|
İsrail-Türkiyə münasibətləri sıçrayışlı dönüş ərəfəsində – Bakı faktoru...
Türkiyə ilə İsrail arasında 10 Türkiyə vətəndaşının ölümünə gətirən “Mari Mərmərə” olayına görə korlanmış diplomatik əlaqələr tam həcmdə bərpa olunmaq üzrədir. Xəbər verdiyimiz kimi, bir müddətdir bu yöndə çalışan ikitərəfli nümayəndə heyətləri artıq yekun anlaşmanın bir addımlığındadır. 
Xatırladaq ki, Türkiyə tərəfdən danışıqlarda XİN müşaviri Firudin Sinirlioğlu, İsrail tərəfdən isə baş nazir Benyamin Netanyahunun xüsusi təmsilçisi Yozef Sieçenover və mili təhlükəsizlik müşaviri Yakob Naqel iştirak edir. Bu, kifayət qədər yüksək səviyyəli danışıqlar hesab olunur.
“Türkiyə-İsrail münasibətlərində 6 illik gərginlikdən sonra istiləşmə müşahidə müşahidə olunur”. Dünən bu barədə yazan “Euronews” qeyd edir ki, intensiv diplomatik səylər artıq bəhrəsini verməkdədir. “Tərəflər bütün mübahisəli məsələlər üzrə, o cümlədən zərərçəkənlərə və onların ailələrinə təzminatların verilməsi və Qəza sektorunun blokadasının götürülməsi mələsində demək olar, anlaşma əldə ediblər” - nəşr bildirir.
“Hər gün 800-900 yük maşını Qəzza sektoruna yollanır və onların sayı arta bilər. Biz Türkiyənin bunda iştirakının əleyhinə deyilik. Yəni Qəzza sektorunun dəniz blokadası bizə görə daha problem təşkil eləmir. Əminik ki, Türkiyə hökuməti ilə belə fikir ayrılıqları artıq arxada qalıb”. Bu barədə nəşrə İsrailin İstanbuldakı səfiri Şai Koen bildirib. Onun sözlərinə görə, anlaşma tezliklə qüvvəyə minəcək, sadəcə olaraq, İsraildə AKP-nin mayın 22-də keçiriləcək qurultayını gözləyirlər ki, seçiləcək yeni sədr (hökumət başçısı) yeni hökuməti formalaşdırsın. 
 
Göründüyü kimi, İsrail-Türkiyə münasibətlərinin tam həcmdə bərpası simvolik bir amilə - AKP-nin qurultayının nəticələrinə bağlıdır. Yəni indiki baş nazir Əhməd Davudoğlunun istefası məsələsi qəfil ortaya çıxmasaydı, əslində belə bir hadisə lap tez baş verərdi...      
Dəfələrlə vurğuladığımız kimi, Ankaranın yəhudi dövləti ilə münasibətlərinin tam həcmdə qaydaya düşməsi Azərbaycanın da köklü maraqlarına cavab verir. Ona görə ki, İsrail-Türkiyə müttəfiqliyi regionda Rusiya-Ermənistan hərbi-siyasi ittifaqına qarşı durmaqda ölkəmizin gücünə əlavə güc qatacaq. 
4 günlük müharibə də göstərdi ki, İsraillə hərbi-texniki və hərbi-texnoloji sahələrdə əməkdaşlıq Azərbaycanın milli təhlükəsizliyi və Qarabağ məsələsi üçün nə dərəcədə önəm daşıyır. Üstəlik, rəsmi Təl-Əviv işğal, Dağlıq Qarabağ məsələsində Azərbaycandan siyasi dəstəyini də bu hadisələr zamanı əsirgəmədi və əsirgəmir. 
Kəsəsi, iki ölkənin sıx əlaqələri ilk ciddi sınaqdan uğurla çıxdı və haqlı olaraq, bu da erməni tərəfdə əndişə yaratdı. İsrailin Ermənistanla hərbi sahədə əməkdaşlıqdan imtinası işğalçı üzərində Bakının başqa, mühüm bir üstünlüyü kimi təsbit edilə bilər. Söhbət həm də beynəlxalq miqyasda Azərbaycanın haqq işinin yəhudi lobbisi səviyyəsində daha güclü müdafiə edilməsinin perspektivindən gedir. 
Erməni tərəfinin generalları da bu yeni gəlişmələri həyəcanla təsdiqlədilər. Son olaraq məsələyə münasibət bildirən, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynamış erməni general Vitali Balasanyan oldu:“Qarşı tərəfin gücünü düzgün qiymətləndirmək lazımdır. Biz gördük ki, ötən illər ərzində Azərbaycan öz Silahlı Qüvvələrini yenidən təchiz etməyi bacarıb. O cümlədən ixtisaslaşma planı həyata keçirilib. Belə ki, onlar Türkiyədə, İsraildə və başqa ölkələrdə hazırlıq kursları keçiblər. Biz onların pilotsuz uçuş aparatlarının və artilleriyalarının üslub və keyfiyyətini gördük”. Azərbaycanın istifadə etdiyi silah növlərini şərh edən Balasanyan daha sonra deyib: “Keçmiş hərbçi kimi mən deyə bilərəm ki, bu gün artıq keyfiyyət və kəmiyyət dəyişikliyi var”.
İşğalçının yuxusunu qaçıran belə “kəmiyyət və keyfiyyət dəyişikliyi” isə aydın məsələdir ki, həm də Azərbaycanın İsraillə son illər sıxlaşan əlaqələri hesabınadır. Türkiyə-İsrail münasibətlərinin tam qaydada bərpası bu əlaqələrə məxsusi impuls verə bilər. Bu, Qarabağ məsələsində Azərbaycanın daha uğurlu mövqe qazanması demək olardı. 
 
Yaddan çıxarmaq olmaz ki, Qarabağda müharibə yox, döyüş bitib. Bir çox ekspertlərə görə isə böyük savaş hətta gələn ayın sonu üçün alovlana bilər (Musavat)
Cia.az