|
Kəndlilərin torpağa görə cərimələnməsi parlamentdə mübahisə yaratdı
Mayın 6-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Ali Məhkəmənin hakimlərinin təyin edilməsi ilə bağlı prezidentin göndərdiyi təqdimata baxıldı. 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, 3 hakimin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar məsələyə Məhkəmə-Hüquq Şurası baxıb və müsbət rəy verib: “Hakimlər 10 il bundan əvvəl bu vəzifəyə 10 illik təyin olunub və aprel ayında onların səlahiyyət müddəti başa çatıb”. Ə.Hüseynli həmin hakimləri - Qürbət Əsgərov, Fəxrəddin İbayev, Zakir Quliyevi müsbət xarakterizə etdi. Dedi ki, Milli Məclisin bu 3 hakimi yenidən hakim postuna layiq bilsə, hakimlərə rəy verilsə, onda bu təyinat ömürlük xarakter daşıyacaq. Bundan sonra səsvermə oldu və hakimlər deputatların rəyi əsasında ömürlük olaraq postlarında qalmaq şansı qazandılar. 

Qeyd edək ki, bir neçə il əvvəl “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliyə əsasən hakimlər ömürlük seçilə bilir. Lakin ömürlük hakim seçilmək ölənə qədər yox, son yaş həddinə qədər hakimlik etmək deməkdir. Azərbaycanda isə son yaş həddi 65-dir.
Ə.Hüseynlinin təqdimatından sonra Rəşadət Ağayevin Şirvan Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmasına da müsbət münasibət bildirdilər.
 
Vergilər Məcəlləsində əlavə və dəyişikliklərin müzakirəsi zamanı deputatlar iqtisadi sahədəki problemlər, həmçinin ƏDV-nin yüksək faizlə tətbiqi ilə əlaqədar bir sıra vacib məsələlərə toxundular. 

Deputat Vahid Əhmədov dedi ki, vergidən azad olunma ilə bağlı qərar verərkən ehtiyatlı olmalıyıq. Əks təqdirdə, bu, sui-istifadələrə səbəb ola bilər. Ardınca deputat ƏDV-nin (Əlavə Dəyər Vergisi) yüksək olmasından bəhs etdi: “Ölkəyə idxal edilən bəzi mallara, bir sıra məhsullara 18 faizlik ƏDV-nin tətbiq edilməsi  Azərbaycan iqtisadiyyatına çox mənfi təsir edir. Elə məhsullar var ki, onlara ƏDV-ni 25-30 faiz də qoysan, heç bir problem olmaz. Ancaq Azərbaycan üçün lazım olan avadanlıqlara, o cümlədən qida məhsullarına ƏDV-ni diferensiallaşdırılmış şəkildə tətbiq etmək lazımdır. Bəzi məhsullara lap kiçik faiz tətbiq edilməsinə ehtiyac var”.  

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov  da ƏDV-nin 18 faiz olmasını düzgün saymadı və rəhbərlik etdiyi sahənin üzləşdiri problemlər barədə açıq danışdı: “Mən də Vahid müəllimlə razıyam. Elə məhsullar var ki, orada ƏDV 25-30 faizi də ola bilər. Ancaq bütün məhsulların hamısına eyni faizi qoymaq doğru deyil. Biz idxalın və ixracın qarşısını açmalıyıq ki, ölkədə inkişafa nail olaq. Məsələn, bizim dəmir yolunda aldığımız avadanlıqlara çox böyük gömrük rüsumu tətbiq olunur. Biz bilmirik kredit götürüb o avadanlıqları alaq, yoxsa vergi verək. Sosial baxımdan biz bilet satışında da qiymətləri qaldıra bilmirik. Bunu istəmirik. Ancaq ƏDV-nin tətbiqi dəmir yolunu müflisləşdirə bilər. Ona görə də mən xahiş edirəm baza kimi nəzərdə tutulsun ki, lazım olanda Nazirlər Kabineti bu məsələni ləğv edə bilsin”.
 
Əkilməyən torpaq sahələrinə görə pay torpaqlarının sahiblərinə cərimələrin tətbiqi məsələsi isə geniş müzakirələrə səbəb oldu. Bu yenilik deputatlar tərəfindən etirazla qarşılandı. 
 
