ABŞ, Rusiya və Fransa xarici siyasət idarələri başçıları və ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutan prezidentlərin Vyana görüşü Qarabağ nizamlanmasına kövrək ümidlər yaradıb. Məhz kövrək ümidlər, çünki hələlik yalnız atəşkəs rejiminin möhkəmlənməsinə dair anlaşma əldə olunub. Belə bir anlaşmanın davamlı olması üçün problemin həllində real irəliləyiş vacibdir. Bundan ötrü isə öz növbəsində işğalçı Ermənistan zəbt elədiyi əraziləri boşaltmağa başlamalıdır.
Artıq hamı, ələlxüsus da münaqişənin dinc həll prosesinə cəlb olunmuş güclər anlayır ki, İrəvan yenə atəşkəsdən işğal rejimini uzatmaq üçün istifadəyə cəhd eləsə, o zaman müharibə həqiqətən qaçılmaz olacaq. O da aydındır ki, Azərbaycan təmas xəttində monitorinqin güclənməsi tədbirlərinə yalnız bir şərtlə razılıq verib - işğal rejimi sonsuzadək uzanmasın.
Apreldəki 4 günlük savaşdan sonra yəqin ki, indi bunu başa düşməyən yoxdur. Ayrı sözlə, Vyana görüşünün nəticəsi Ermənistanda eyforiya və arxayınçılıq yox, məhz məsuliyyət yaratmalıdır. Xüsusən qarşıdakı iyun ayı bu mənada kritik ay olacaq. Necə deyərlər, sülh, yoxsa müharibə seçimi yenə Ermənistana məxsusdur.
* * *
ATƏT-in hazırkı icraçı sədri kimi Almaniya da situasiyanın fərqindədir. Bunu ATƏT sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayerin münaqişənin nizamlanmasına dair verdiyi bəyanatdan da görmək olar. Bəyanatda deyilir: “Qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Mən son hadisələr zamanı baş verən insan itkilərinə görə çox təəssüf edirəm. Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram. Bu baxımdan mayın 16-da Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya, ABŞ və Fransadan olan həmkarlarımın - Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsünü alqışlayıram. Hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsin davam etməsinə dair razılaşmasına və eləcə də iyun ayında danışıqların yeni raundunun keçirilməsinə hazır olduqlarını ifadə etmələrinə görə çox şadam”.

Frank-Valter Ştaynmayer onu da qeyd edib ki, Almaniya 2016-cı ildə ATƏT-də sədrliyi dövründə Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə israrlıdır: “Biz insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq”.
“Apreldə təmas xəttində baş vermiş döyüş əməliyyatları münaqişənin dalandan çıxması üçün səylərin artırılmasının vacib olduğunu bir daha xatırlatdı. Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir”, - deyə Ştaynmayer vurğulayıb.
Bəs Almaniya ATƏT sədri olaraq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəkmi? Xatırladaq ki, az öncə rəsmi Berlin nizamlamaya dair 7 bəndlik təkliflər irəli sürmüşdü. Ancaq bir şey var ki, Almaniyanın imkanları məhdududur. Çünki o da Rusiya qədər münaqişə tərəflərinə təsir-təzyiq imkanlarına malik deyil.
* * *

“Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminin şərtlərinə əməl etməyə, etimadın möhkəmləndirilməsinə dair vacib tədbirlər görməyə və gələn ay hərtərəfli nizamlanma ilə nəticələnə biləcək danışıqların bərpa olunması ilə bağlı üzərlərinə öhdəliklər götürüblər”. Bunu isə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ənənəvi brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada keçirilən görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bölgədə yaşayan əhaliyə faydalı ola biləcək tədbirlər görmək üçün siyasi iradə nümayiş etdiriblər. Kirbi qeyd edib ki, ABŞ öz növbəsində, bununla bağlı onlara dəstək verməyə hazırdır. Dövlət Departamentinin rəsmi nümayəndəsi görüşün çox müsbət və düzgün istiqamətdə atılmış bir addım olduğunu qeyd edib: “İndi hər kəs sadiq olduğu öhdəliklərin icrası üzrə mürəkkəb işi həyata keçirməlidir”.
* * *

