|
Rusiyadakı bir sorğunun ortaya çıxardığı acı Qarabağ həqiqəti
Rusiyalılar ölkələrinin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək ola biləcəyinə inanırlar. Virtualaz.org “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) bu yaxınlarda 46 bölgənin 130 yaşayış məntəqəsində, 1,6 min nəfər arasında keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.
 
Sosioloqlar ruslardan bu yaxınlarda Qarabağda vəziyyətin yenidən gərginləşdiyi barədə nə dərəcədə məlumatlı olduqlarını soruşublar. Məlum olub ki, Rusiya əhalisinin 72%-i bu barədə eşidib. Rusların 4%-i Ermənistan və separatçı “Dağlıq Qarabağ”ın, 2%-i isə Azərbaycanın tərəfində durmağı məqsədəuyğun hesab edir.
 
Rəyi soruşulanların 1/4-i (26%) Dağlıq Qarabağın “müstəqil” olduğunu, 11%-i bu regionun Azərbaycana, 13%-i isə Ermənistana aid olduğunu düşünür. Əksəriyyət (47%) Dağlıq Qarabağın kimə məxsus olduğunu müəyyənləşdirməkdə çətinlik çəkib.Rusiyalıların 35%-nin fikrincə, Rusiyanın milli maraqlarından çıxış etdikdə, Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsi münaqişənin həlli üçün ən yaxşı variantdır. 9%-i Qarabağın Ermənistanın, 6%-i isə Azərbaycanın tərkibində olmasını öz ölkəsinin marağında olacağını hesab edir. Bununla yanaşı, rusiyalıların 18%-i Dağlıq Qarabağın taleyinin Rusiyanın maraqları üçün heç bir əhəmiyyət kəsb etmədiyini düşünür.
 
Sorğunun ortaya çıxardığı bu mənzərə, göründüyü kimi, Azərbaycan üçün heç də xoşagələn deyil. İki milyondan çox azərbaycanlının yaşadığı, diaspora təşkilatlarımızın olduğu bir ölkədə əhalinin Qarabağla bağlı belə bir mövqedə olması acı təəssüf doğurur.  
Deputat Fəzail Ağamalı hesab edir ki, ortaya çıxan bu mənzərə daha çox ənənəvi münasibətlərdən qaynaqlanır: “Pyotrdan üzü bəri Rusiya məkanında ermənilərə münasibət hər zaman yüksək olub. Onlarda böyük xristian təəssübkeşliyi var. Eyni zamanda belə bir təbliğat qurulub ki, həmin təbliğatda ermənilərin bütün ən çətin məqamlarda rusların yanında olması önə çəkilib. Bu, bütün sahələrdə özünü göstərir. Hətta Çar Rusiyasının zamanında hərbi xidmətdə də özünü ifadə edib. Azərbaycanlılar müsəlman olduğu üçün hətta əsgərliyə çağırılmayıblar. Sovet dönəmində azərbaycanlıların mütləq əksəriyyəti tikinti batalyonlarına xidmətə göndərilirdi, bir ögey münasibət var idi. Mən şəxsən bunun şahidi olmuşam. Bu, rəsmi dövlət siyasəti idi. Bu gün də Rusiyada ermənilərə təəssübkeşlik var. Rusiyanın telekanallarına daha çox ermənilər dəvət olunur, ermənilərin bütün tribunalardan yararlanmasına şərait yaradılır. Ortada Rusiya dövlətinin rəsmi siyasəti var. Məhz bunun nəticəsidir ki, ermənilər bu gün Rusiyada siyasətdə, jurnalistikada, dövlət qurumlarında ciddi şəkildə yer tutublar. Tutduqların yerlərdən yararlanıb Qarabağ məsələsində öz xeyirlərinə təbliğat aparırlar.
 
Keçirilən rəy sorğusunun ortaya çıxardığı nəticələr məhz bütün bunların illər boyu göstərdiyi təsirdən irəli gəlir".

Deputata görə, Qarabağ həqiqətlərinin Rusiya cəmiyyətinə çatdırılması üçün oradakı azərbaycanlılar, Rusiyadakı diaspora təşkilatlarımız Rusiya cəmiyyətinə təsir edən kanallara mümkün qədər nüfuz etməlidirlər: “Bu məsələdə bizim Rusiyada yaşayan soydaşlarımızın passivliyi göz qabağındadır. Ancaq bütün günahı onların üzərinə qoymaq da doğru olmaz. Başlıca səbəb Pyotr dövründən indiyə qədər ənənəvi xarakter alan rəsmi dövlət siyasətinin mahiyyəti ilə bağlıdır”.
 
F.Ağamalı onu da dedi ki, Rusiyada çoxlu sayda biznesmen, böyük kapitala malik azərbaycanlı iş adamları olsa da onlar siyasətə meyl eləmirlər: “Yuxarıda qeyd olunan problemin yüzdə otuzu bu passivlikdən qaynaqlanır. Deməzdim ki, azərbaycanlıların siyasətə qoşulmaq üçün qabiliyyəti yoxdur. Sadəcə olaraq, onlara siyasi proseslərə qoşulmaq üçün imkan yaradılmır. Eyni zamanda azərbaycanlı iş adamlarının özlərində də siyasi proseslərə meyl yoxdur. Onlar bütün məhdudiyyətlərə rəğmən mümkün olduğu qədər siyasi proseslərdə də iştiraka çalışmalı, siyasi sahədə də özlərini təsdiq eləmək üçün çaba göstərməlidirlər. Azərbaycanlı iş adamları Rusiyanın siyasi dəhlizlərinə də girməyi bacarmalıdırlar. Rusiya siyasi dairələrində etibarlı tərəfdaş olduqlarını ortaya qoymalıdırlar. Çünki azərbaycanlılar ermənilərdən fərqli olaraq etibarlı tərəfdaş olduqlarını tarix boyu sübut ediblər. Kapitalı olan azərbaycanlılar Rusiyanın Dövlət Dumasına seçkilərdə aktiv iştirak etməli, namizədliklərini verməlidirlər”.
 
Qeyd edək ki, SSRİ-nin dağılmasından indiyə qədər Rusiya Dövlət Dumasında azərbaycanlı deputat olmayıb. Bu ilin sentyabrında Dumaya seçkilər keçiriləcək. Məlumatlar yayılıb ki, azərbaycanlı Ramin Qasımov Rusiya Dövlət Duması deputatlığına namizəddir. 
 
Həmyerlimizin namizədliyi hakim “Vahid Rusiya” (“Yedinaya Rossiya”) partiyasından, Dağıstan Respublikasında yerləşən 11 saylı seçki dairəsindən verilib. Belə azərbaycanlıların sayının çox olması zəruridir.
Cia.az