Deputat Siyavuş Novruzov etiraf etdi ki, qanunlara dəyişikliklər edərkən bir tərəfi stimullaşdırırıq, digər tərəfdə isə bu stimullaşdırmanın qabağını kəsirik: “Cənab prezident də deyib ki, istifadə olunmayan torpaqlar mütləq istifadə olunmalıdır. Ancaq gərək biz tədqiqat aparaq, vətəndaş zəlzələdənmi istifadə edə bilmir, ya vəlvələdənmi? Biri aparıb torpağı əkir, ancaq məhsulunu bazara çıxara bilmir. Keçmişdə tədarük məntəqələri var idi. Ancaq bu gün xərci borcunu ödəmir, emal müəssisəsi kəndlinin məhsulunu almır, çünki vergi dərəcələri yüksəkdir. Ona görə də məhsul yetişdirən on minlərlə insan kənarda qalır, torpağı boş saxlayır. Cərimə edirik. Yaxşı, bu kəndli torpağı əkdi, bəs o məhsulunu neyləsin? Emal müəssisəsini tapaq, sonra kəndlini cərimə edək”.
 
Deputat Çingiz Qənizadə istifadə olunmayan torpaqların hər kvadratmetrinə görə kəndlinin 10 manat cərimə olunmasına qarşı çıxdı. Kəndlinin durumunu da nəzərə almağı vacib sayan deputat bildirdi ki, əksər rayonlarda torpaqlar suvarılmır və dəmyə torpaqları olduğu üçün onların məhsuldarlıq dərəcəsini nəzərə almaq lazımdır. Deputat bir hektar əkilməmiş torpağa görə kəndlinin 1000 manat cərimə ödəməsini mümkünsüz saydı və dedi ki, bu qanun işləməyəcək.
 
Deputat Elmira Axundova fermerlərə yardım edilməsini təklif edərək dedi ki, otlaq sahələrinin az olması əlavə problem yaradıb. Ona görə də fermerlərə dövlət hesabına aşağı qiymətə yem satılmasını tətbiq etmək lazımdır. Xanım deputat bildirdi ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar kredit almağa da çətinlik çəkir: “Kredit almaq istəyən sahibkarlar illərlə get-gələ salınır”.
 
Deputat Adil Əliyev isə sahibkarların ağır durumuna toxundu. Dedi ki, seçildiyi Nərimanov rayonunda 5 kvadratdan yuxarı sahəsi olan dükanların əksəriyyəti sonuncu devalvasiyadan sonra bağlanıb: “Bu insanların kredit götürüb kiçik bizneslə məşğul olduğunu biz hamımız bilirik. Ona görə də təklif edirəm ki, kiçik bizneslə məşğul olan adamların işlətdiyi dükanların monitorinqi həyata keçirilsin və onlara 1-2 il müddətinə vergidən amnistiya verilsin. Heç olmasa o insanlara amnistiya verilsin və onlar banklara olan kreditləri ödəsinlər”. 
 
Komitə sədri Ziyad Səmədzadə ƏDV-nin yüksək olması ilə əlaqədar vergilər naziri Fazil Məmmədova müraciət edildiyini dedi və deputatların bununla bağlı təkliflərini müdafiə etdi. “Əminəm ki, burada qaldırılan məsələlər diqqət mərkəzindədir”-deyən komitə sədri ƏDV-nin yüksək olması ilə bağlı komitədə növbəti dəfə müzakirələrin olacağını söylədi. 
 
Deputat İlham Əliyev də pay torpaqlarına görə cərimənin əleyhinə çıxdı. Xatırlatdı ki, prezident bu torpaqları kəndliyə pay torpağı kimi verib: “Bu, pay torağıdır, istəyər əkər, istəməz əkməz. Ona görə də aydınlaşdırmaq lazımdır ki, kəndli bu torpağı niyə əkə bilmir”. İ.Əliyev dedi ki, banklarda insanları kifayət qədər məlumatlandırmadan onları kreditlə bağlı müqavilələrə qol çəkdirirlər: “Çox kiçik hərflərlə yazılmış müqavilələrdə dollar ekvivalenti ilə hesablanan kreditlərə qol çəkdirirlər və devalvasiyadan sonra onlardan qat-qat artıq pul tələb edirlər. Banklar öz risklərini sığortalamaq üçün çox yüksək faizlərlə kredit verirlər. Kredit müqaviləsində faiz göstərilmir, budur bizim bəlamız. İnsanlar bu gün problem içərisindədir. Bu, vətəndaşların banklar tərəfindən aldadılmasıdır” .
 