Vyana görüşü və ondan sonra Qarabağ danışıqlarının perspektivi analitiklər tərəfindən müxtəlif cür şərh edillməkdədir. Məsələn, rusiyalı politoloq, “Alte et Certe” Analitik Mərkəzinin rəhbəri Andrey Yepifanstev əmindir ki, əgər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yaxın vaxtlarda ikinci raundu keçirilməsə, təmas xəttində vəziyyət yenidən gərginləşəcək (APA).
Onun sözlərinə görə, prezidentlərin Vyana görüşünün keçirilməsi özü müsbət faktdır: “Nəzərə alaq ki, bir ay bundan qabaq qoşunların təmas xəttində gərginlik pik həddə idi. Ermənistan danışıqlar prosesindən, ümumiyyətlə, çıxdığını bəyan etmişdi. Bundan başqa, İrəvan danışıqlara başlamaq üçün ilkin şərtlər irəli sürmüşdü. Bu, Azərbaycan tərəfinin atəşkəs rejiminə əməl edəcəyinə zəmanət verməsi və digər şərtlərdən ibarət idi. Lakin göründüyü kimi, Ermənistanın irəli sürdüyü şərtlərin heç biri yerinə yetirilmədi və İrəvan da danışıqlar masasına oturdu”.
Rusiyalı ekspertin fikrincə, əgər danışıqlar prosesində real irəliləyişlər olmasa, real addımlar atılmasa, müharibə təhlükəsi yenidən gündəmə gələcək: “Ermənistanın mövqeyi münaqişə bölgəsində status-kvonu qoruyub saxlamaqdır ki, bu da münaqişənin həlli prosesi ilə bağlı danışıqları bəhrəsiz edir. Həmsədr ölkələr Azərbaycanı daim danışıqlar prosesində saxlamaq istəyirlər. Ona görə ki, Azərbaycan danışıqlar masasına oturanda, döyüşmür. O ki qaldı həmsədr ölkələrin tərəflərin güzəştlər tapmasına yardımçı olacağına, deyə bilərəm ki, danışıqlar prosesində güzəşt ilkin olaraq Ermənistanın işğal etdiyi rayonlardan bir neçəsini nəqliyyat blokadasının aradan qaldırılması müqabilində Azərbaycana qaytarması ola bilər. Hesab edirəm ki, həmsədr ölkələr Ermənistana bu addımı atmağa təzyiq etməlidir. Son 20 ildə Ermənistan status-kvonu saxlamaqla uğur əldə etdiyini düşünürdü. Lakin aprel hadisələri bunun əksini sübut elədi. Son 20 ildə Ermənistan hərbi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini gördü. Ona görə də hesab edirəm ki, hazırkı hərbi-siyasi vəziyyət Ermənistanın uzun illərdir tutduğu mövqedən əl çəkməsini mümkün edir. Bu zaman müəyyən imkan yaranacaq ki, kompromis əldə olunsun”.
***
Başqa bir tanınmış rusiyalı ekspert, tarixçi-alim Oleq Kuznetsov da hesab edir ki, nizamlama prosesində real irəliləyiş əldə olunmayınca təmas xəttində gərginlik və hərbi toqquşma riski aradan qalxmayacaq. “Vestnik Kavkaza” nəşrinə Vyana görüşünün nəticələrini şərh edən analitik görüşün nəticələri şişirtməməyi tövsiyə edib.
“Vyana danışıqları bundan öncəki analoji diplomatik sammitlərlə eyni cərgədə durur. Onların hamısı heç vaxt reallaşmayan xoşməramlı bəyanatlarla yekunlaşıb. Üstəlik, 20 ildir hər belə görüşdən sonra biz cəbhə xəttində növbəti hərbi aktivliyin artması hallarını müşahidə eləmişik. Elə Vyana görüşü günü hər tərəfdən bir əsgərin həlak olması da sübut edir ki, münaqişə zonasında gərginlik azalmayıb və nə qədər ki, tərəflər döyüşən tərəflər kimi qalır, çətin ki, bundan sonra da azalsın” - deyib rusiyalı ekspert.
Onun sözlərinə görə, təmas xəttində monitorinqin güclənməsi də gözlənilən effekti verməyəcək və gərginlik davam edəcək: “Müşahidə kameraları qismən kəşfiyyat-diversiya qruplarının, snayperlərin, ön xətdəki piyadaların fəaliyyətini çətinləşdirəcək. Ancaq bu, o demək deyil ki, artilleriya, zirehli texnika və pilotsuz uçan aparatlar, o cümlədən zərbə aparatları da öz hərəkətlərində məhdudiyyət hiss edəcək. Yəni müharibə üsulları daha məkrli və hiyləgər xarakter daşıyacaq və onlara texniki nəzarət olmayacaq. Yekun etibarilə Vyanada əldə olunan anlaşma münaqişəni dayandırmayacaq”.
Analitik bir daha vurğulayıb ki, danışıqlar stolu üzərinə atəşi dayandırmaq yox, müharibəni dayandırmaq şərtləri gəlməyincə situasiya dəyişməyəcək. “Ona görə də Dağlıq Qarabağ konfliktinə dair hərtərəfli sülh anlaşması nə qədər tez imzalansa, konfliktlə bağlı əsas məsələlər nə qədər tez yoluna qoyulsa, hər iki tərəfdən itkilər daha az olar və hərbi qarşıdurmadan dinc nizamlanmaya daha zəmanətli keçid baş verər” - ekspert əlavə edib.
Cia.az
