Braziliyada qeysəriyyə əməliyyatlarının sayını azaltmaq üçün yeni qanun qüvvəyə minib.
Bu barədə BBC News xəbər verib. Hakimiyyət ölkədə bu əməliyyatlarla bağlı ciddi artım olduğu üçün belə qadağaya ehtiyac duyub. Hazırda Braziliyanın özəl kliniklarında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirənlər ümumi doğumların 85 faizini təşkil edir.
Dövlət səhiyyə müəssisələrində isə bu rəqəm 45 faizdir. Yeni qaydalara görə, həkimlər pasiyentlərə qeysəriyyə əməliyyatının vacibliyini əsaslandırmalı və gözləyən risklərlə bağlı məlumat verməlidir. Rio-de-Janeyro Federal Universitetinin professoru Pedro Oktavio de Britto Pereyra bildirib ki, qadınların əməliyyyata razılıq verməsinin səbəbi sadədir. Bu halda onlar xəstəxanalarda özlərinə ən rahat yeri qazanırlar. Professorun sözlərinə görə, təbii yolla doğum etmək istəyən qadınlar özəl klinikalarda yer çatışmazlığı ilə qarşılaşır.
Onlara bildirilir ki, artıq əməliyyat üçün müraciət edən qadınlara görə palatalarda yer qalmayıb. Xəstəxanalara da qeysəriyyə əməliyyatı təbii doğuşdan daha sərfəlidir. Belə ki, bu halda əməliyyat pulu, üstəgəl, xəstəxanada daha çox qalmaq sonuncuların büdcəsinə fayda verir. Dolayısı ilə Braziliya xəstəxanaları qadınların öz körpəsini təbii yollarla dünyaya gətirməsinə imkan vermir.
Cia.az
