Bu həftə mədəniyyət aləmində maraqlı tədbirlər gözlənilir.
Musavat.com onların bir neçəsini təqdim edir.
Bakı tamaşaçılarının maraqla izlədiyi İran kino həftəsi bu gün mayın 17-də yekunlaşır. Mayın 14-dən başlayaraq Bakıdakı Nizami Kino Mərkəzində keçirilən kino həftəsində “143-cü çuxur”, “Bir dişləm qənd”, “Bu gün” filmləri Bakı tamaşaçılarına təqdim olunub. Bu gün isə “Nəqqaşlıq hovuzu”adlı filmin nümayişi ilə İran kino həftəsi başa çatacaq.
Türkiyənin tanımış teatr təmsilçiləri də Bakıya gəlib. Belə ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca tamaşaçılara məşhur Türk kölgə oyunu “Qaragöz” tamaşası təqdim olunacaq. 19 may saat 14: 00-da baş tutacaq tamaşanı Bakıdakı bir neçə internat və uşaq evlərinin balaca teatrsevərləri izləyəcək. Onu da qeyd edək ki, təxminən 7 əsr bundan əvvəl Türkiyədə məscid inşa edən iki ustanın - Qaragöz və Hacıvartın həyatından bəhs edən ”Qaragöz” tamaşası Azərbaycanda bundan əvvəl də nümayiş etdirilib və hər dəfə tamaşaçıların rəğbətini qazanıb.
Gənc Tamaşaçılar Teatrında isə ötən ayın sonlarından başlayan və uğurla davam edən “Sevənlər və sevilənlər” tamaşasının məşqləri artıq yekunlaşmaq üzrədir. Teatrın yaydığı məlumata görə Kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Suqrayeva və Əli Əmirlinin səhnə üçün işlədiyi tamaşaya bu günlərdə ictimai baxış olacaq. İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanan tamaşanın quruluşçu rejissoru Kalmıkiya Respublikası B.Basqanov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi Boris Mancıyev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjıyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Günay Qasımovadır.
Tamaşada xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqü Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva və digərləri iştirak edəcəklər. Qeyd edək ki, tamaşanın premyerası iyun ayının 11-də baş tutacaq.
Azərbaycan Dövlət Filarmoniyasında isə mayın 19-da rusiyalı pianoçu Olqa Domninanın solistliyi ilə fortepiano axşamı gecəsi keçiriləcək. Mayın 21-də isə Respublika gününə həsr olunan konsert keçiriləcək. Konsertdə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və dirijor Rauf Abdullayevdir.
Cia.az
