|
Latviyada “Muzeylər gecəsi” keçiriləcək

Mayın 21-də Latviyada on ikinci dəfə “Muzeylər gecəsi” tədbirləri keçiriləcək. Mədəniyyət Nazirliyinin Muzeylər şöbəsinin rəhbəri Yanis Qaryans jurnalistlərə bildirib ki, Riqada bu aksiyaya 44 muzey, ölkənin qalan ərazisində isə 100-dən artıq digər muzey qoşulacaq. Builki “Muzeylər gecəsi” “Qapılar” mövzusuna həsr ediləcək. Kandarda bir qədər dayanıb hansı qapını - sürpriz vəd edən, yoxsa bizdə qorxu hissi oyadan qapını açacağımızı müşahidə etmək təklif olunur.

“Muzeylər gecəsi”ndə cəmi 150 muzey iştirak edəcək. Bu, 2005-ci ildə belə bir aksiyanın başlanmasından bəri ən böyük göstəricidir. O vaxt bu aksiyada 54 muzey və digər təşkilat iştirak edib.

Y.Qaryans onu da əlavə edib ki, 2005-ci ildə keçirilmiş ilk “Muzeylər gecəsi” tədbirlərində 65 min ziyarətçi iştirak etdiyi halda 2007-ci ildən sonra onların sayı təxminən 200 min nəfərdir.

Cia.az