Dünya mətbuatı da, yerli media da tez-tez bu sayaq xəbərləri “sensasiya” kimi yayımlayır: filan məmur metroya mindi... Filan nazir avtobusla işə getdi. Velosipedlə hərəkət edənlər, sadə insanların oturduğu kafelərdə nahar edənlər, fast-food şəbəkələrindən nəsə alan məşhurlar... İnternet gün ərzində belə xəbərlərlə dolub-daşır. Bunu xüsusən də Qərb dünyasının məşhurları edirlər. Azərbaycana hələ ki bu ənənə gəlməyib. Zaman-zaman müğənni, ya da o qədər ciddi əhəmiyyət daşımayan personaların avtobusa minməsini nəzərə almasaq, ictimai nəqliyyat piarı demək olar ki, populyar deyil.
İmicmeykerlər hesab edirlər ki, xüsusən siyasət adamlarının ictimai nəqliyyatdan istifadə etmələri onların siyasi imici üçün əhəmiyyət daşıyır. Belə ki, xalqın içində olmaq, onun yaşantısını paylaşmaq ciddi xal qazandırır. “Xalqdan biri olduğunu” sübuta yetirmək üçün onun gündəlik həyatındakı atributlardan ən azı birindən istifadə etmək lazımdır. İctimai nəqliyyat da bunların sırasındadır...
Amma dünya siyasətində ictimai nəqliyyat istifadəçiləri olan siyasilər az deyil. Yəni onlar bunu medianın iştirakı ilə kampaniya şəklində etmirlər. Sadəcə həyat tərzləri budur və ictimai nəqliyyatdan istifadə edərkən jurnalistlərə “yaxalanırlar”. Bu günə qədər dünyanın bir çox tanınmış siyasətçiləri ictimai nəqliyyatdan istifadə edib, velosipedlə gəzintiyə çıxıb.
Şahzadə Çarlz həyat yoldaşı, Kornoul hersoginyası olan Kamilla ilə birgə metroya minib. Onlar bunu London metrosunun 150 illiyi münasibətilə edib. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili, Böyük Britaniyanın baş naziri Devid Kemeronun da adı ictimai nəqliyyat sərnişinləri arasındadır.
Nyu-York meri Bill de Blazio isə amerikalılara Ebolaya yoluxmaqla narahatlığa əsas olmadığını sübut etmək üçün metroya minib. Bir neçə il öncə mer Ebola virusuna həsr olunmuş mətbuat konfransında çıxış edib. O bildirib ki, amerikalıların narahatlıqları üçün əsas yoxdur.
“Ebolaya yoluxmaq kifayət qədər çətindir. Əgər siz yoluxmuş şəxslə eyni vaqonda gedir və ya yanaşı yaşayırsınızsa, yoluxma riski yoxdur”, - De Blazio bəyan edib.
2015-ci ilin yanvarında İran prezidenti Həsən Ruhaninin metrodan istifadə etməsi böyük maraqla qarşılandı. Xəbərdə bildirilirdi ki, Ruhani təmiz hava günü ilə əlaqədar şəxsi maşınından imtina edərək işə metro ilə gedib.
Hindistanda rəsmi səfərdə olan Fransa prezidenti də bir neçə il öncə Dehli metrosuna minib. Fotoları prezident Fransua Ollandı metro gəzintisində müşayiət edən Hindistanın baş naziri Narendra Modi tvitter hesabında paylaşıb.
Rusiya mətbuatında isə bununla bağlı maraqlı analizlər dərc edilib. Təhlillərdən belə məlum olur ki, ötən dövrlə müqayisədə son illər bu cür piar kampaniyaları ciddi reaksiyaya səbəb olmur. Belə ki, insanlar indi piara aldanmırlar. Hansısa məmurun büdcədən pul oğurlaması, maliyyə maxinasiyalarında adının hallanması faktları varsa, onun avtobusa minməsi və ya velosipedlə işə gəlib-getməsi situasiyadan çıxış yolu sayılmır. Çünki insanlar xüsusən də öz vergiləri hesabına formalaşan büdcədən yeyintiləri heç nəyə görə bağışlamırlar. Bu halda ictimaiyyət həmin şəxslərdən ancaq istefa tələb edir. Müğənnilərin ictimai nəqliyyatdan istifadəsi faktı isə siyasilərlə müqayisədə cəmiyyətin müzakirəsinə səbəb olmur. Çünki bunu şou-biznes dünyasının vazkeçilməz atributu hesab edirlər.
Cia.az
