|
Vyana görüşü: nəticə ən çox kimin xeyrinədir?
Prezidentlərin Vyana görüşü, nəhayət, baş tutdu. Xəbər verildiyi kimi, görüşlə bağlı ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yayıb.  Bəyanatda sülh danışıqlarının bərpası və təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi vacibliyi qırmızı xətt kimi keçir. Eyni zamanda gələn ay prezidentlərin növbəti görüşünün təşkili haqda razılıq əldə olunduğu qeyd edilir.
Vyana görüşünün nəticələri barədə siyasi və hərbi ekspertlər, siyasi partiya sədrləri öz mövqelərini bildiriblər. 

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar davam etdirilməlidir, bu danışıqlardan nəsə gözləmək olar: “Ancaq Ermənistanla danışıqlar qısamüddətli olmalı və azərbaycanlılar işğal olunmuş torpaqlara qayıtmalıdırlar. Prezidentlərin növbəti görüşünün iyunda keçirilməsi nəzərdə tutulur. Gözləyək, görək nə olacaq”.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirdi ki, danışıqların mahiyyəti barədə ictimaiyyətə dəqiq məlumatlar verilməyib: “Biz prosesin şəffaf aparılması və xalqa müzakirələr barədə ətraflı məlumat verilməsini tələb edirik. İkincisi, biz əvvəldən demişik ki, Azərbaycan hakimiyyəti bu məsələdə təşəbbüskarlığı ələ almağa çalışmalıdır, diplomatik fəallığı artırmalıdır ki, Qarabağ məsələsi ilə əlaqədar şərtlər irəli sürə bilsin. Əsas şərtlərdən biri Minsk Qrupu həmsədrləri tərkibinin Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən formalaşdırılmasının müzakirə edilməsi ola bilər. Hakimiyyət bu prosesə Azərbaycana yaxın olan ölkələrin nümayəndələrini cəlb etməyə nail olmaq üçün çalışmalıdır. Hakimiyyət apreldə cəbhədə əldə olunmuş uğurları danışıqlar masası arxasında əldən verməməlidir”. 
Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Vyana görüşü əvvəlki danışıqlar kimi Qarabağdan daha çox ATƏT-ə və onun bivec “sülhyaratma missiyasına” xeyir gətirib: “Yenə Qarabağ hesabına kişi olub öz ailə-uşaqlarını dolandıran, kef edən ”üç bacılar"ın - Minsk Qrupu həmsdərlərinin dəstəsinə hazıryeyən bir xeyli “kameragüdənlər” də qatılacaq. Bütün cəbhəboyu onlar müşahidə kameraları quraşdırmaq istəyirlər. Bu kameraları izləmək üçün də qərara alınıb ki, bir sürü təzə xarici avara dəstəsi təşkil olunsun. Görünən odur ki, Qarabağ məsələsinin tam həlli yəqin ki bir xeyli sonraya qaldı. Ermənistana açıq havadarlıq edən Rusiya bizə iyun ayında guya hansısa məsələlərin müzakirəyə çıxarılacağını bəyan edir. Bəri başdan deyirəm ki, boş və hiyləgərcəsinə düşünülmüş planın tərkib hissəsidir. Rusiya rəhbərliyi Azərbaycana sayğısızlıq, hətta xəyanət etdi. Əslində onlar heç bir danışıq-filan olmadan da öz vassalı və qulbeçəsi olan Ermənistana başa sala bilərdi ki, siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 20 ildən çoxdur ki yerinə yetirmirsiz. Bunu təcili etmək gərəkdir. Bu sözləri bir dəfə də dilinə gətirməyən Rusiyadan biz ədalət və səmimiyyət gözləməliyik. Bunların yeganə məqsədi vaxt udmaq və məsələnin həllini illərlə sonraya saxlamaqdır".

Hərbi ekspert hesab edir ki, münaqişəni həll edəcək bir qüvvə varsa, o da Azərbaycan Silahlı Qüvvələridir:“Kim nə deyir desin, yalnız və yalnız güc yolu ilə bu rus-erməni hoqqabazlarını, o cümlədən bunların nağıllarına inanan Amerika, Fransa və digər ölkələri başa salmaq mümkün olacaq. Necə ki, aprelin əvvəllərində ordumuz bu biveclərə başa saldı ki, yetər artıq bu xalqın heysiyyəti və mənliyi ilə oynadınız. Mənə elə gəlir ki, yetər artıq bu mənasız, məntiqsiz görüşlərdə bizə öz şərtlərini diktə etmələri”. 
Cia.az