|
Dollar kreditlərinə qadağa uzun müddət qüvvədə qalacaq
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayıb. O bildirib ki, yeni kreditləşmə modelinə əsasən xarici valyutada verilən istehlak kreditlərinin verilməsinə olan qadağa qüvvədə qalmaqdadır: “Burada iki istisna var. Birinci istisna odur ki, əgər müştəri əvvəllər xarici valyuta ilə kredit alıbsa və bu gün həmin kreditlərin vaxtı bitibsə və ya vaxtı tamamlanmayıb, lakin banklar bu kreditləri restrukturizasiya edirlərsə, belə müqavilələrin imzalanmasına yol verilir. Bu, daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. İkincisi, əgər kiminsə xarici valyutada gəlirləri və ya xarici valyutada bankda depoziti varsa və bu depoziti girov qoyaraq xarici valyutada borc almaq istəyirsə, belə kreditlərin də verilməsinə icazə verilir. Yerdə qalan hallarda xarici valyutada istehlak kreditlərinin verilməsinə qoyulan qadağa qüvvədə qalır”.

APA-nın xəbərinə görə, o əlavə edib ki, xarici valyutada olan kreditlərin restrukturizasiyası və manat kreditləri ilə əlaqədar bir sıra yeni prudensial tələblər tətbiq olunub: “Bu tələblərin məqsədi odur ki, insanların aldığı kreditlər üzrə ümumi aylıq xərcləri onun ümumi aylıq gəlirlərin yarısından çox olmasın. İkincisi, hətta bu ümumi gəlirlərin xərclər çıxıldıqdan sonra yerdə qalan hissəsi yaşayış üçün yetərli olsun. Biz burada yaşayış minimumunu da nəzərə almışıq. Tələb odur ki, biz yaşayış minimumunun 3 mislini hədəf göstəricisi kimi götürmüşük. Yaşayış minimumunun 3 mislindən yuxarı gəlirləri öz öhdəsində qalan insanlar daha aşağı risk qrupuna aid edilir. Bununla əlaqədar biz banklardan daha az kapital, ehtiyat tələb edirik”.
 
R.Aslanlının sözlərinə görə, son bir il ərzində kreditlərin həm müddəti, həm də faiz dərəcələri aşağı salınıb. O bildirib ki, devalvasiyadan sonra banklar vaxtı keçmiş kreditlərin böyük hissəsini faizlər üzrə güzəştə gediblər, müddətləri azaldıblar.
 
R.Aslanlı həmçinin qeyd edib ki, hökumət likvidlik problemi olan banklara yardım edəcək: “Palatanın problemli kreditləri artan və aktivlərinin keyfiyyəti pisləşən banklara münasibətdə ayrıca proqramı var. Banklar qısamüddətli likvidlik problemi ilə üzləşərsə, biz bu situasiyanı göz altına almışıq. Hökumət o banklara likvidliklə bağlı yardım etməyə planlaşdırır. Bilirsiniz ki, ”Bank Standard" üzləşdiyi belə bir problemi həll etmək üçün çox təcili qaydada yardım olundu". O, həmçinin deyib ki, 10 min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə də baxıla bilər. R.Aslanlı bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir. “Ancaq palataya bu barədə müraciət daxil olsa, bu məsələyə baxıla bilər”. 
 
Ekspert Əkrəm Həsənov isə bildirib ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarının hüquqi qüvvəsi yoxdur. Palatanın kreditləşdirməyə dair qərarını şərh edən Ə.Həsənov qeyd edib ki, qurumun kredit təşkilatları üçün hər hansı qayda qəbul etməyə hələlik heç bir səlahiyyəti yoxdur: “Belə ki, palatanın nizamnaməsinin 2.2.3-cü və 5.3.2-ci bəndlərinə əsasən onun Direktorlar Şurası nəzarət etdiyi subyektlər üçün qaydaları normativ xarakterli akt formasında qəbul etməlidir. Həmin aktlar dövlət reyestrinə daxil edilməlidir. Lakin sözügedən reyestrdə palatanın hələlik bir qərarı belə yoxdur. Ümumiyyətlə, qərarları indiyədək dərc olunmayıb. İctimaiyyətə yalnız press-relizlər təqdim olunur. Ona görə ki, ”Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 4.1-ci maddəsində normativ xarakterli akt qəbul edə bilən qurumlar sadalanıb. Palatanın adı orada hələlik yoxdur. Olmayana qədər palata heç kəs üçün heç bir qayda müəyyən edə bilməz. Buna görə də palatanın indiyə qədər qəbul etdiyi qərarların məcburi hüquqi qüvvəsi yoxdur, uzaq başı tövsiyədir. İqtisadi cəhətdən palatanın qərarlarının əksəriyyətini məqsədəuyğun hesab edirəm. Amma banklar onlara riayət etməyə məcbur deyil və istisna deyil ki, sərf etmədikdə əməl etməyəcəklər də. Buna görə də palata tezliklə səlahiyyətlərinin legitimliyinə nail olmalıdır. Əks halda, bankların öhdəsindən gəlməyəcək".
Ə.Həsənov musavat.com-a açıqlamasında bildirib ki, palatanın bir sıra qərarlar qəbul etməsi başadüşüləndir: “Bunu başa düşmək olar ki, əks halda, fəaliyyət göstərə bilməz. Dollar kreditlərinə qadağa qoyulması hesab edirəm ki, uzunmüddətli olacaq. Bunu düzgün hesab edirəm. O ki, qaldı indiyədək olan kreditlərə, bankların bəziləri cüzi güzəştlər edirlər. Əgər devalvasiya nəticəsində borc yüz faiz artırsa, bu zaman hansısa faiz dərəcəsinin 3-4 faiz aşağı salınması heç nəyi dəyişmir. Yüz faiz fərq varsa, müddətin uzadılması da əslində borclunun yox, bankın xeyrinədir. Buna görə də güzəştləri əhəmiyyətli saymıram. Əhəmiyyətli güzəştlər yalnız o ola bilərdi ki, devalvasiya nəticəsində faiz fərqi bankla müştəri arasında bərabər bölünərdi. Ümid edək ki, palata da gələcəkdə məhz belə güzəştlərin üzərində işləyəcək. Amma buna ümid çox deyil”.
musavat