Son vaxtlar populyar və insanların güvənlə, rahat istifadə etdiyi sosial şəbəkələrdən biri də “WhatsApp”dır. İstifadəçilərinin sayı bir milyardı ötən “WhatsApp” insanların etibar etdiyi bir əlaqə vasitəsidir...
Zaman-zaman hakerlər tərəfindən istənilən nəhəng qlobal şirkətin təhlükəsizlik sisteminin “sındırılması” ilə bağlı xəbərlərə rast gəlinsə də, “WhatsApp”ın bu baxımdan güvənli olduğuna inanılırdı. Ta ki, McAfee antivirus proqram təminatı şirkətinin banisi Con MakKafi təcrübəli hakerlər komandası ilə birlikdə “WhatsApp” messencerinin çatını “sındırana” qədər. Messencerin ilk “nümayiş sındırılması” SMS-lər vasitəsilə göndərilən birdəfəlik kodlar vasitəsilə gerçəkləşdirilib.
MakKafinin rəhbərliyi ilə proqramçılar kiçik proqram yazaraq, onun vasitəsilə bir smartfondan başqasına göndərilən SMS-i ələ keçiriblər. Komanda üzvləri arasında LİFARS şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri də olub. Onlar yeni proqramı Android əməliyyat sistemi ilə çalışan smartfona yükləyiblər. LİFARS mənsublarının dediklərinə görə, smartfonuna yoxlanmamış proqramlar yükləyənlərin “WhatsApp” yazışmalarını daha asan ələ keçirmək olar. MakKafinin dediyinə görə, baş verənlərdə “WhatsApp”dan daha çox google-nin günahı var: “Problemi aradan qaldırmaq üçün əməkdaşlığa hazıram. Fərdi informasiyaların ələ keçirilməsinin qarşısı alınmalıdır”.
Maraqlıdır, doğrudanmı hazırda yazışdığımız və həyatımızın ayrılmaz hissəsinə çevrilən “Watsapp”dakı yazışmalarımız ələ keçə bilər?
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz yayılan məlumatların ciddi olmadığını düşünür: “Qlobal şirkətlərlə bağlı tez-tez belə məlumatlar yayılır. İstənilən qlobal şirkət, google, facebook və digər sosial media vasitələrində də bu kimi məlumatlar tez-tez eşidilir. Yəni bu, təkcə “WhatsApp”la bağlı deyil. Düşünmürəm ki, son məlumatlar ciddi və fəlakətli bir şey olsun. Elə hallar olur ki, proqramçılar bu cür nəhəng şirkətlərin hansısa bir boşluqlarını tapıb, ona müraciət edib və mükafatlar alıblar. Adətən bu cür qlobal şirkətlər həmişə çalışırlar ki, şəbəkəni yüksək səviyyədə qorusunlar. Hətta səhv tapıb onlara bildirənlər üçün böyük mükafatlar ayırırlar. “WhatsApp” kifayət qədər populyardır, istənilən halda tezliklə bu boşluqları aradan qaldıra biləcək. Əsas odur ki, istifadəçilər bunu nəzərə alsınlar. Təkcə “WhatsApp”da deyil, istənilən sosial mediada informasiya münasibətləri quranda, paylaşanda həmişə buradan digər, üçüncü tərəfə çatmamalı bir məlumatın getməməsinə diqqət etməlidirlər. Yəni fərdi informasiyalar var ki, özəldir, kommersiya xarakterlidir və sairə. Burada bunu açıqlamamağa meyl göstərməlidirlər ki, sabah ciddi problemlə üzləşməsinlər. Eyni zamanda özləri özlərinin təhlükəsizlik qayğısına qalmalıdırlar. Problem olan kimi, istifadəçilər dərhal öz e-maillərini dəyişməli, arxivdə olan məlumatları silməlidirlər və sairə. Yəni elementar təhlükəsizlik qaydalarına əməl olunmalıdır”.
O.Gündüz Azərbaycanda Elektron Təhlükəsizlik Mərkəzi yaradılsa da bu qurumun belə hallarda həmişə susduğunu dedi: “Vətəndaşların, media qurumlarının informasiya təhlükəsizliyinə bu qurum cavabdehdir. Elektron Təhlükəsizlik Mərkəzinin borcudur ki, dərhal bununla bağlı açıqlama versin. Təhlükənin masştabını izah etməlidir. Onun aradan qaldırılması yolları haqqında istifadəçilərə məlumat verməlidir. Təəssüf ki, həmişə olduğu kimi yenə də bu qurumladan bununla bağlı hələ də bir açıqlama ala bilmirik”.
Cia.az
