|
Deputat toxunulmazlığı-90-cı maddə ləğv oluna bilərmi?
Türkiyə parlamentində deputatların toxunulmazlıq hüququnun ləğv olunması məsələsi ciddi müzakirələrə yol açıb. Hazırda məsələ ilə bağlı yekdil rəy yoxdur, amma müzakirələrin toxunulmazlıq hüququnun ləğvi ilə nəticələnəcəyini düşünməyə əsas verən xəbərlər var. Hazırda Ukraynada da oxşar müzakirələr gedir. 
 
Bu ilin fevralında Ukrayna prezidenti  Petro Poroşenko belə bir təşəbbüslə çıxış edib. O, təşəbbüsünü belə əsaslandırıb: “Mən Konstitusiya Məhkəməsinə deputatların toxunulmazlıq statusunun ləğv olunması haqda layihə təqdim etmişəm. Bu fikir Konstitusiya Məhkəməsi tərəfindən dəstəklənib. Deputat toxunulmazlığı yerinə, onların təkcə Radada çıxışları və siyasi görüşlərinə görə hər hansı bir təqibə məruz qaldıqları zaman təhlükəsizliklərinin qorunması yetərlidir”.
 
P.Poroşenko  məhkəmə hakimlərinin toxunulmazlıq hüququnun ləğvini də məqsədəmüvafiq sayıb: “Siz məhkəmə sistemindəki korrupsiya məsələsini araşdırdığınız müddətdə hakimlərin toxunulmazlığı var. Bu istintaq aylar, illər çəkir. Bir nəticəyə varana qədər də bu insanlar yoxa çıxır. Daha sonra biz onları beynəlxalq axtarışa veririk, ancaq tapa bilmirik. Mən təklif edirəm ki, hakimlərdən toxunulmazlıq statusu götürülsün. Onlar təkcə verdiyi qərarlara görə yox, həmçinin aldıqları rüşvətlərə görə də məsuliyyət daşısınlar”.
Bəs Azərbaycanda deputatların, hakimlərin toxunulmazlıq hüququ götürülməlidirmi? 
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, bu məsələ Azərbaycanda da dəfələrlə müzakirə olunub. Lakin son nəticədə konstitusiyamıza utanc gətirən 2 maddənin ləğvi mümkün olmayıb: “Azərbaycan Konstitusiyasının 90-cı (Milli Məclisinin deputatlarının toxunulmazlığı) maddəsində deputatların, 128-ci (hakimlərin toxunulmazlığı) maddəsi ilə məhkəmə hakimlərinin  toxunulmazlıq hüququ təsbit olunub. Deputatlara və məhkəmə hakimlərinə bu hüququn verilməsi konstitusiyaya ziddir, mahiyyətinə uyğun deyil”.
 
Tanınmış hüquqşünas deyir ki, Azərbaycan dövləti bu məsələni diqqətə alıb həmin maddələrin ləğvini təmin etməlidir: “Bu maddələr konstitusiyamızın 25-ci - Bərabərlik Hüququ maddəsi ilə tamamilə ziddir. 25-ci maddədə yazılır ki, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiya mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabərlik hüququna təminat verir. Yəni şəxs deputatdır, məhkəmə hakimidir, vəzifə daşıyıcısıdır, hakim partiyanın üzvüdür deyib ona heç bir güzəşt, imtiyaz verilə bilməz. Göründüyü kimi,  Azərbaycan Konstitusiyanın 25-ci maddəsi ilə 90-cı, 128 maddələri arasında ziddiyyət açıq-aşkardır. Hamı qanun və məhkəmə qarşısında bərabərdirsə, niyə görə Milli Məclis deputatının toxunulmazlıq hüququ olmalıdır? Niyə görə deputatın cinayət məsuliyyətinə cəlb olunması üçün onun toxunulmazlıq hüququnun götürülməsi zərurəti olmalıdır? Niyə bu hüququn götürülməsinə görə baş prokuror Milli Məclisə müraciət etməlidir? Deputat da vətəndaşdır. Niyə onun hüququ sıravi vətəndaşdan üstün olmalıdır?”

M.Baxış deyir ki, deputatlara, məhkəmə hakimlərinə konstitusiyanın mahiyyətinə zidd imtiyazların verilməsi qeyri-demokratik ölkələrə xas xüsusiyyətdir: “Bütün bu toxunulmazlıq hüquqları totalitar dövlətlərə xas olan qaydalardır. Demokratik, sivil, qanunların həqiqətən şah olduğu dövlətlərdə belə imtiyazlar nəzərdə tutulmayıb. Dəfələrlə ölkənin tanınmış hüquqşünasları tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasındakı bu ziddiyyətlərin aradan qaldırılması təklif olunub. Bərabərlik hüququ təsbit olunan konstitusiyamızın mahiyyətinə zidd olan maddələrin ləğv edilməsi, imtiyazların alınması məsələsi gündəmə gətirilib. Bu gün Türkiyədə belə bir təşəbbüsün müzakirə edilməsini bəyənir, alqışlayıram. Təşəbbüsün həmin hüququn ləğvi ilə nəticələnəcəyinə ümid edirəm. Çox düzgün bir təşəbbüsdür. Hamı qanun və məhkəmə qarşısında bərabər olduğuna görə heç bir kəs üçün töxunulmazlıq hüququ təsbit edilə bilməz”. 
Cia.az