|
“Oqtay Gülalıyev 400 min məsələsini tam açıqlamalıdır”
Yazıçı-publisist Mehriban Vəzir Milli Şuradan çıxarıldıqdan sonra verdiyi açıqlama qalmaqala səbəb oldu. Söhbət Oqtay Gülalıyevin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyası (MSŞT)  ilə bağlı Milli Şura rəhbərliyinə ünvanladığı məktubdan və oradakı 400 min vəsait məsələsindən gedir. 

Xatırladaq ki, Mehriban Vəzirin açıqlamasına görə, Oqtay Gülalıyev sözügedən məktubunda vurğulayıb ki, hökumətin müqavimətə, antitəbliğata ayırdığı 400 min manata baxmayaraq, hakimiyyət şura və monitorinq qrupu seçkilərində məğlubiyyətə uğrayıb.
 
Söylənilənlərlə bağlı Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı  da danışıb. O, öncə koalisiyanın ümumi vəziyyəti barəsində danışıb: “25 ildir fəaliyyət istiqamətim bu sahəyə yönəlib. Peşəkar ekspertlərə malikik və təşkilatımız sahə üzrə ixtisaslaşıb. Koalisiya isə sırf bu sahəni bildiyim üçün mənə doğmadır. Lakin heç zaman seçkilərlə əlaqədar koalisiyada iştirak etmərəm. Lazım olmadığı halda hər tərəfdə görünməyin özü qeyri-peşəkarlıqdır. Koalisiyaya ayrılan vəsaitə gəlincə isə deyə bilərəm ki, müxtəlif zamanlarda vəsaitlər ayrılırdı. Vəsaiti, səhv etmirəmsə, əsasən  ”SOROS" fondu ayırırdı.  Ancaq koalisiyaya ayrılan vəsaitlər, bildiyimə görə, az miqdarda olub, 400 min manat olmayıb. Hesab edirəm ki, bu qədər böyük miqdarda vəsait ayrılsaydı, orada elə qruplar var ki, onlar bir-birilərini çoxdan həlak edərdilər. Ayrılan vəsaitlərin miqdarından koordinatorlar xəbərdar olublar.  Mən koalisiyadan heç zaman qrant almamışam. Məqsədim qrant almaq yox, koalisiyaya öz bilik-bacarığımı vermək, həmçinin oradan bəhrələnmək olub.  Qısas, təşkilatımız koalisiyada təmənnasız fəaliyyət göstərib. Koalisiyada 140-a qədər təşkilat var, ancaq onlardan çoxu ictimaiyyət tərəfindən tanınmır. Fəaliyyətləri  isə ad günündə təbrik, kimsə öləndə başsağlığı verməkdən ibarətdir".
 
M.Qəhrəmanlı bildirib ki, Dünya Bankının koalisiyaya böyük vəsait ayıracağı açıqlandıqdan sonra vəziyyət dəyişib: “Bu fikirlər yayılmasaydı, yəqin ki, məlum hadisələr də baş verməzdi. 30 aprel tarixinə qədər koalisiyada hansı proseslərin getməsinə fikir vermirdim.
 
Ümumiyyətlə, heç zaman koalisiyada keçirilən seçkidə kiməsə, ”mənə səs ver" deməyi xoşlamamışam. Bu dəfə də tərəddüd içərisində namizədliyimi verdim. Ancaq sonrakı mərhələ hamımıza çox qəribə gəldi. Seçkilərdə ən az səsi İlham Şaban və mən topladım. Halbuki ikimiz də bu sahə üzrə peşəkarıq. Hələ də bilmirəm ki, bu oyunlar Milli Şuranın qərarı idi, yoxsa ortada başqa qüvvə də var. Bu məsələlər məni elə də narahat etmir. Ancaq Oqtay Gülalıyevin yazdığı məktub mənə çox pis təsir etdi. Hər kəs bilir ki, 2013-cü ildən bu yana vətəndaş cəmiyyətinin başına nə oyunlar gətirilir. 
 
Siyasiləşmək yenidən bizə qarşı qanunun sərtləşdirilməsinə səbəb olacaq. Vətəndaş cəmiyyətinin məhvi, həm də ölkədə demokratiyanın məhvi deməkdir. Oqtay Gülalıyev isə bilmirəm özünü nə zamandan peşəkar sayır. Onun neft sektorundan axı nə xəbəri var? İqtisadçılara  yenə peşəkar deyirəm ki, onların analiz etmək qabiliyyətləri var. Lakin Oqtay Gülalıyevin, ümumiyyətlə, bu sahədən xəbəri olmayıb. Gülalıyevi koalisiyanın tədbirində görən zaman təəccübləndim. O mənə bildirdi ki, dedilər namizədliyini ver, mən də verdim. Ancaq həmin zaman fərqinə varmadım ki, bu sözü ona kim və niyə deyib. Sonra isə Oqtay məktubunda yazanda ki, bütün hakimiyyətin qərarını alt-üst etdim, məsələ aydın oldu".
 
M. Qəhrəmanlıya görə, hakimiyyət bu koalisiyanın olmasında maraqlıdır: “Ancaq bu məktubun Oqtay Gülalıyev tərəfindən nə üçün yazıldığı mənə aydın deyil. Bir daha qeyd edirəm ki, məktubda bəhs edilən 400 min məsələsinə inanmıram. Mehriban xanım ittiham olunur ki,  o niyə məktubu ictimailəşdirib.  Hesab edirəm ki, əgər bu yazı sırf Milli Şuraya  aid olsaydı, o zaman bunu söyləmək olardı. Ancaq bir məqam da var ki, elə Milli Şura da cəmiyyət üçün açıq olmalıdır. Vaxtilə çiyin-çiyinə işlədiyim və saf, təmiz bildiyim həmkarlarımdan cavab istəyirəm ki, onlar Azərbaycan cəmiyyətinə məsələni izah etsinlər. Çünki həmin koalisiyada mən də varam. Oqtay Gülalıyev  bu məsələni tam şəkildə açıqlamalıdır”.
Cia.az