Aprelin əvvəlində Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdən sonra iki ölkənin prezidentlərinin görüşünə böyük ümidlə diqqət yönəldi. Ermənistan tərəfinin əvvəlcədən də etdiyi açıqlamaya görə, onların görüşdən əsas gözləntisi əsasən 1994-cü il atəşkəsinin möhkəmləndirilməsi idi.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov isə ANS-ə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq verib. Beynəlxalq əlaqələr şöbəsinin müdiri deyib ki, əsas odur bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və iyun ayında danışıqlar prosesi başlansın: “Atəşkəs bunun üçün vacibdir. Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir. Bunu nə qədər tez etsələr, onlar üçün də yaxşı olacaq. Vyana görüşündən sonra Rusiya XİN gələn ay münaqişənin yekun həlli ilə bağlı danışıqlar başlaycağından, bir daha güzəştdən danışıb”.
PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi ilə bağlı fikrə münasibəti belə olub: “Anjey Kasperşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk Qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik”.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Azərbaycanın Vyana görüşündə üzərinə rəsmi öhdəlik götürməməsi doğru addımdır: “Biz atəşkəsə riayət etməyi tələb edən heç bir sənədə imza atmamalıyıq. 1994-cü ildə Dağlıq Qarabağda və ümumən Azərbaycanda vəziyyət ağır idi, məcbur qalıb ermənilərlə Bişkəkdə atəşkəs sazişi imzaladıq. Ancaq torpaqlarımız illərlə işğal altında qaldıqca, Bişkək sazişinin əhəmiyyəti azaldı. Azərbaycan cəmiyyətinin və ordunun dözüm limiti bitib. Beynəlxalq vasitəçilər isə bizi yenidən 22 il əvvələ qaytararaq Bişkək sazişinə riayət etməyə çağırırlar, üstəgəl, təmas xəttində ATƏT-in monitorinq qrupunun üzvlərinin sayını artırmaq istəyirlər ki, hərbi insidentlər araşdırılsın. Buna da indiki halda razılaşmaq olmazdı. Vyanada vasitəçilərdən biri demədi ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mövzusu da müzakirə olunmalıdır. Əvəzində hamısı atəşkəsin qorunması vacibliyindən danışdılar. Başqa sözlə, bizə məsləhət görürlər ki, münaqişəni indi həll etmək mümkün deyil, ona görə ən azı atəşkəsə riayət etməlisiz. Əgər biz atəşkəsə riayət edəcəyiksə, insidentlərin araşdırılmasına yaşıl işıq yandıracağıqsa və bunun müqabilində Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaqsa, torpaqlarımızı necə azad edəcəyik? Torpaqlar işğaldan azad olunmadan insidentlərin araşdırılması Ermənistanın işğalçı maraqlarına xidmət edir”.
Cia.az
