Bu günlərdə əslən güney azərbaycanlı olan Rza Zərrabın Nyu Yorkda ilk məhkəmə iclası keçirilməsi qalmaqallı olayı bir daha gündəmə gətirdi. Məhkəmədə R.Zərrab dörd ayrı maddə üzrə ittiham olunub. Məşhur iş adamı bank sənədlərini saxtalaşdırmaqda və çirkli pul yumaqda suçlanır və bu ittihamlara görə ona 75 il həbs cəzası gözləyir.
O da məlumdur ki, R.Zərrabın iş ortağı Babək Zəncani də ötən ay İranda həbs olunub və ona edam cəzası kəsilib. Biznesmen 2013-cü ildə öz şirkəti üzərindən satılan neftin gəlirlərini İran Mərkəzi Bankına əksik yatırmaqda günahlandırılır. İddialara görə Zəncani bu yolla hesabına 2.8 milyard dollar keçirib. Onu da qeyd edək ki, B. Zəncaninin də əslən güney azərbaycanlı olduğu bildirilir.
Maraqlıdır, hər iki milyarder əslən güney azərbaycanlı olsa da onların həbsi ilə bağlı güney təşkilatları və ya qurumları heç bir dəstək nümayiş etmədi. Səbəb nədir?
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanının mətbuat məsələləri üzrə müavini Ağrı Qaradağlı məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. GAMOH rəsmisi qeyd edib ki, Rza Zərrab və Babək Zəncani əslən güneyli olsalar da hər zaman rejimin içində olan və Əhməd Nejad dönəmində tam rejimə dəstək verən şəxslər olublar:
“Bildiyiniz kimi, Türkiyədə rüşvətxorluq məsələsində bəlli oldu ki, Rza Zərrab İranda olduğu vaxt İranın büdcəsini xaricə çıxarıb və dövrəyə salıb. Biz buna əminik ki, Rza Zərrab son zamanlarda İran hakimiyyətinin davamına çox böyük dəstək verib.
Təşkilatımız, sadəcə, birisi güneylidir deyə dəstək verə bilməz. Çünki Rza Zərrabın kimlərlə çalışdığını bilmirik. Məsələn, sonra məhkəmədə bəlli olsa ki, o, SEPAH və ya ETTELAAT-a və yaxud da Hizbullah təşkilatlarında yardım edirmiş, biz o zaman nə etməliyik?..
Daha sonrası isə Zərrab AKP-nin adamı kimi tanınır. Onu himayə etmək bizimlə MHP-nin arasını pozar".
GAMOH rəsmisinin sözlərinə görə, əslən güney azərbaycanlı olan Rza Zərrab Güneydə xanımı, türk müğənnisi Ebru Gündəşə görə tanınıb:
“Yoxsa Zərrab Güneydə tanıyan çox az adam ola bilərdi”.
Ağrı Qaradağlı təmsil etdiyi təşkilatın edam cəzasına tuş gələn gənc milyarder Zəncaniyə olan mövqeyindən də danışdı:
“Zərrab azərbaycanlı olduğunu vurğulayırdı. Amma Zəncani bu məsələyə yanaşmadı. Təkcə Zəncani deyil, milyonlar var ki, özünü, kimliyini gizlədir, belələri çoxdur. Zəncani, sadəcə, olaylar əsasında gündəmə gəldi. Ona indi edam hökmü cəzası verilib və çox güman ki, bu qərar təsdiqlənəcək.
Birinci Zəncani rejimin öz balası idi, amma dəyişikliklər nəticəsində rejimin daxili hesablaşmasına qarşı gəldi. Biz bəlli olmayan bir kimsəni müdafiə etməməliyik. Lakin eyni zamanda biz edam cəzasına qarşıyıq. Buna baxmayaraq, onu bir güneyli kimi deyil, insan hüquqları kimi müdafiə etmək olar. Sonucda biz (GAMOH) bir demokratik təşkilatıq".
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü Məhsa Mehdili Bərzin də məsələ ilə əlaqədar “Yeni Müsavat”a danışıb. GAMAC sözçüsü də qeyd edib ki, adıçəkilən hər iki milyarder Güney Azərbaycanı təmsil etməyən şəxslərdir:
“Güney Azərbaycan milli hərəkati özünü Tehran mərkəzli hərəkətlər və axınlardan müstəqil şəkildə aparmaqdadır. Bu, Güney Azərbaycan xalqı üçün tarixi bir başarıdır, cizgilərində çox kəskindir. Bütün bunlarla birgə bölgədə və İranla bağlı məsələlərə qarşı da yetərli həssaslıq göstərir və mövqeyində də ciddidir.
Babək Zəncani və Rza Zərrab İran siyasətinin fars mərkəzli siyasi və iqtisadi axınların çıxarları yönündə fəaliyyət edən, Güney Azərbaycanı təmsil etməyən iki adamdır. Güney Azərbaycan milli hərəkatı özlərini belə olaylarda məsul görmür. Azərbaycanın milli çıxarları üçün hətta Güney Azərbaycanda iqtisadi olaraq heç bir faydaları və məsuliyyət hissəsi olmayan İran hökumətinin çıxarlarına xidmət edən və dolayı yolla siyasi olaraq hökumətin dəyirmanına su tökənlər bizi deyil, İran hökuməti və yaxud fars mərkəzli hərəkətləri təmsil edirlər. Əlbəttə, kimliyindən asılı olmayaraq gerçək ədalət bizim hər zaman tək seçimimizdir və kimsənin haqsız və qaranlıq sistemlərdə fəda olmasını istəmərik".
Xatırladaq ki, Rza Zərrab 1983-cü ildə İranda dünyaya gələn və uzun müddət Türkiyədə iş adamı kimi çalışan güneyli azərbaycanlıdır. O, Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.
Edam cəzasına məhkum olan iranlı milyarder Babək Mörtəzə Zəncani isə 1974-cü ildə anadan olub. Məlumata görə, milyarder əslən Cənubi Azərbaycanın Zəncan şəhərindəndir.
musavat
