Varşavadan Londona səyahətə gələn 80 yaşlı ər-arvad səhər saat 5-ə qədər gecə klubunda rəqs edib. “The Evening Standard”in yazdığına görə, adı açıqlanmayan ər-arvad Polşa qəzetində Londonla bağlı maraqlı şəkillər görüb həvəsləniblər.
Britaniyanın paytaxtında yaşayan qızlarına qonaq gələndə isə klublardan birinə baş çəkməyə qərar veriblər. WetYourSelf gecə klubuna bilet alan ər-arvad saat 22.00-da içəri daxil olublar, səhər 5-də isə çıxıblar. Gecə klubunun diceyi Ceykob Hansen düşünüb ki, qoca qonaqlar bura təsadüfən gəliblər. Onun sözlərinə görə, cütlük ingilis dilində çətinliklə danışırmış: “Sonra mən düşündüm ki, onlar burdakılardan birinin qohumlarıdır. Amma girişdəki mühafizəçi dedi ki, onlar içəri girəndə bilet təqdim ediblər”.
Hansen içəridə polyak dilində danışan bir qonaq tapıb və onun vasitəsilə yaşlı cütlüyün axşam üçün biletləri internetdən aldığını öyrənib. Yaşlı turistlərin hekayəsindən təsirlənən DJ onları pulsuz taksi ilə evə yola salıb. Eyni zamanda bara və VİP sahəyə pulsuz giriş bileti verib. Onun sözlərinə görə, yaşlı təqaüdçülər gecə boyunca digər qonaqlarla birgə şənləniblər, rəqs ediblər.
Cia.az
