|
Neft bazarı- iyulda yenidən kəskin ucuzlaşma ola bilər
Dünya neft bazarında gözlənilməz hadisələr baş verir. Bununla yanaşı, qiymətlər də oynamaqdadır. Son olaraq Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,20 dollar və yaxud 2,44 faiz bahalaşıb. “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 50,30 dollara bərabər olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 
Bəzi ekspertlər yaxın aylarda qiymətlərin artacağını ehtimal etsələr də, bir çoxları qiymət artımını proqnozlaşdırmırlar. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə yaxın illərdə neftin bir barelinin qiymətinin 100 dollara qalxacağının ağlasığmaz olduğunu bildirib. Bildirilir ki, cari ildə makroiqtisadi göstəricilərə əsasən, bir barel neftin qiymətinin 40 dollar olacağı proqnozlaşdırılıb. Təşkilatın məruzəsində bildirilir ki, “qara qızıl”ın bir bareli 2016-cı ildə 40 dollar qiymətində olacaq. Amma 2017-ci ildə bir barel neftin səviyyəsi 46 dollar qiymətləndiriləcək. 

Ekspert Rəşad Həsənov isə musavat.com-a bildirib ki, OPEK-in iyun ayında nəzərdə tutulan növbəti görüşündə ciddi nəticə əldə olunmayacaq: “Çünki baxmayaraq ki, İran hasilatı sanksiyadan əvvəlki vəziyyətə gətirdiyini bəyan edib və hasilatın dondurulması ilə bağlı danışıqlara gedə biləcəyini açıqlayıb, dərhal nazirləri tərəfindən açıqlama gəldi ki, hasilatın artırılması prosesi dayandırılmayacaq. Digər tərəfdən isə ümumiyyətlə götürəndə OPEK neft qiymətlərinin daha bahalı olmasında maraqlı deyil. Çünki hesab edilir ki, belə odluğu təqdirdə, şist neft sürətlə bazarda təklifi artırır. Bu təbii ki, Amerika qitəsində Səudiyyə Ərəbistanı kimi ölkələrin bazarlarında daralmalara səbəb olur. Aparılan araşdırmalar da onu göstərir ki, artıq 20 il sonra neftə tələbat kəskin şəkildə aşağı düşəcək. Bu, alternativ enerji mənbələrinə əlçatanlığın artması ilə əlaqələndirilir”. 
 
Qeyd edək ki, OPEC ölkələri 2016-cı ilin aprel ayında neft hasilatını gündə 330 min barel və ya 1,02 faiz artıraraq 32,76 milyon barelə çatdırıb. Bu, 2008-ci ildən etibarən ən yüksək göstərici hesab olunur. Hasilatın əsasən İran, İraq və BƏƏ-də artması və Küveyt ilə Nigeriyada göstəricinin azalmasının örtülməsi hesabına formalaşdığı bildirilir. Səudiyyə Ərəbistanının hesabat dövründə gündəlik 10,20 milyon barel, İranın isə 3,56 milyon barel neft hasil etdiyi qeyd olunub. Ehtimal edilir ki, OPEC iyuna qədər hasilatı artırmağa davam edəcək. Həmçinin OPEC üzvü olmayan ölkələrdə gündəlik neft hasilatının 800 min barel və ya 1,4 faiz azalaraq 56,8 milyon barelə enəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Nigeriya rəsmiləri mayın 10-da ölkələrinin neft hasilatını artıracağını bəyan ediblər. 
 
İranda isə neft hasilatının həcmi sanksiya qədərki səviyyəyə çatıb. Bu barədə Beynəlxalq Energetika Agentliyinin məlumatında bildirilir. Məlumata görə, apreldə İranda neft hasilatının həcmi sutkada 3,56 milyon barelə çatıb. Bunun  2011-ci ilin noyabrından bəri ən yüksək göstərici olduğu bildirilir. Eyni zamanda neft ixracının həcmi sutkada 2 milyon barelə çatıb. İran neftinin ən iri idxalçısı Çin olub. Bu ölkə İrandan gündəlik 800 min barel neft idxal edib.  
Bəzi ekspertlər bildirirlər ki, Azərbaycan neftinin qiymətində artım tendensiyası davam etməyəcək: “Neftin qiymətləri beynəlxalq münasibətlərə, dünyada baş verənlərə çox həssas reaksiya verdiyindən, qiymət artımını müşahidə edirik. Bundan başqa, bu həftə ABŞ-da neft hasilatında təqribən həftəlik 20-25 min barellik azalma da müşahidə olundu. Bu da neft qiymətlərinə təsir göstərib”. Ekspertin sözlərinə görə, bahalaşmanın davamlı olması üçün fundamental dəyişikliklərə ehtiyac var: “Hazırda təklif tələbdən daha çoxdur. Neft qiymətləri tez-tez dəyişən bir bazardır. Ola bilsin ki, gələn həftədən artıq qiymətlərdə korreksiya görək. Yenidən 40-45 barelə qədər enmə müşahidə ola bilər”. N.Cəfərli qeyd edib ki, neft bazarında bolluq hələ davam edəcək və bu da qiymətlərin azalmasını ehtimal etməyə əsas verir. Ekspert dünyadakı neft qiymətlərinin müşahidə olunan səviyyədə qalmasının neft hasil edən ölkələri hələlik qane etdiyini vurğulayıb. O, neftin qiymətinin daha da artacağının gözlənilən olmadığını bildirib: “Neftin qiymətinin 50 dollardan yuxarı olması üçün bazarda ümumi fundamental dəyişikliklərə ehtiyac var, o da çox təəssüf ki, yaxın gələcəkdə mümkün görünmür”. Bəzi ekspertlər bildirirlər ki, hazırda uzunmüddətli dövr üçün, məsələn, iyul ayında hərraclarda brokerlər neftin qiymətinin azalmasına stavka edirlər. Bu göstərici 67 faiz təşkil edir.
Cia.az