Apreldəki 4 günlük müharibədən sonra sülh danışıqlarının tezliklə və daha effektli məcrada bərpa olunacağına bəslənən ümidlər doğrulmadı. İşğalçı Ermənistanın yeni və absurd şərtlər irəli sürməsi, Rusiyanın isə ona ciddi təzyiqlər göstərməməsi danışıqları dalandan çıxarıb konstruktiv məcraya yönəltməyə imkan vermədi. Bu isə münaqişə zonasında yeni və daha genişmiqyaslı hərbi toqquşmanın qaçılmazlığı deməkdir.
Doğrudur, bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov, ardınca isə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova yaxın zamanlarda Dağlıq Qarabağa dair danışıqların bərpa ediləcəyinin anonsunu veriblər. Lakin bu açıqlamalarda konkret tarix yoxdur. Bunun da başlıca səbəbi, deyildiyi kimi, erməni tərəfinin hələ də maksimalist mövqe tutması ilə bağlıdır.
Ermənistan XİN başçısı Edvard Nalbəndyanın son açıqlaması buna şübhə yeri saxlamır. Erməni nazir jurnalistlərə bildirib ki, danışıqlarda əsas məqsəd regionda yeni zorakılıq hallarının qarşısının alınmasıdır. “Hazırda mümkün ola biləcək görüşlərin məqsədi aprel ayında baş vermiş toqquşmaların təkrarlanmasının qarşısının alınmasına, müddətsiz atəşkəs rejiminin qorunmasına və atəşkəsin pozulması hallarının araşdırılması mexanizmlərinin yaradılmasına yönəldilməlidir” - Nalbəndyan deyib.
***
Yəni erməni tərəfini ən çox atəşkəsin qorunması, ayrı sözlə, hər hansı konstruktivlik göstərmədən işğal rejimini saxlamaq maraqlandırır. Bu isə təbii ki, Azərbaycanı qane edə bilməz. Azərbaycan işğalın bitməsi üçün 22 il dinc danışıqlarda səbirlə iştirak edib və daha neçə il boşuna gözləmək fikrində deyil. 4 günlük müharibənin təcavüzkar ölkəyə, vasitəçi dövlətlər və beynəlxalq birliyə əsas mesaj-xəbərdarlığı da elə məhz bu idi.

Bu xəbərdarlığın qulaqardı edilməsi tezliklə münaqişə bölgəsində qat-qat böyük hərbi eskalasiyanın başlaması demək olacaq. Bu barədə az qala hər gün siyasi və hərbi ekspertlər xəbərdarlıqlar eləməkdədir. Son olaraq ABŞ-dakı Kornegi Fondunun analitiki, Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal “Politoco Europe” qəzetində dərc etdiyi məqaləsində müharibə perspektivi haqda yazıb.
Onun fikrincə, sülh danışıqlarında tezliklə irəliləyiş əldə edilməsə, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə, böyük hərbi əməliyyatlar başlayacaq. O, təxmini tarix də söyləyib - Bakıda keçiriləcək “Formula-1" yarışlarından sonra, iyunun sonlarında yeni müharibə alovlana bilər. ”Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan və Ermənistan Bosniya münaqişəsinin 2-3 addımlığındadır. Bu isə bütün region üçün zərərli ola bilər" - analitik bir daha xəbərdarlıq edib.
“Aprelin 2-də atəşkəsin pozulması böyük çata səbəb oldu. Böyük ehtimalla, Azərbaycanın məqsədi Ermənistan ordusunun müdafiəsini yoxlamaq və erməniləri danışıqlar masasına daha zəif halda oturtmaq olub. Azərbaycan ordusu işğal altında olan ərazilərin bir hissəsini azad etdi və sağlam qüruru yenidən bərpa etdi” - Qarabağ üzrə mütəxəssis yazır.
***
“Formula-1"dən sonra genişmiqyaslı əməliyyatların başlama ehtimalı barədə ilk dəfə ”Yeni Müsavat" yazıb. Onu da qeyd eləmişik ki, böyük müharibədən qaçmağın bir yolu var - o da işğalçı Ermənistanın nəhayət ki, konstruktiv mövqeyə gəlib nəzarətindəki ərazilərin heç olmasa, bir hissəsini ön şərtsiz azad eləməyə hazır olmasıdır. Yəni sülh, yoxsa müharibə seçiminin ilk növbədə təcavüzkar edəcək. O da artıq aydındır ki, Ermənistan işğal rejimini uzatdıqca, dövlət olaraq, öz siyasi mövcudluğunun ömrümü qısaldır.

