|
Mehriban Əliyevadan amnistiya müraciəti-minlərlə məhbus azad olunacaq
Mayın əvvəllərindən başlayaraq, amnistiya veriləcəyi barədə yayılan xəbərlər reallığa çevrilməyə başlayır. Belə ki, deputat, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 28 May - Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
 
Bu barədə parlamentin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin mayın 17-də keçirilən iclasında məlumat verib. Bu, ölkənin birinci xanımının parlamentə amnistiya ilə bağlı etdiyi 4-cü müraciətdir. 10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3500 nəfər məhkum azadlığa çıxacaq. M.Əliyevanın müraciətinə Milli Məclisin mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.
 
M.Əliyevanın müraciəti geniş müzakirələr doğurmaqla yanaşı, gündəmi də dəyişib. Əksəriyyət bununla Azərbaycanda siyasi məhbus probleminin birdəfəlik aradan qaldırılacağını və ölkəmizin Qərblə münasibətlərini daha da yaxşılaşdıracağını düşünür.
“Yeni Müsavat” vasitəsilə iki dəfə Mehriban Əliyevadan amnistiya təşəbbüsü ilə çıxış etməyi xahiş edən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı birinci xanıma təşəkkür etdi: “İlk növbədə bu təklifi ictimailəşdirən ”Yeni Müsavat" qəzetinə təşəkkür edirəm. Çünki bu istiqamətdə geniş rəy formalaşdırmaq üçün böyük işləriniz oldu. Bunun böyük əhəmiyyəti var. Mehriban xanıma çox minnətdaram. Artıq 4-cü dəfədir ki, belə təklif irəli sürür. Bundan əvvəl də Leyla və Arif Yunusların ölkədən çıxmaları təşəbbüsünü irəli sürmüşdü. Arzu edərdim, bu amnistiya elə verilsin ki, siyasilərə da şamil olunsun. İlqar Məmmədov, Xədicə İsmayıl və digərləri azad olunsun. Qadınlar və yeniyetmələrin daha çox azad olunmalarına sevinərdim. Çünki həbsxana qadın yeri deyil, yeniyetmələrin gələcəyi isə qarşıdadır. Onlar bizim gələcəyimizdir. 3500 insan azad olunacaq, normal həyata qovuşacaqlar. Buna sevinməmək olmaz. Bu dəfə rahatlıqla deyə bilərik ki, minlərlə məhbus ailələrinə qovuşacaq. Bu sənədi hazırlayan insanlardan xahiş edərdim ki, bu dediklərimi nəzərə alsınlar".
M.Qəhrəmanlı siyasi məhbus probleminin aradan tamamən qaldırıla biləcəyini də vurğuladı: “Burada problem bir siyasi məhbusu bir təşkilatın siyasi hesab etməsi, digərinin etməməsi ola bilər. Həbs edilələnlərin hamısını siyasi və vicdan məhbusu saymaq olmaz. Beynəlxalq təşkilatların, Avropa Şurasının bununla bağlı tələbləri ilə tanış olmaq lazımdır. Hazırda bəzi siyasilərin məhkəmə prosesləri gedir. Həbs-qətimkan qərarı seçilənlər var. Bu şəxslər siyasi məhbus siyahısına düşüblər. Bütövlükdə bu tipli məhbusların azad edilməsi Azərbaycan üçün böyük önəm kəsb edir. Böyük amnistiyanın verilməsi Azərbaycanla bağlı bir çox problemlərin həllinə kömək edə bilər. Mehriban xanım gözəl təklif verib. Gərək bu təklifi yerinə yetirənlər dövlətimizi sevən şəxslər olsunlar ki, amnistiya dövlətimizə uğur gətirsin”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu amnistiya veriləcəyini əvvəlcədən gözlədiklərini qeyd etdi: “28 Mayda çoxsaylı məhbus  azad olunacaq. Siyasi məhbuslardan maddələri düşənlər amnistiyada azad olunacaqlar. İlqar Məmmədov və Xədicə İsmayıl bu dəfə olmasa da, ilin sonuna qədər mütləq azadlığa çıxacaqlar”.
Cia.az