|
Hüquq müdafiəçisi amnistiya təşəbbüsünü yüksək qiymətləndirir
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə təqdim olunmuş layihəsi cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. 
Mayın 20-də müzakirəyə çıxarılacaq layihə qəbul olunarsa, iyunun 15-də qüvvəyə minəcək. 10 min nəfər məhbusu əhatə edəcək amnistiya ilə 3500 məhkum azad olunacaq.  
Ekspertlər bu təşəbbüsün Azərbaycanla Qərb arasındakı münasibətləri daha da yaxşılaşdıracağını, eyni zamanda siyasi məhbus probleminin həllində müsbət töhfələr verəcəyini bildirirlər. Bununla yanaşı, Azərbaycan hakimiyyətinin amnistiyaya düşməyən siyasiləri ilin sonuna qədər tamamən azad edəcəyi barədə də xəbərlər var. 

Bu xəbərlərə hüquq müdafiəçisi Novella Cəfəroğlu mətbuata açıqlamasında münasibət bildirib: “Bu il Azərbaycanda bir nəfər də olsun siyasi məhbus qalmayacaq. Amnistiya aktına düşmüş məhbusların maddələri dəqiqləşdirilir. Əgər siyasi məhbusların maddəsi ilə eyni olarsa onda onlar da bu amnistiyaya düşə bilərlər. Amma mən sizə bildirmək istəyirəm ki, siyasi məhbuslar da yaxın aylarda azad olunacaq, bu ilin axırına kimi ölkədə bir siyasi məhbus da qalmayacaq”.
Politoloq Natiq Miri xanım deputatın təşəbbüsünü humanist addım adlandırdı: “Bunun humanist addımdan başqa dəyərləndirməsi yoxdur. Çünki hər bir insanı azadlığa qovuşdurmaq böyük dəyərdir. Bu insanları azad etmək, amnistiya təşəbbüsü ilə çıxış etmək humanistlikdən xəbər verir. İnsanlıq adına təqdirəlayiq addımdır. Bu cür addımların atılması insan haqları nöqteyi-nəzərindən Qərb tərəfindən rəğbətlə qarşılanır. Əminəm ki, bu o cür də dəyərləndiriləcək. Vicdan və siyasi məhbuslar da bu siyahıya düşsə, təbii ki, Azərbaycan-Qərb münasibətlərində irəliyə doğru atılmış daha bir müsbət addım olardı. Açığı, bu təşəbbüsü Qərbə verilən mesajdan çox, cəmiyyətə verilən mesaj kimi dəyərləndirirəm. Bu, həm də cəmiyyətə verilmiş barış mesajı olmalıdır. 
 
Məsələnin kökündə duran əsas amillərdən biri də budur. Hazırda ictimaiyyət arasında əsas müzakirə edilən məsələlərdən biri budur. Cəmiyyət arasında güclərin qarşı-qarşıya olması, siyasi mənada fikir ayrılıqları gələcək adına müsbət amil ola bilməz. Bu cür addımlarla hakimiyyət cəmiyyətə açıq barış mühiti verməlidir. Siyasi və vicdan məhbuslarını azad etməklə məsələni bitmiş hesab etmək olmaz. Siyasi və iqtisadi yöndə islahatlar proseslərin davamı ola bilər. Bu, Azərbaycan dövləti və cəmiyyətini daha da gücləndirərdi. Çünki hazırda Azərbaycan üzərində bir test aparılır. Aprel döyüşlərindən sonrakı proseslər bunu deməyə əsas verir və xoş gələcək vəd etmir. Belə addımlar atmaqla dövlət vətəndaşını qucaqlamalı və birliyi təmin etməlidir. 
 
Bu yolla insanların dövlətə və hakimiyyətə inamını yaratmaq olar. Hakimiyyət danışsa da, toplumda birlik zəifdir. Xalqın sözün həqiqi mənasında hakimiyyət və müxalifətə inamı yoxdur. Vətəndaşlara siyasi baxışlarına görə münasibət sərgilənməli deyil. Hər bir vətəndaş dövlət kimi əziz olmalıdır. Artıq Azərbaycanda bu zaman gəlib. Bundan sonra dövlət hər bir vətəndaşına sahib çıxmağı bacarmalıdır”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı amnistiya aktının özünün humanist akt olduğunu qeyd etdi:“Respublika Günü kimi əziz bayramımızda amnistiyanın verilməsi bizə iki qat sevinc olacaq. Mayın 20-də hansı maddələr üzrə amnistiyanın verilməsi Milli Məclisdə layihəyə baxılarkən məlum olacaq. Artıq bu ay bir çox məhbus ailəsi sevinə bilər. Amnistiya ilə siyahımızda olan məhbuslar da azad oluna bilərlər. Məndə böyük ümid var. Bu, həm özümüz, həm də Avropaya mesaj baxımından uğurlu addım olacaq. Necə olmasından asılı olmayaraq, çoxsaylı məhbusun azadlığı öz-özlüyündə  müsbət addım olacaq”.
Cia.az