağlı Cinayət Məcəlləsində edilən dəyişiklikləri təsdiqləyib.
Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əvvəllər vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq 20.000 manat olub. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu da həmin məbləğə qədər olan əməllərin dekiriminallaşdırılması deməkdir.
Başqa bir dəyişikliyə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad ediləcək. Bu dəyişiklik nəticəsində ümumilikdə 24 maddədə sahibkarların məsuliyyəti yüngülləşdirilir. İqtisadi amnistiya cəmiyyətdə müsbət qarşılanıb.
İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, iqtisadi amnistiyanın verilməsi müsbət haldır: “Biz əvvəllər də müsahibələrimizdə iqtisadi amnistiyanın verilməsini vurğulamışdıq. Xüsusən vergidən yayınma ilə bağlı hallara 1000 manatdan artıq məbləğə görə cinayət işinin açılması arzuolunan deyildi. Xüsusən də sahibkarların fəaliyyətinə mənfi təsir göstərirdi. Faktiki olaraq, çox kiçik məbləğə görə cinayət işi açılırdı. Bu məbləğin 20 min manatadək artırılması müsbət haldır. Bu artıq imkan verəcək ki, 20 min manatadək vergidən yayınma halları inzibati iş olaraq aparılsın və cinayət işi açılmasın. Bu qərar sahibkarlıq subyektinin fəaliyyətinin müvəqqəti olaraq dayanmasının qarşısını alacaq. İnzibati iş olduğuna görə, bu sahibkarın fəaliyyətinə təzyiqlərin azalmasına gətirib çıxaracaq. Bu baxımdan məbləğin 20 dəfə artırılması müsbət haldır. Bundan sonra da məbləğin mərhələli şəkildə artırılması gündəmə gətirilməlidir”.
İqtisadçının sözlərinə görə, əhəmiyyətli məqamlardan biri də sahibkarlıq fəaliyyətinə edilən güzəştlərlə bağlıdır: “Əvvəllər obyektin dövriyyəsini gizlətməklə bağlı yüksək cərimələr və həbs də mümkün idi. İndiki halda bu qaydalar kifayət qədər yüngülləşdi. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs əldə etdiyi gəliri dövlətə ödəyirsə, bu artıq imkan verəcək ki, o şəxsi məsuliyyətdən azad etmək mümkün olsun. Bu həm də qanunsuz sahibkarlığın leqallaşdırılması baxımından mühümdür. Praktika da göstərir ki, inzibati yollarla qanunsuz sahibkarlığı leqallaşdırmaq mümkün deyil. Əksinə, inzibati metodlar qanunsuz sahibkarlıq fəaliyyətinin dayandırılmasına gətirib çıxarırdı. İndiki qanun isə imkan verir ki, belə bir hal aşkarlandıqda, o sahibkar dəymiş ziyanı ödəməklə həmin fəaliyyətinə davam edə bilsin və obyektini leqallaşdırsın. İqtisadi amnistiyanın verilməsi bütövlükdə postneft dövründə ciddi bir yumşalma kimi qiymətləndirilir. Bundan sonra isə sahibkarlıq fəaliyyətinə müdaxilələrin azalması gözlənilir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bu islahatların davamı kimi maliyyə amnistiyasının verilməsini də vacib hesab edir: “Maliyyə amnistiyası gec-tez həyata keçirilməlidir. Sadəcə, maliyyə amnistiyasının keçirilməsi bir çox şərtləri özündə ehtiva edir. Yəni maliyyə amnistiyasının köklü sistem dəyişikliklərinə ehtiyacı var ki, atılan addımlar əks effekt verməsin. Söhbət şəxslərin yox, sistemin dəyişməsindən gedir. Maliyyə amnistiyası müstəqillikdən bu yana hər hansı yolla vəsait əldə etmiş insanların pulun bir hissəsini dövlətə keçirməklə, bir hissəsinin isə vergisini ödəməklə leqallaşmasından gedir. Azərbaycan kimi ölkələr üçün bu, çox önəmlidir. Ancaq söhbət hansı yolla pul qazanmasından asılı olmayaraq hamının bağışlanmasından getmir. Bu ancaq o zaman effekt verə bilər ki, Azərbaycan bir formatdan digər formata keçsin. Ümid edirəm ki, hökumət bu yolla gedəcək”.
Cia.az
