Azərbaycan son on il ərzində ABŞ Müdafiə Nazirliyindən 20 milyon dollar məbləğində hərbi yardım alıb. Bu barədə “Eurasianet” nüfuzlu mətbuat orqanında məqalə dərc olunub. Yazının müəllifi Çoşua Kuçera bildirir ki, Ermənistana bu müddət ərzində demək olar heç nə verilməyib.
Kuçera ABŞ-ın dövlət müəssisələrinin sənədlərini öyrənərək bu nəticəyə gəldiyini bildirir: “ABŞ Dövlət Departamenti iki ölkəyə yardım məsələsində daha çox ”paritet" siyasətinə riayət etdiyi halda, Müdafiə Nazirliyi tarazlığı saxlamaq məsələsində daha az həssaslıq göstərib. Bakı əsasən Pentaqonun iki proqramının köməyi ilə mənfəət əldə edə bilib - bunlar “1004 proqramı” və “bölmə 1206" proqramlarıdır. Onlara ABŞ Konqresi tərəfindən daha zəif nəzarət edilir və bu proqramlar cəmiyyət tərəfindən kəskin hesabat tələblərinə məruz qalmırlar”.
Kuçeranın sözlərinə görə, Azərbaycan 2005-ci ildən bəri narkotiklərlə mübarizə aparılmasına yardım edən “1004 proqramı”nın maliyyələşdirilməsi üçün 8,5 milyon dollar, “1206 bölməsi” proqramı çərçivəsində terrora qarşı mübarizəyə yardım üçün isə 11,5 milyon dollar vəsait alıb. Maraqlıdır ki, Ermənistan “1004" proqramı çərçivəsində cəmi 41 min dollar alıb. Azərbaycan üçün verilən pulların böyük hissəsi hərbi-dəniz qüvvələrinin dəstəklənməsinə yönəldilib. Bu barədə də məlumat verən müəllif bildirir ki, ABŞ Xəzər dənizinin enerji infrastukturunun müdafiəsində maraqlı tərəfdir.
Azərbaycan-Ermənistan arasındakı son aylarda davam edən gərginlik məqalənin böyük müzakirəsinə səbəb olub. Xüsusilə Azərbaycanla müqayisədə demək olar ki, Ermənistana ABŞ-ın yardım etməməsi ciddi suallar doğurub. Məqalədə bu məsələyə də aydınlıq gətirilərək, ABŞ Dövlət Departamentinin açıqlaması verilib. Rəsmi qurum bildirir ki, ABŞ-ın beynəlxalq terrorizmlə mübarizədə səylərini dəstəkləmək zəruridir və bu, Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün vacibdir.
20 milyon yardımın hərbi-dəniz qüvvələrinə ayrılması Azərbaycanda da müxtəlif fikirlərin yaranmasına səbəb olub. Ekspertlər bildirirlər ki, Amerika bu yolla Xəzəri hərbiləşdirmək istəyir. Başqa bir əsas fikirdə ABŞ-Ermənistan münasibətləri ilə bağlıdır. Bundan sonra hər iki ölkə arasındakı əlaqələrin pisləşə biləcəyi ehtimal olunur. ABŞ-ın Ermənistanın havadarı olan Rusiyaya görə təcavüzkar ölkəyə yardımı azaltması ilə da bağlı fikirlər var.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ Azərbaycanın strateji tərəfdaşıdır: “Amerika Azərbaycanın inkişafında və sabitliyində maraqlıdır. Bu baxımdan Azərbaycana ABŞ kiçik həcmdə hərbi yardımlar ayırıb. Böyük həcmdə yardımlar üçün Konqresin qərarları olmalıdır. Yardımlar Azərbaycanın müdafiə qabiliyyətini gücləndirib, üçüncü dövlətə qarşı ölkəmizi qoymaq üçün edilməyib. Rusiyanın bundan narahatçılıq keçirdiyi istisna olunmur. Söhbət burada müasir texnikadan getmir, kiçik tutumlu katerlərdən gedir. Bunların hamısı əslində müdafiə qabiliyyəti ilə bağlıdır. Hücum hədəfindən söhbət gedə bilməz. Azərbaycan onsuzda Xəzərdə müdafiə ilə bağlı avadanlıqlar istehsal etməyə başlayıb. Əslində 20 milyon kiçik bir rəqəmdir. Ona qalsa, Azərbaycan Rusiyadan 5 milyard dollar, o qədər məbləğdə də İsraildən silahlar alıb. 20 milyon az bir qisimdə hərbi geyimlərin, radarların puludur. ABŞ Azərbaycanın güclü dövlət olmasını, başqa dövlətlərin hədəfinə çevrilməməsini istəyirsə, sərhədlərin möhkəmləndirilməsində maraqlı olmalıdır. Bunun üçün etdiyi yardımı davam etdirməlidir. Söhbət silahlardan yox, texniki avadanlıqlardan gedir”.
Politoloq Amerikanın Ermənistana yardım edə bilməməsinin səbəblərini açıqladı: “Ermənistan Rusiyanın hərbi vassalıdır. Orada rus hərbi bazaları var. Təsəvvür etmək olmaz ki, rus hərbi bazaları olan bir ölkəyə Amerika yardım etsin. Əsas məsələ odur ki, sərhəddə rus hərbiçiləri var və ABŞ ora hərbi texnikasını yerləşdirə bilmir. Veriləcək hərbi avadanlıqlar rusların əlinə keçə bilər. Digər bir səbəb də ermənilərin dənizə çıxışların olmamasıdır”.
E.Şahinoğlu ABŞ-Ermənistan münasibətlərinə də toxundu: “Birinci Qarabağ savaşında faktiki informasiya blokadasına alınmışdıq. ABŞ və Amerika dövlətləri Ermənistana inanırdılar. Belə bir şəraitdə Azərbaycana qarşı qətnamədə ədalətsiz 907-ci düzəliş edildi. Amma indi üstündən 22 il keçib. Amerikaya məlumdur ki, Ermənistan Rusiyadan asılı dövlətdir. Hazırda dünyada Rusiyaya qarşı tənqidlər artıb. Buna səbəb də Krım, Cənubi Osetiya və Abxaziyada, son olaraq da, Suriyada gedən proseslərdir. Rusiyaya qarşı tənqidlər artırsa, onun müttəfiqlərinə də bu təsir edir. Azərbaycan bu amildən məharətlə istifadə etməlidir. Göstərilməlidir ki, bizdə sizin rəqibiniz olan Rusiyanın hərbi bazası yoxdur. Amma ABŞ-ın müəyyən ştatlarında ölkəmiz əleyhinə sənədlər hazırlanır. Bunu göz önünə gətirməliyik. Ermənistan isə Rusiyanın vassalı olduğu halda, bəzən onların maraqlarından Amerika istifadə edir. Amerikada ermənilərlə bağlı bəzi düşüncələr artıq var. Amma bəzi ştatlar erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər. Demək, təkcə rəsmi Vaşinqtonla deyil, bu ştatlarla da işləmək lazımdır. Əlimizə düşən amillərdən, xüsusilə Ermənistanda olan rus hərbi bazalarının ölkəmizdə olmamasından məharətlə istifadə etmək lazımdır”.
Cia.az
