|
“Azərbaycan işğalçıya və vasitəçilərə konkret vaxt verməlidir”
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov Qarabağ cəbhəsində aprelin əvvəlindəki dörd günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada apardıqları danışıqlardan sonra yaranmış durumu “Yeni Müsavat”a şərh edib.
E.Namazovun sözlərinə görə, Vyana görüşü vacib hadisə olub və o, bu danışıqlar barədə həm mediadan, həm də özünün başqa imkanlarından istifadə edərək beynəlxalq kanallar vasitəsilə də informasiya əldə edib: “Təbii ki, görüşə xüsusi rəng verən onun 4 günlük müharibədən sonra ilk görüş olması idi. 4 günlük müharibə diplomatik görüşlərə, beynəlxalq müşahidəçilərin mövqeyinə çox ciddi təsir göstərməli idi. Vyana görüşündən bir müddət əvvəl mən mətbuata açıqlamalarımda xüsusi qeyd edirdim ki, indi mümkün ssenarilərdən biri paket həll variantı, biri mərhələli həll, biri vəziyyətin dondurulması, biri isə müharibənin başlanmasıdır. Bu dörd variantdan reallıqda yalnız ikisi-mərhələli həll və müharibə variantı uzlaşır. Ya mərhələli planla sülh prosesi getməlidir, ya da genişmiqyaslı müharibə olmalıdır və problemi Azərbaycan ordusu həll etməlidir. Bu iki yol içərisində beynəlxalq vasitəçilər mərhələli həll planına üstünlük verərlər, nəinki müharibənin yenidən başlanmasına. Vyana görüşündə ən müsbət hal orada qəbul olunmuş həmsədrlərin bəyanatı yox, danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat qarşısına çıxıb ”yəqin prosesi mərhələli plan üzrə aparmalıyıq" deməsi oldu. Bu etiraf çox vacib idi. Ona görə ki, aprel döyüşlərinə qədər erməni tərəfi, ümumiyyətlə, mərhələli plan sözünü qəbul etmirdi. Nə vasitəçilər bu haqda danışırdı, nə də erməni tərəfi bunu qəbul edirdi. İndi isə Ermənistanın faktiki olaraq arxasında duran, ona himayədarlıq eləyən Rusiya öz xarici işlər nazirinin dili ilə deyir ki, son hadisələr göstərdi ki, mərhələli həll planı üzrə irəliləmək lazımdır".
E.Namazova görə, erməni tərəfi çalışır ki, həmin görüşdə cəbhə bölgəsində monitorinqin gücləndirməsi, ATƏT-in monitorinq missiyasının müasir çəkiliş avadanlıqları ilə təchiz olunması barədə qərar qəbuluna nail olsun: “Prosesin içində olan insanlar gözəl başa düşürlər ki, 22 ildir işğal olunmuş ərazilərdən çıxmayan bir dövlət bu yolla işğalı əbədiləşdirmək istəyir. Ona görə də hər bir monitorinqin gücləndirilməsi, hansısa insidentlərin araşdırılması kimi məsələlər danışıqlarda qaldırılanda Azərbaycan tərəfi xüsusi qeyd eləməlidir ki, bunlar hamısı o şərtlə mümkündür ki, sülh prosesi ilə sinxron həyata keçirilsin. Yəni sülh prosesi olacaqsa, atəşkəs də olmalıdır, monitorinq də keçirilməlidir, atəşkəs pozuntularını da araşdırmaq, pozuntuya yol verən tərəfi cəzalandırmaq da lazımdır. Əgər sülh prosesi olmayacaqsa, işğalçı tərəf Azərbaycan ərazilərindən çəkilməyəcəksə, insidentlər də artacaq, müharibə də qaçılmaz olacaq. Azərbaycan bəyan eləməlidir ki, real sülh prosesi olmadan atəşkəsə riayət eləmək mümkün deyil. Ona görə ki, məqsədimiz işğal olunmuş torpaqları azad etməkdir. Bu, sülh yolu ilə olsa, daha yaxşıdır. Ancaq Azərbaycan ordusunun apreldə keçirdiyi uğurlu əməliyyatlardan sonra dünya ictimaiyyəti başa düşür ki, əmr olsa, siyasi qərar verilsə, hərbi əməliyyatlarla torpaqlarımızı azad etməyə qadirik”.

“Danışıqlar prosesi əvvəlki kimi, heç bir nəticə vermədən illər uzunu davam edə bilərmi, bunun olmaması üçün Azərbaycan bəri başdan nə etməlidir” sualına E.Namazovun cavabı belə olub: “Prosesin əvvəlki kimi illərlə uzanması təhlükəsi var. Ermənistan və bəzi vasitəçilər məhz buna nail olmağa çalışır. Ancaq bir məqama diqqət yetirin. 4 günlük müharibə regionda güclərin balansının dəyişdiyini göstərib. Bu, bir-iki il ərzində baş verməyib. Bu, uzun illər davam edən prosesin nəticəsidir. Elə bir silah növü, elə bir qoşun növü yoxdur ki, Azərbaycan ordusu həm keyfiyyət, həm kəmiyyət baxımından Ermənistan ordusundan üstün olmasın. Hətta rus hərbi ekspertləri bunu açıq bəyan ediblər. Bu vəziyyəti dəyişmək üçün Ermənistan 10 il ərzində əhalisinin sayını 10 dəfə artırmalıdır, iqtisadiyyatını 10 dəfə gücləndirməlidir, ordusunun imkanlarını 10 dəfə artırmalıdır. Bunları Ermənistanın edə bilməsi mümkün deyil. Azərbaycan bu üstünlüyündən istifadə edib danışıqlarda diktə mövqeyində olmalıdır. Danışıqlarda konkret şərt qoymalıdır ki, bu ilin sonuna qədər ciddi irəliləyiş olmayacaqsa, mərhələli planla sülh prosesi başlanmayacaqsa, torpaqların azad olunmasına başlanmayacaqsa, Azərbaycan ordusunun genişmiqyaslı əməliyyatlara başlaması aktuallaşacaq”.
Cia.az