2016-cı ilin üç ayı ərzində əhaliyə 20,8 milyon manat məbləğində müavinət ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 5,9 min nəfər bir yaşadək uşağa görə 5,7 min ailəyə və beşdən çox uşağı olan 3,1 min qadına 9 min uşaq üçün sosial müavinət verilib. Bir sözlə, Azərbaycanda 5-dən çox uşağı olan 3 min qadına müavinət ödənilib.
Rəqəmdən də göründüyü kimi, Azərbaycanda 5 və artıq uşağı olan qadınların sayı 3 min nəfərdən çox deyil. Halbuki əvvəllər, daha dəqiqi, sovet dönəmində bu rəqəm qat-qat yuxarı idi. Bəlkə də o dövrdə çoxuşaqlı ailələrin sayının çox olmasına səbəbi çox uşaqlılığın hər mənada dəstəklənməsi, stimullaşdırılması və əlavə güzəştlərin verilməsində idi. Məsələn, belə ailələrə avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilirdi. Həmçinin onlara “Qəhrəman ana” adı verilməklə yanaşı, müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdı.
Vaxtilə Azərbaycan hətta keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə ön sıralarda olub. İndi isə hər bir Azərbaycan ailəsində maksimum 3 uşaq var. Bir çox ailələrin 1 və ya 2 uşaqla kifayətlənməsinin səbəbi sosial vəziyyətlə əlaqələndirilir. Halbuki sovet dövründə sosial problemlər indikindən heç də az olmayıb. Bəs ailələrdə az uşaqlılığın gerçək səbəbi nədir?
Sosioloq Əhməd Qəşəmoğlu sosial-iqtisadi problemlərin məsələdə həlledici rol oynamadığını düşünür:“Bu, dünyanın hər yerində müşahidə olunan bir prosesdir. Harada ki, cəmiyyətin sosiallaşması yüksək səviyyədədir, əhali arasında təhsil sistemi yüksək inkişaf edib, orada ailələrdə uşaqların sayı azdır. Yəni bu, təkcə Azərbaycana aid deyil. Mənim özümün uşaqlığımda yadıma gəlir ki, hər ay dövlət qəzetində bir səhifə qəhrəman anaların siyahısı çıxırdı. O vaxt 10-dan çox uşaqlı analara ”Qəhrəman ana" deyilirdi. Bu vəziyyət ölkədə əlavə sosiallaşma dərəcəsi və mənəvi problemlərlə çox bağlıdır. İndi bəzi qərb ölkələrində Şərqdə əhalinin artması yaxşı qarşılanmır və bunun qarşısını almaq üçün müxtəlif yollar axtarırlar. Bu yollardan biri də müharibədir. Məsələn, Əfqanıstanın başına bomba töksələr də, orada uşaq artımı yenə yüksək səviyyədə qalır. Yəni çətinlik, sosial, iqtisadi problemlər müəyyən rol oynayır. Bu hal dünyanın bütün inkişaf etmiş ölkələrinə xasdır. Azərbaycanda hələ ki qorxulu vəziyyət yaranmayıb, əhalinin ildən-ilə azalması prosesi yoxdur, artma müşahidə olunur. Ona görə də Azərbaycanda həyəcan təbili çalmağa ehtiyac yoxdur. Fikrimə, Azərbaycanda təkcə uşaqların sayına görə ailəyə kömək etmək düzgün deyil. Çünki ola bilsin, bir ailə geniş imkanlı ailədir, orada 5-7 uşaq var və problemsizdir. Elə ailə də ola bilər ki, orada 3-4 uşaq ola bilər və hədsiz dərəcədə çətinlik içərisində olar. Həmin o müavinətlərin bir az siyasətini dəyişməyə ehtiyac var. Mən sovet dövründəki kimi sırf uşaqların sayına görə müavinət verməyin də tərəfdarı deyiləm. Ailənin maddi durumuna uyğun olaraq müavinət olmalıdır".

Ə.Qəşəmoğlu bir ailədə 3 uşağın olmasının normal olduğunu dedi: “1994-cü ildə təklif etdiyim ailə modeli var idi. Bir ailədə 3 uşağın olması normaldır. Ailədə tək uşaq olanda ailədə tay-tuşu olmadığı üçün böyüklərin əhatəsində olur. Onda da o, uşaq mühiti görmədən böyüyür və buna görə də eqoist olur. Bundan başqa, ailədə bir uşaq əhali artımının geri getməsi deməkdir. Ailədə iki uşaq olanda da problemlər yaranır. Çünki uşaqlar bir-biri ilə münaqişədə olur, bütün günü dalaşırlar. Buna görə də uşaqlarda münaqişəyə bir kompleks yaranır ki, daim münaqişədə olsunlar. 3 uşaq olanda isə evdə artıq uşaq cəmiyyəti, kollektivi olur. Bu, həm uşaqların normal böyüməsinə kömək edir, həm də əhali artımını normal tənzimləyir. Bir ailədə 3 uşaq olduğu halda başqa bir ailədə 1 uşaq var və elə ailə də var ki, orada heç uşaq yoxdur. Ona görə də Azərbaycan üçün ən məqsədəuyğun hal odur ki, elə bir şərait yaratmaq lazımdır ki, ailələrdə 3 uşaq olsun. Buna həvəsləndirmək istiqamətində iş getməli idi. Təəssüf ki, bu müavinətləri hazırlayanda bunun fəlsəfəsinə, elminə o qədər əhəmiyyət vermirlər. Haradansa nəsə götürüb kiməsə xoş gəlmək üçün tətbiq edirlər. Elmi əsasla formalaşmır bu siyasət. 3 uşaq olmağın üstün cəhəti həm də ondadır ki, bir uşaq qəza nəticəsində ölə bilər, ailə tamam uşaqsız qala bilər. Amma 3 uşaq olanda yaxşıdır. Ona görə də bu istiqamətdə boşluqlar var”.
cia.az
