|
“WhatsApp”ın yenilikləri mobil operatorları iflasa uğrada bilər
İstifadəçilərinin sayı 1 milyardı keçən “WhatsApp”ın uzun gözlənilən görüntülü zəng funksiyası işə düşür. Test edilən funksiyanın yaxın vaxtlarda istifadəçilərə təqdim ediləcəyi bildirilir. 
Funksiyanın işə salınması üçün işlərin davam etdiyi dövrdə BETA proqramında görüntülü zəngə yer verilir. Hələlik zəng bölməsində işarə görünsə də, zəng getmir. “Video call” düyməsi hələ aktiv edilmədiyi üçün ondan istifadə etmək mümkün deyil. 
 
Bundan bir müddət öncə isə “WhatsApp” istifadəçiləri üçün çoxlu sayda yeniliklər təqdim olunub. Belə ki, bir neçə gün əvvəl istifadəçilərin kompüter vasitəsilə də messencerdən faydalana biləcəkləri bəyan olundu. Kompüterləri "Windows" və "MAC" əməliyyat sistemləri ilə çalışanlar messencerin tətbiqini yükləməklə ondan yaralana bilərlər. Bunun üçün whatsapp.com saytına daxil olaraq müvafiq proqramı yükləmək lazımdır. 
 
Qeyd edək ki, 15 ay əvvəl də istifadəçilər kompüterdə "WhatsApp"dan yararlana bilirdilər. Bunun üçün istifadəçi web.whatsapp.com saytına daxil olmalı idi. Daha sonra istifadəçi telefonda quraşdırılan "WhatsApp"a daxil olaraq "Menyu - WhatsApp Web" səhifəsinə daxil olurdu. Brauzerdə müvafiq QR kodu skan etdikdən sonra istifadəçi kompüterdə "Whatsapp"dan yararlana bilərdilər. “WhatsApp”ın ən ciddi rəqibləri sayılan Telegram, Viber, Skype, Hangouts-un fərdi kompüterlər üçün versiyası çoxdan fəaliyyət göstərir. Ekspertlərin fikrincə, yeni servis sayəsində “WhatsApp” messenceri Skype, iMessenger, Hangouts, WeChat və s. ilə rəqabəti daha da gücləndirəcək.
 
Ekspertlər onu da qeyd edirlər ki, “WhatsApp”ın təqdim etdiyi bu cür yeniliklər mobil operatorların gəlirlərinə çox ciddi təsir edəcək. 
 
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bu barədə “Yeni Müsavat”a açıqlama verib. Ekspertin sözlərinə görə mobil rabitə operatorları tariflərdə dəyişiklik etməsə gəlirlərdə tam iflasa uğraya bilər: “Hər gün biz yeni sosial media resurslarının yeni xidmətlərini görür, müşahidə edirik və insanlar son dövrlərdə daha aktiv daha fəal şəkildə bu xidmətlərdən istifadə edirlər. Ümumiyyətlə, son dövrlərdə tendensiya ondan ibarətdir ki,  insanlar informasiya münasibətləri qurmaq üçün zənglər, video zənglər, xəbərləşmək üçün nəinki ənənəvi vasitələrdən, o cümlədən telefondan, digər vasitələrdən istifadə edir, əksinə daha çox sosial media vasitələrindən yararlanırlar. Bu baxımdan da son dövrlərdə mobil telefon operatorlar şikayətlənirlər ki, onların gəlirləri çox azalıb, bu da gözləniləndir. “WhatsApp” kimi populyar, bir resursun  yeni bir görüntülü xidməti çıxması doğrudan da bazarda dəyişiklikləri daha da sürətləndirəcək. Yəni insanları daha çox bu xidmətdən yararlanmağa çalışacaqlar. Əlbəttə, “WhatsApp”la bağlı arada məhdudiyyətlərin də qoyulmasının müşahidə edirik. Həm mobil operatorlar,  həm də bəzi dövlət qurumları var idi ki, onlar “WhatsApp”da əlaqələrin yaranmasında müəyyən maneçiliklər törədirdilər. Bunu məlum “MTN hadisələri”ndə də müşahidə etdik.  Amma son dövrlərdə bu məhdudiyyətlər qismən aradan qaldırılıb. Beləliklə gözləmək olar ki, “WhatsApp”ın bu cür xidməti Azərbaycanda populyarlaşacaq və danışıq, telefon bazarında olan situasiyanı dəyişəcək. Yəni ənənəvi, mobil operatorların da gəlirlərinə kifayət qədər təsir edəcək. Bununla bağlı məsələ qaldırmışdıq ki, qeyd olunan operatorlar öz tariflərinə yenidən baxsınlar. Mövcud tariflər biabırçıdır. 10 ildir ki, onlarda dəyişməyən tarifdir. Məsələn deyək ki, ev telefonundan mobil telefona  zəng etməyin dəqiqəsi 29 qəpikdir. Mobildən o telefona zəng etmək bundan xeyli aşağıdır. Bu da müəyyən gəlirlərin daha çox mobil operatorlara tərəf getməsinə şərait yaradır. Eyni zamanda beynəlxalq danışıqlarda dəhşətli dərəcədə böyük tariflər var; 30 qəpikdir  dəqiqəsi, ev telefonundan da, mobildən də. Yəni bunlar köhnədən qalmış tariflərdir. Bu tariflər dəyişməsə ümumiyyətlə mobil və ənənəvi operatorlar tam iflasa uğraya bilər. Ona görə onlar ilk növbədə tariflər dəyişdirməli, ikinci növbədə isə mobil operatorlarının internet üzərindən olan yeni xidmətlər təklif etməlidirlər. Yalnız belə xidmətlər olsa sitiuasiyadan çıxmaq mümkündür, yoxsa onları daha acınacaqlı tale gözləyir”. 
 
Qeyd edək ki, “WhatsApp” hazırda dünyada ən populyar əlaqə vasitələrindən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti “Facebook” sosial şəbəkəsi 19 milyon dollara satın alıb.
Cia.az