Mayın 8-nə keçən gecə Bərdə rayonunun Piyadalar kəndinin qəbiristanlığında naməlum şəxslər tərəfindən döyülərək özünə məxsus "VAZ 2107" markalı avtomobildə yandırılan 24 yaşlı Salman Bayramov xəstəxanada ölüb. Lent.az-ın əldə etdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq ağır xəsarətlər almış gəncin həyatını xilas etmək mümkün olmayıb.
Virtualaz.org xatırladır ki, hadisənin baş vermə səbəbi ilə bağlı ziddiyətli xəbərlər yayılıb Bir çoxları 24 yaşlı gəncin borca görə yandırıldığını bildirsə də, hadisənin gerçək səbəbinin tamamilə başqa olduğu deyilir.
Piyadalar kəndinin bələdiyyə sədri Baxşeyiş Abdullayev azvision.az-a hadisənin iki səbəbdən baş verə biləcəyini deyib: “Salman kənddə qaz çəkmə işinə baxırdı. Çox bacarlıqlı oğlandır. Hadisənin iki səbəbə görə törədiliyi bildirilir.
Birinci səbəb ondan ibarətdir ki, Salmanın xeyli mal-qarası olub. Həmin heyvanları satıb maşın almaq istəyirmiş. Onun mal-qaranı satdıqdan sonra üstündə 3-4 min manata yaxın pul olub. Ola bilsin ki, Salmanı pula görə bu hala salıblar. Salmanın valideynləri bu barədə heç nə danışmır.
Hadisənin baş verməsinə digər səbəb kimi Salmanın həddindən artıq internetə maraqlı olması göstərilir. Deyilənə görə, Salman internetdə çox adama mesajlar yazırmış. Bəlkə də hansısa bir qıza mesaj göndərib. Nəticədə bu hadisələr baş verib. Bildiyimizə görə, hadisəni bizim kəndin sakinləri törədib. Amma onların kimliyi bilinmir. Yəqin ki, polis həmin şəxsləri tutandan sonra hadisənin dəqiq səbəbləri ortaya çıxacaq”.
Adının çəkilməsini istəməyən kənd sakinləri də bildiriblər ki, hadisə qız üsündə baş verib. Belə ki, Salman Bayramov tanış olmaq məqsədi ilə bir qıza mesaj yazıb. Bundan xəbər tutan qızın qohumları onu cəzalandırmaq qərarına gəliblər. Hadisə də məhz bu səbəbdən baş verib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsinin bir neçə bəndi və 186-cı maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.
Dəhşətli qətl hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparacaq.
Cia.az
