“Gözümün ağı qarası oğlum”, “bütün sərvətim oğlum”, “kişinin oğlu olar” kimi ifadələri tez-tez eşidirik. Azərbaycan ailələrində oğlan uşaqları bir qayda olaraq, daha “ağır çəkili” olur, nəinki qızlar. Çünki oğlanlar ailədə daha çox sevilir, ona ailənin soyadının, mirasının davamçısı kimi baxırlar.
Hətta Azərbaycanda oğlu olmayan ailələr bəzən özünün varisi olaraq qardaşı oğlunu görür, qızlarına isə həyatda heç nə vermir. Uzun illər Azərbaycanda qadınların sayı kişilərdən, ən azı 1 faiz çox olub. Məsələn, 2003-cü ildə ölkə əhalisinin 49 faizi kişilərdən, 51 faizi qadınlardan ibarət olub. Qadınların sayı tədricən azalaraq 2011-ci ilin yekununda artıq 50,4 faizə enib. 2013-cü ilin sonunda isə bu rəqəm 50,3 faiz təşkil etdi. Sonuncu olaraq da BMT-nin açıqlaması qız uşaqlarının sayının getdikcə azalmağa doğru getdiyini deməyə əsas verir. Bugünlərdə BMT Azərbaycanın doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdə dayandığını bildirib.
Bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür.Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Qurum rəsmisinə görə, cinsi nisbətin pozulmasının qarşısı alınmasa, gələcəkdə kişilərin sayı artacaq və gender bərabərliyini bərpa etmək çətin olacaq. F.Babayev onu da deyib ki, cinsi nisbətin pozulmasının qarşısını almaq üçün bütün aidiyyəti qurumlar problemin həllinə cəlb olunmalıdır: “Bu problemi dövlət strukturları, kütləvi informasiya vasitələri, cəmiyyət birgə həll etməlidir. Çünki qadağalarla məsələni həll etmək qeyri-mümkündür. Məsələyə yanaşmanın dəyişməsi üçün yeganə yol təbliğatdır”.
Bir sıra mütəxəssislərə görə, bunun bir səbəbi də son illər selektiv abortların sayının artması ilə bağlıdır. USM-in köməkliyi ilə cinsiyyətin müəyyənləşməsindən sonra qız uşağı istəməyən gənc ailələr uşağı tələf etmək qərarına gəlirlər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarından aydın görmək olur ki, əsasən müsəlman ölkələrində və kasıb regionlarda qız övladlarının sayı bu yolla azaldılır.
Tibb elmləri doktoru Adil Qeybulla bu hesablamanın düzgün olmadığını deyir: “BMT-nin hesablaması düzgün deyil. Müharibəyə gedən əsas oğlanlardır. Bu baxımdan heç bir problem yoxdur. Əksinə, hesab edirəm ki, buyaxşı tendensiyadır. Düzdür, zamanında bu məsələyə diqqət etmək olar. Sadəcə olaraq, bu məsələni bura qədər gətirən səbəblərdən biri məqsədsiz edilən abortlarla bağlıdır. Amma hazırda oğlan uşaqlarının çoxluğunun olması problem, təhlükə törətmir”.
Psixoloqların fikrincə, qız uşaqları ilə oğlan uşaqları arasındakı ayrı-seçkilik onların psixologiyasına da mənfi təsir göstərir. Psixoloqlar həmçinin deyirlər ki, qız övladı atasına daha çox düşkün olur, çünki onların aralarında ruhi bağ var. Bu bağ qızları atalarına doğru aparsa da, çox vaxt onlar sərt münasibətlə üzləşirlər. Atalar var ki, qızını əzizlədiyini gizlətməyə çalışır, içində ona qarşı sonsuz sevgisi olsa da bunu büruzə vermir və içindəki sevgini gizlədir.
Psixoloq Dəyanət Rzayev bu cür düşüncəni insanların beynindən çıxartmağın çətin olduğunu dedi:“Burada qadınların diskriminasiyasından söhbət gedir. Qız uşaqlarına nifrət, qızları diri-diri basdırmaq, öldürmək ərəblərdən gəlir. Əslində biz bu məsələyə genetik nöqteyi-nəzərdən baxsaq, mülkiyyətin daşıyıcısı necə oğlan olursa, qız da ola bilər. Təbii ki, bu, absurd bir anlayışdır Əvvəllər qadın dalbadal qızı olanda onu döyür, təhqir edirdilər. Təəssüflər olsun ki, keçmişdə olan anlayışlar cəmiyyətdə bu günkü günə qədər tətbiq olunur. Qız və oğlan bir-birini sevib evlənir və bir qız uşağı dünyaya gəlir. Oğlanın ailəsi dirənir ki, mən oğul nəvəsi istəyirəm, kişinin oğlu olar və sairə. Belə absurd şeylər təəssüflər olsun ki, çox olur. Düzdür, bu sahə üzrə müəyyən yumşalma gedir. İndi uşağın cinsiyyəti bilinən kimi qızdırsa, bəzi ailələr bunu abort etdirir. Bu psixologiyanı insanların beynindən çıxartmaq çətindir, amma maarifləndirmə işi aparmaq lazımdır”.
Cia.az
