Mayın 21-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzey gecəsi” keçirilib.
Tədbirin iştirakçıları muzeyin birinci, ikinci və üçüncü mərtəbələrində Azərbaycanın qədim mədəniyyət nümunələri - xalçalar, dulusçuluq, məişət avadanlığı, musiqi alətləri və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Mədəniyyət muzeyinin nəzdindəki xalçaçılıq və rəssamlıq bölmələrinin şagirdləri bacarıqlarını nümayiş etdiriblər.
Tbilisidəki “Ceyran” rəqs qrupunun üzvləri, aşıq Nargilə Mehdiyeva, Abşeron rayonu Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi konsert proqramı ilə çıxış ediblər.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili jurnalistlərə deyib ki, Gürcüstanda Beynəlxalq Muzeylər Günü geniş qeyd olunub: “M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində ilk dəfə belə bir tədbirin təşkilini yüksək qiymətləndiririk. Bu cür tədbirlər daha çox təşkil olunmalıdır. Burada Azərbaycan mədəniyyətinin incilərini, uşaq və gənclərin xalçaçılıq, rəsm, rəqs və musiqi sahələrindəki qabiliyyətlərini görməkdən məmnunuq”.
Nazir müavini vurğulayıb ki, bu cür tədbirlər xalqların mədəniyyətinin təbliği ilə yanaşı, mədəni əlaqələrin inkişafında da mühüm rol oynayır.
“Muzey gecəsi”ndə Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cia.az
