|
Mənzil bazarında yay gözləntisi - bazar canlanmaya bilər
Adətən yay aylarında ölkənin, xüsusən paytaxtın daşınmaz əmlak bazarında canlanma yaranır. Ancaq bu il mövcud durum və şərtlər vəziyyətin fərqli olacağını deməyə əsas verir. Ekspertlər bildirirlər ki, daşınmaz əmlak bazarında durğunluq uzunmüddətli ola bilər. Bir neçə səbəbə diqqət çəkən ekspertlərin fikrincə, qiymətlər barədə proqnoz vermək olduqca çətindir.
Ölkədə daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə bir az azalıb. Qiymətlərdə manatla 3,59 faiz, ABŞ dolları ilə isə 0,52 faiz azalma müşahidə olunur. “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov “Trend”ə bildirib ki, yeni mənzillərin manatla qiyməti orta hesabla 2,24 faiz azalıb (dollarla 1,02 faiz artım) . Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb (dollarla 1,71 faiz artım). Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8,55 faiz düşüb, dollarla isə 6,23 faiz enib. 
Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, ümumiyyətlə hazırda yaşanan böhran daşınmaz əmlak bazarında qiymətlərin daha da ucuzlaşmasında səbəb olacaq: “Çünki alıcılıq kifayət qədər aşağı düşüb. Eyni zamanda, biznesin və vətəndaşın kifayət qədər borcları artıb. Bu  borclar qarşılığında onlar məcburdurlar ki, əllərində olan daşınmaz əmlakı bazara təklif etsinlər. Qarşılığında isə alış çox aşağı səviyyədədir. Eyni zamanda hazırda ipoteka proqramı da demək olar ki, dondurulmuş vəziyyətdədir. Bu da qiymətləri aşağı çəkən amillərdən hesab olunur. Digər məsələ isə bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada ipoteka kreditlərinin verilməsini qadağan etməsidir. Bu, daşınmaz əmlak bazarında tələbi kəskin azaldacaq, aşağı salacaq. Abu amillərin ümumi fonunda bazarda qiymətlərin ucuzlaşması və təkrar mənzil bazarında daha çox ucuzlaşmanın olacağı gözlənilir”. 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, əmlak bazarı iştirakçıları ənənəvi yay mövsümünü gözləyirlər, amma bu yay fərqli ola bilər: “Yay mövsümündə qiymətlərin artımı müşahidə olunurdu. Amma bunun səbəbi ondan  ibarət idi ki, keçmiş ilərdə əsasən Rusiyada işləyən, Rusiyada pul qazanan soydaşlarımız vətəndaşlarımız məhz yay mövsümündə həm yaxınlarını görməyə gəlirdilər, həm daşınmaz əmlak bazarında aktiv iştirakçı olurdular. İndi vəziyyət dəyişib. Rusiyada da iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib və Rusiyadan Azərbaycana gələn kapital dəfələrlə azalıb. Ona görə indi əmlak bazarında həmin amilləri nəzərə alaraq canlanmanın olması ehtimalı çox aşağıdır. Sadəcə son dövrlər hiss olunur ki, əmlak bazarında aktivlik artmasa da, qiymətlərdə az da olsa yüksəlmə müşahidə edilir. Bu dəfə ənənəvi yanaşma var, bazar iştirakçıları, satıcılar gözləyirlər ki, yayda müəyyən qədər qiymət qalxmalıdır. Amma mənzil bazarında qiymətin qalxması yaxın zamanlar üçün görünmür. Yeganə bazarı canlandıracaq addımlar o ola bilər ki, dövlət hesabına ipoteka verilməsi sürətlənsin. İpoteka Fonduna 200 milyon manata yaxın vəsait verildi. Bundan başqa, yeni dövlət agentliyi yaradıldı. Ola bilər ki, yaxın aylarda məhz bu amil bazarda müəyyən canlanmaya səbəb olsun. Amma bu canlanma təbii deyil, dövlət hesabına ola bilər. Dayanıqlılığı problemli olacaq. Amma yay mövsümündə ən azı tikinti materialları bazarında müəyyən canlanma ola bilər. Çünki insanlar evlərini təmir etməyə çalışacaqlar”.
Qeyd edək ki, banklar ipoteka şərtlərini çətinləşdirib. Bəzi banklar ipoteka şərtləri üçün yaşayış minimumunu hətta 200 manata qədər artırıb. Banklar artımı ilkin ödənişdə də edib. Belə ki, bəzi banklarda qiymət 40 faizə yaxındır.
 
İqtisadçı Qalib Toğrulun sözlərinə görə, banklar hazırda verdikləri kreditləri yığa bilmədikləri, eyni zamanda əmanətçilər əmanətlərini banklardan kütləvi şəkildə çəkdiyi üçün onlar linkvidit problemi yaşayır. “Banklar bu sahədə yaşadıqları problemi ipoteka kreditləri sayəsində kompensasiya etməyə çalışırlar”, - deyə Qalib Toğrul ANS-ə bildirib. Bu dəyişiklik ipoteka krediti ilə ev almaq istəyən insanların ümidlərini puça çıxara bilər. Bankların bu qərarına görə, 50 min manatlıq ev almaq istəyən vətəndaşımız ən azı 20 min manat ilkin ödəniş etməlidir. Eyni zamanda bəzi banklarda yaşayış minimumunun 200 manat qəbul edilməsi o deməkdir ki, 4 nəfərlik üzvü olan ailə ipoteka krediti almaq üçün ən azı 1300 manat əmək haqqı olmalıdır. İqtisadçıların fikrincə, bankların atdığı bu addımın qarşısı alınmazsa, bu hal daşınmaz əmlak bazarındakı durğunluğun daha da güclənməsinə və qiymətlərin aşağı düşməsinə səbəb olacaq. İpoteka bazarını canlandırmaq üçün ipoteka fondunun maliyyə mənbələrini artırmaq lazımdır. Hazırda ipoteka fondu buraxdığı istiqrazlar və dövlət tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilir. Dövlət başçısının ötən ilki tapşırığına əsasən ipoteka kreditinin məbləği iki dəfə artırılaraq 100 min manata çatdırılacağı, faiz dərəcələrinin isə iki faiz azaldılacağı gözlənilirdi. Bununla bağlı müvafiq sənədlərin hökumətə təqdim olunmasına dair maliyyə naziri və mərkəzi bank dəfələrlə açıqlama verib. Amma həmin təkliflərin nə vaxt reallaşacağı hələki məlum deyil.
Cia.az