|
Təhsildə SOS: məktəblərin müqəddəsliyi, şagirdlərin məsumluğu niyə pozulur?
Şamaxı rayon Pirbəhli kəndində 9-cu sinif şagirdinin müəllimindən hamilə qalması ilə bağlı xəbər necə gündür cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Görünən odur ki, bəzi bölgələrdə təhsil sistemində nəinki nəzarət yoxdur, hətta gözlə görünən faktlar da gizlədilir. 

Vaxtaşırı mətbuatda bu cür xəbərlər alırıq: yuxarı sinif şagird müəllimini döydü, müəllim şagirdi vurdu, dalaşdı, bıçaqladı, söydü və sair... Bəs, görəsən, müqəddəs sayılan təhsil ocağında bu kimi hadisələrin baş verməsinin, şagird-müəllim münasibətlərində “qırmızı xətlər”in pozulmasının səbəbi nədir? 
 
Təhsil eksperti Etibar Əliyev təsadüfi insanların təhsil sektoruna gətirilməsini və bioqrafiyası ləkəli olan şəxslərin müəllimliyə qəbul edilməsini sərt tənqid etdi: “Təhsil sistemləri inkişaf edən ölkələrdə müəllim seçiminə böyük diqqət yetirilir. Müəllimin bilik və bacarığı ilə yanaşı, onların bioqrafiyaları da dərindən öyrənilir. Bioqrafiyası ləkəli olanlar bu peşəyə yaxın buraxılmırlar. Keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında həbsdə olmuş, bioqrafiyası ləkəli olan yüzlərlə şəxs təhsil şöbələrinə müdir və məktəb direktorları təyin olundular. Bu hallar məktəbdə təhsil  mühitinin pozulmasına gətirib çıxarırdı. Son dövrlər məktəb direktorları və müəllim seçimində pozitiv addımlar  atılıb. Lakin bu bütün regionları əhatə etməlidir. 2014-cü ildə təsdiq olunmuş ”Müəllimlərin etik davranış qaydaları"nda göstərilir: “Müəllim təhsil alanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə  yol verməməlidir”. İndi  gedin məktəblərdə sorğu keçirin, görün neçə müəllimin bu qaydalardan xəbəri var?"
 
Ekspert qeyd etdi ki, Şamaxıda baş verən hadisə rüsvayçı hadisədə bir mühüm məsələ diqqətdən qaçmamalıdır: “Bildirilir ki, 15 yaşlı qızı zorlayan Elnur İbrahimov Şamaxıda Kollec bitirib və Pirbəhli kəndində 4 ildir ki, tarix müəllimi işləyir. Şamaxıda 2 kollec fəaliyyət göstərir: Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci. Bunların heç birində tarix ixtisası üzrə müəllim hazırlanmır. Deməli, bu adam məktəb üçün təsadüfi adamdır. Sual olunur: hansı əsaslarla onu tarix müəllimi kimi işə qəbul ediblər? Onu işə qəbul edənlər və onun üçün etik davranış qaydalarının nə əhəmiyyəti ola bilər? Belə bir adamın işə qəbul olunmasında Təhsil şöbəsinin müdiri və məktəb direktoru da məsuliyyət daşıyır. Ola bilməz ki, belə əxlaqsızlığa yol verən müəllimin bundan öncəki davranışları pozitiv olsun” . 
 
Psixoloq Azad İsazadə isə bu kimi halların baş verməsinin psixoloji səbəblərindən danışdı və yeniyetmə, gənc kütlənin olduğu yerlərdə nəzarətin mütləq olduğunu vurğuladı: “Biz həmişə, hər yerdə bu problemlə rastlaşırıq. Problem təkcə müəllim-şagird arasında yox, yaşlı və yeniyetmələrlə əlaqədar da var. Bildiyiniz kimi, dünyada da bu problem var. Hətta katolik kilsəsi haqqında belə bu xəbərlərin ardı-arası kəsilmir. Vaxtaşırı katolik kilsəsinin işçilərinin orada çalışan, oxuyan gənclərə qarşı törətdiyi bu tipli cinayətlərdən söhbət gedir. Burada psixoloji problemlər də rol oynayır. Bu mənada insanlar arasında tədqiqat işləri aparılmalıdır.  Bu çox həssas bir mövzu olduğu üçün, uşaqların, yeniyetmələrin, gənclərin kütləvi olduqları yerlərdə nəzarət həddindən artıq güclü olmalıdır. Hadisədə iki amil rol oynayır. Müəllimin uşaqlar üzərində müəyyən hökmü var, o sinfi idarə edir, şagirdlər də ona tabe olur. Bəzən müəllim əlində olan hakimiyyətdən həddindən artıq çox istifadə edir. İkinci amil odur ki, yeniyetmələrdə cinsi oyanma prosesi getdiyi üçün onları təhrik etmək bəzən daha asan olur. Bu iki amil sözügedən hadisələrin baş verməsində rol oynayır. Burada ancaq və ancaq nəzarət etmək vacibdir. Bu insanlar pedofil kimi də qiymətləndirilə bilər. Ancaq pedofili əvvəlcədən aşkar etmək çox çətin olur”. 

Psixoloqun fikrincə, müəllim və valideynlərin bu kimi halları gizlətməsinin səbəbi isə ictimai qınaqdan çəkinməkdir: “Nəzarəti müəllim kollektivi və valideynlər həyata keçirməlidir. Amma adətən valideyn ailəni biabır etməmək üçün belə məlumatları gizlətməyə çalışır, müəllimlər isə işlədikləri kollektivi biabır etməmək üçün gizlədir. Bu baxımdan bu iki təbəqənin içində güclü iş görmək, onların hamısını nəzarətdə saxlamaq lazımdır”. 
Cia.az