|
Azərbaycan ABŞ-ın İllinoys ştatında keçirilən Skoki Mədəniyyətlər Festivalında təmsil olunub

Mayın 21-22-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin Skoki qəsəbəsində beynəlxalq mədəniyyət festivalı keçirilir. Skoki Mədəniyyətlər Festivalı adlanan bu mötəbər tədbirdə 40-dək ölkə təmsil olunur.

1990-ci ildə fərqli mədəniyyətlərin və etnik müxtəlifliyin tanıtımı layihəsi çərçivəsində Skoki İctimai Əlaqələr Komitəsi, Skoki Parkları İdarəetmə Departamenti, Skoki Rotorakt Klubu, Skoki Qəsəbə Administrasiyası və Skoki İctimai Kitabxanası tərəfindən təsis edilmiş və hər il keçirilən bu festivalı 30 minə yaxın insan ziyarət edir.

Hər il olduğu kimi, Çikaqo şəhərinin Azərbaycan icmasının fəalları Skoki Festivalında Azərbaycanı bu il də layiqincə təmsil edir. Burada qurulan Azərbaycan stendində tariximiz, mədəniyyətimizlə bağlı eksponatlar, milli geyimlərimiz, xalçalarımız, musiqi alətlərimiz, kəlağayılar, habelə ölkəmizin mədəniyyətinə, xalçaçılıq sənətinə dair kitablar nümayiş etdirilir.

Festivalın təntənəli açılış mərasimindən sonra ölkələrin təqdimatı olub. Çıxış edən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Mehriban Məmmədova ABŞ və Azərbaycan mədəniyyət əlaqələri haqqında söz açıb, İllinoys ştatında Azərbaycanla bağlı dolğun məlumatın yayılmasının vacibliyini qeyd edib. O, həmçinin festivalda Azərbaycanın təmsil olunmasına dair səylərini əsirgəməyən icma üzvlərinə təşəkkürünü bildirib.

Daha sonra iştirakçı ölkələr konsert proqramı ilə çıxış ediblər.

Azərbaycan icmasının təşkil etdiyi stend iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Cia.az