Dollar kreditləri problemi bir ildən çoxdur ki, davam edir. Vaxtaşırı verilən təkliflər isə nəticəsiz qalıb. Ekspertlərin fikrincə, hökumət ciddi güzəştlər tətbiq etməlidir. Bu, bank sisteminin qorunması üçün də vacibdir. Əks halda, banklar da ciddi problemlər yaşayacaqlar. Son olaraq məsələ Milli Məclisdə də müzakirə edilib.
Deputatlar dollar kreditlərinin qaytarılmasında yaranmış problemləri yenidən gündəmə gətiriblər. Millət vəkili Fazil Mustafa bildirib ki, əhali kredit borcunu qaytarmaq üçün əlavə 1,6 milyard pul ödəməlidir: “Düzdür, banklar haqlıdır, öz pullarını tələb edirlər. Amma vətəndaşlar da narahatdır. Çünki vətəndaşlar devalvasiyaya hazır deyildilər. Uzun müddətdir ki, bu məsələ müzakirə olunur, ancaq bu istiqamətdə iş görüldüyünün şahidi ola bilmirik. Bankların 50 faizinin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problemləri var. Amma Mərkəzi Bank əsasən 4 banka dəstək verir. Halbuki ölkədə 37 bank var. İndi biz İnzibati Xətalar Məcəlləsində vəzifəli və hüquqi şəxslərlə bağlı müəyyən inzibati cəza tədbirləri tətbiq edirik.
Bu çox yaxşı haldır. Amma son günlər intiharların sayı artır, iş yerlərinin sayı azalır. Elə etməliyik ki, vətəndaşları acınacaqlı vəziyyətdən çıxara bilək. Kredit borclarının qanunvericilik səviyyəsində Milli Məclisdə müzakirəyə çıxarılmasına ehtiyac var. Baxın, suyun qiyməti artdı. İndi deyirlər ki, qazın və işığın da pulu qalxacaq. Belə olan halda, həmin insanların vəziyyəti daha da ağırlaşacaq. Dollar kreditlərinin necə ödəniləcəyi naməlum qalacaq”.
Deputat Vahid Əhmədov isə deyib ki, həmkarı Əli Məsimli ilə birlikdə 14 səhifəlik, 8 maddədən ibarət təkliflər paketini hazırlayıblar: “Bu təkliflər paketini müvafiq instansiyalara təqdim etmişik. Banklar kredit verməyi dayandırıblar. Ona görə də bu təkliflərin bank rəhbərləri ilə birgə müzakirəyə çıxarılmasına ehtiyac var”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, millət vəkillərinin təklifləri yaxın zamanlarda komitədə müzakirə olunacaq: “Bank rəhbərləri dəvət olunacaq. Çünki bu sektorda yaranmış vəziyyət dərindən araşdırılmalıdır”.
Sivil Toplum Platforması da dollar kreditləri üçün güzəşt mexanizmi təklif edib. Sənəddə bildirilir ki, dünya bazarlarında neftin ucuzlaşması ixracında neft və neft məhsullarının payı 90 faizdən çox olan Azərbaycan iqtisadiyyatını çətin sınaq qarşısında qoyub: “İl ərzində baş vermiş iki devalvasiyanın nəticəsi olaraq manat dəyərini 2 dəfəyədək itirdi... Əmanət və kredit qoyuluşlarında xarici valyutanın payının artması 2016-cı ilin əvvəllərində də davam etdi. Devalvasiya həm bank sektorunun, həm də əhalinin borc yükünü artırıb. Bankların dollar depozitləri və xarici maliyyə qurumlarına olan borcu manat ifadəsində iki dəfə artıb. 2016-cı ilin 1 aprel tarixinə bankların hər iki öhdəliklər üzrə cəmi borcu 26,2 milyard manata bərabərdir. Halbuki devalvasiyadan qabaq, 2015-ci ilin əvvəlində bu rəqəm 12,7 milyard manata bərabər olub. Bankların xarici valyutada kredit qoyuluşunun həcmi 9,7 milyard manatdır və bunun 2,6 milyard manatı əhalinin payına düşür. Aylıq kredit ödənişlərinin 2 dəfə artması əhalinin dollar kreditlərini qaytarması imkanlarını çətinləşdirib. Təsadüfi deyil ki, problemli kreditlərin payı son dövrlər artmaqdadır. Rəsmi məlumata görə, 2016-cı ilin 1 aprel tarixinə geri qaytarılmayan kreditlərin həcmi 1,3 milyard manata çatıb. Hazırda ölkə iqtisadiyyatına yatırılan hər 100 manatın 6,7 manatı geri qayıtmır.
Problemli kreditlər sahəsində real vəziyyət rəsmi göstəricilərdən daha acınacaqlıdır. Müstəqil araşdırmalara, o cümlədən beynəlxalq reytinq agentliklərinin açıqlamalarına görə, ölkə üzrə problemli kreditlərin payı ən azı 20 faizdir. Bəzi bankların kredit portfelində belə kreditlərin payı 50 faizdən də çoxdur. Kreditlərin geri qaytarılmaması ilk növbədə bankları çətin duruma salır. Çünki belə vəziyyətdə banklar əmanətçilər və xarici banklar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmirlər. Kredit şərtlərini daha da ağırlaşdırmaq məcburiyyətində qalırlar ki, bu da ümumilikdə ölkə iqtisadiyyatının pulla təminatını pisləşdirir. Bu gün faktiki olaraq banklarla əhali üz-üzə qalıb. Əhali dollarla götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir, bank isə onlardan öhdəliklərini yerinə yetirməyi tələb edir. Banklara hökumət tərəfdən müəyyən dəstək olsa da, əhalinin ümidi yalnız onlara qalıb. Bankların güzəşti isə əhaliyə dəymiş zərərin qarşılanması yox, zaman baxımından möhlət hüququnun əldə edilməsinə xidmət göstərir. Real mənzərə onu göstərir ki, faktiki olaraq kreditlərin ödənişi donmuş vəziyyətdədir”.
STP-nin kompensasiya təklifi bunlardan ibarətdir: “Məsələni indiki vəziyyətdə saxlayaraq problemin həllini banklarla əhalinin öhdəsinə buraxmaq çıxış yolu deyil. Bizim ekspertlər kompensasiya mexanizminin ancaq xarici valyutada olan istehlak kreditlərinə şamil edilməsini məqbul sayır. 21 fevral 2015-ci il tarixinə qədər xarici valyutada götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar- 1,05 AZN məzənəsi ilə kredit ödənişləri etsin, hökumət isə ödənilən hər 1 dollara görə banklara 25 qəpik məbləğində kompensasiya ödəsin. 21 fevral- 21 dekabr 2015-ci il tarixi aralığında götürülən kreditlər üzrə vətəndaşlar 1 dollar- 1,20 AZN məzənnəsi ilə kredit ödənişləri etsin, hökumət isə ödənilən hər 1 dollara görə banklara 20 qəpik məbləğində kompensasiya ödəsin”.
Cia.az
