|
İcbari tibbi sığortanın tətbiqi mümkün olacaqmı?
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) Agentliyi jurnalistlər üçün “İcbari tibbi sığortanın tətbiqi üzrə media nümayəndələrinin biliklərinin artırılması” mövzusunda təlim keçirib.

Musavat.com-un məlumatına görə, təlimdə agentliyin fəaliyyəti və gələcək planlar barədə ətraflı məlumat verilib.
 
Agentliyin direktoru Zaur Əliyev çıxışında ölkədə tibbi sığortanın pilot layihəsinin tətbiqinə nə zaman başlanacağı haqda məlumat verib: “Cənab prezident tərəfindən də verilən göstəriş budur ki, bizim qurduğumuz model vətəndaşların maraqlarına xidmət etməlidir. Uzun illər bu məsələ müzakirə olunub, belə bir qurumun gec yaradılması məsələsi suallar doğurub. Bunun subyektiv və obyektiv səbəbləri də olubdur. Biz uğur qazanmaq istəyiriksə bundan sonra agentliyin gələcək fəaliyyətinə baxmalıyıq. 
 
Biz artıq gördüyümüz işləri yol xəritəsi halına gətirib çıxarmışıq. Aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb və yekunlaşdırılıb. Mayın sonu və ya iyun ayının əvvələrində ölkə rəhbərliyinə təqdim edəcəyik. Bu təsdiqləndikdən sonra bizim fəaliyyətimizi tam olaraq görə biləcəksiniz. Eyni zamanda pilot layihənin həyata keçirilməsi bu ilin sonuna nəzərdə tutulub. Cənab prezident bu barədə sərəncam verdikdən sonra ictimaiyyətə geniş məlumat çatdırılacaq. Pilot layihə 6-9 ay çəkəcək. Pilot layihə sayəsində biz səhvlərimizi və çatışmayan məqamları aydınlaşdıra biləcəyik".
 
Agentlik rəhbəri icbari tibbi sığortanın Azərbaycan üzrə tətbiqi ilə bağlı dəqiq vaxtın məlum olmadığını bildirir: “Bütün ölkələrdə tibbi sığortanın tətbiqinə nəzər yetirdikdə görmək mümkündür ki, bu proses çox mürəkkəb islahatlar və zaman tələb edir. Bütün nəzərdə tutulan işlərin nə zaman yekunlaşdırılacağı və tibbi sığortanın tətbiq ediləcəyi barədə hələ dəqiq vaxt açıqlamaq mümkün deyil. İlk öncə pilot layihəni həyata keçirmək lazımdır”.
 
Z.Əliyev icbari tibbi sığortanın tətbiqi zamanı hansı ölkə modelinin tətbiq ediləcəyindən də danışıb: “Bütün ölkələrin bir məqsədi var ki, universal təminata gəlib çatsınlar. Üniversal təminat xidmətlərin bütün vətəndaşlara tətbiq edilməsi, hər kəsin yararlanması və bütün xidmətlərin göstərilməsidir. Model də elə oradan yaranır. Onsuz da bizim məqsədimiz Türkiyə, Xorvatiya və s. ölkələrlə eynidir. Məsələn, İngiltərədə Milli Səhiyyə Xidmətidir. Həmin xidmət tam dövlət büdcəsindən maliyyələşir. Amma digər Avropa ölkələrində sosialyönümlü səhiyyə xidməti qurulub. Sosialyönümlü tibbi xidmət isə vətəndaşların həmin risklərin qarşısını almaq üçün öz vəsaitlərindən də vahid hovuza cəmləyirlər. Ən dayanıqlı sistem də elə budur. Bunun tətbiq olunduğu ölkələrə nəzər yetirsək görərik ki, həmin o hovuzda cəmləşən vəsaitlərin 80 faizi vətəndaşların, 20 faizi isə dövlətə aiddir. Biz də isə bu balans düzgün deyil və biz buna nail olmaq istəyirik. Amma o demək deyil ki, vətəndaşların cibindən böyük məbləğ çıxmalıdır. Sadəcə, vətəndaş ödədiyi vəsaitin qarşılığında daha geniş təminat qazanacaq. Bu çox mürəkkəb prosesdir və Azərbaycan üçün yenilikdir. Həm bizim üçün, həm də vətəndaşlar üçün yenilikdir. Ona görə də biz bura xarici ekspertləri cəlb etdik ki, bu işi daha düzgün quraq”.
 
Xatırladaq ki, Milli Məclis tərəfindən “İcbari tibbi sığorta haqqında” 1999-cu ildə qərar qəbul edilib. 8 il sonra, 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) Agentliyi yaradılıb. Agentliyə 2015-ci ildə direktor təyin edilib.
Cia.az