İşğal faktı qalana qədər isə Azərbaycan təcavüzə uğrayan tərəf kimi öz hərbi-müharibə hazırlıqlarını gücləndirmək haqqına sahibdir. Bu yöndə addımlar ilbəil artmaqdadır. Cəbhə xəttinə yaxın bölgələrdə təzəcə başa çatmış növbəti hərbi təlimlər buna sübutdur. Dünən isə bəlli olub ki, Azərbaycan həmçinin, erməniləri vahiməyə salan silahların istehsalına başlayır. Belə ki, iri hərbi texnikaların idxalı ilə yanaşı, artıq onun ölkədə geniş istehsalı da planlaşdırır.
“Aprel döyüşlərindən sonra Ermənistan ordusunu vahiməyə salan, hədəfi vurmaq gücündə olan pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanda istehsalına başlanılacaq”. Bunu ANS TV-yə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. Onun sözlərinə görə, yaxın üç ay ərzində “Zərbə” adlı yeni nəsil PUA-nın sınaqlarına start veriləcək: “Azərbaycan artıq müxtəlif mənzilli raket texnologiyalarının istehsalına da başlayacaq. Bütün silah-sursatın istehsalı üçün ölkəmizdə zavodun açılması planlaşdırılır”.
Nazir bildirib ki, artıq iyun yaxud iyul ayının sonlarına həmin zavodun açılışını planlaşdırırlar: “İyul ayının axırından sonra da Azərbaycan Silahlı Qüvvələrində olan bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq. 100, 122, 130, 152 və 155 millimetrlik bütün döyüş sursatları da ölkəmizdə istehsal ediləcək. Bu da bizim bütün silahlanmada olan altilleriya və tankların tam şəkildə döyüş sursatları ilə təminatına şərait yaradacaq”.

Yavər Camalov müxtəlif mənzilli raket texnologiyalarının da ölkəmizdə istehsalının planlaşdırıldığını qeyd edib. Nazir bildirib ki, qarşıya qoyulan əsas tapşırıqlardan biri müxtəlif mənzilli idarəolunan raketlərin texnologiyasının Azərbaycana gətirilməsi və onların burada istehsalıdır: “Yer-yer, hava-yer və hava-hava”. Bu istiqamətdə elmi tədqiqat institutu işləyir. Bundan başqa həmin texnologiyanın Azərbaycana gətirilməsi istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir. Türkiyənin “Raketsan” şirkəti ilə bu istiqamətdə danışıqlar aparılır. Cənubi Afrikanın müvafiq şirkəti ilə də danışıqlar davam etdirilir. Bundan başqa, Malayziyada yerləşən Braziliya şirkətlərindən biri də razılıq verdi ki, onlar bu texnologiyanı Azərbaycana ötürməyə hazırdırlar".
***
İşğalçı Ermənistan da xüsusən 4 günlük savaşdan sonra öz hərbi təchizatını gücləndirməyə səy edir - təbii ki, Azərbaycandan fərqli olaraq, əsasən Rusiyanın ucuz və kreditə verdiyi silahlar hesabına. Yeri gəlmişkən, dünən Rusiyanın İrəvandakı səfiri İvan Volınkin Moskva-İrəvan hərbi-texniki əməkdaşlığın səviyyəsi ilə bağlı maraqlı açıqlama verib. Belə ki, Qələbə günü münasibətilə keçirilən tədbirdə iştirak edən erməni jurnalistlərin suallarına cavab verən diplomat erməniləri pərt edib (virtualaz.org).
Məsələ ondadır ki, jurnalistlər səfirdən Rusiyanın Ermənistana verməli olduğu silahların niyə gecikdiyini soruşublar. Volınkin isə cavab verib ki, bu gün (9 may -red.) bayramdır və jurnalistlər bu mövzuda sual versələr yaxşıdır. Erməni jurnalistləri isə səfirlə mübahisəyə girərək xatırladıblar ki, Qarabağda müharibə gedir, Rusiya isə Azərbaycanı silahlandırmaqda davam edir.

Səfir isə “sübut edin ki, Rusiya Azərbaycanı silahlandırır” deyib. Jurnalistlər Rusiya səfirinə baş nazirin müavini Dmitri Roqozinin açıqlamasını xatırladıblar. Bu zaman səfir deyib ki, Rusiya Azərbaycana da, Ermənistana da silah satır. Daha sonra Rusiya səfirliyinin ikinci katibi jurnalistlərdən xahiş edib ki, mikrofonları söndürsünlər. Ardınca erməni saytının yazdığı kimi, diplomat “sensasion etiraf”la çıxış edib. “Bəyəm Ermənistan Dağlıq Qarabağı tanıyıb? Nə qədər ki, tanımayıb, rus silahı Qarabağa daxil ola bilməz” - səfir bildirib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə yeni Qarabağ müharibəsinin mümkünlüyndən danışarkən deyib ki, “Rusiya konfliktin beynəlxalq hüquq normaları və bölgədə yaşayan insanların maraqları çərçivəsində dinc və ədalətli nizamlanmasının tərəfdarıdır”. Səfirin sözlərinə görə, Kremlin məsələ ilə bağlı mövqeyi dəfələrlə ortaya qoyulub. “Həmin mövqeyi XİN başçısı və prezidentin mətbuat katibi də səsləndirib” - diplomat əlavə edib.
Cia.az