Deputat Vahid Əhmədov da həmkarlarının fikirlərini təsdiqlədi. Dedi ki, qanunu bu şəkildə qəbul etsək, sabah çox böyük problemlərlə qarşılaşa bilərik: “Bu qanun pay torpaqlarına şamil olunsa, inanın, sabah çox böyük biabırçılıq olacaq. Ona görə də administrasiya ilə danışmaq lazımdır ki, bu məsələyə təkrar baxılsın. Heç olmasa 5, ya 10 hektardan artıq torpağı olanlarla bağlı cərimə tətbiq etmək olar. Yoxsa 50 sot torpağı olanlarla bağlı qanun qəbul etsək, biabırçılıq olar”.
 
Spiker komitə sədri Ziyad Səmədzadəyə xitabən bu məsələnin komitədəki müzakirəsində hansı qənaətə gəldikləri barədə soruşdu. Z.Səmədzadə dedi ki, komitə iclasında da bu, geniş müzakirə olunub, ancaq nazirlik rəsmisinin izahatından sonra məsələ açıq qalıb: “Əsaslandırdılar ki, bu, belə olmalıdır”.
 
Parlament sədri isə durumu nəzərə alıb “bu məsələni təkrar danışarıq. Amma hesab edirəm ki, 50 sotdan artıq pay torpağı ola bilməz” - deyərək layihəni səsə qoydu. 
CM-ə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev narkotik maddə istifadəçiləri barədə danışdı: “”Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunur. Bu nəyə lazımdır?" Bəzi ölkələrdə narkotika aludəçilərinə marixuanadan istifadəyə icazə verildiyini xatırladan deputat dedi ki, həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğu sirr deyil: “Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”.
 
Spikersə kifayət qədər mübahisəli bir məsələ ilə bağlı geniş müzakirəyə ehtiyac olduğuna işarə etdi:“Qanun layihəsi parlamentə göndərilməzdən əvvəl komitələrdə müzakirələr aparılır, təkliflər də o zaman irəli sürülməlidir”.
 
“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin müzakirəsi də mübahisəsiz ötüşmədi. Qeyd edək ki, layihə Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması məqsədi daşıyır. Sənəd bir sıra sazişlər və konvensiyaların müddəaları əsasında hazırlanıb. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana dempinqli subsidiyalaşdırılmış idxalın qarşısında müvafiq tədbirlərin görülməsidir. Qanun layihəsində 3 qrup tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihədə antidempinq, kompensasiya və mühafizə tədbirləri yer alıb.
 
Deputat Çingiz Qənizadə söz alaraq tənqidi fikirlərini səsləndirdi: “Mən bayaq da qeyd etdim ki, pay torpaqlarının istifadə edilməyən bir hektarına görə 1000 manat cərimə ödəmək lazımdır. Əgər kiminsə 5 hektar torpağı varsa, o, 5000 manat ödəməlidir. Necə ödəsin? Mən əminəm ki, bu qanun işləməyəcək. Cənab prezident əminəm ki, onu geri qaytaracaq. İndi antidempinq məsələsi də elədir. Böyük avadanlıqlara da bunu tətbiq etmək olar. Amma geyim məsələsində - filan çətinlik yaranacaq. Outlet deyilən bir məsələ var. Oradan ucuz geyimləri alıb gətirirlər. Bu da gələcəkdə problemlər yaradacaq. Vergi və gömrüyün hesabına büdcəni doldurmaq olmaz. İnsanlara yaxşı yaşamaq üçün şərait yaratmaq lazımdır”.
 
Vitse-spiker Valeh Ələsgərov isə çıxışı zamanı bildirdi ki, məhsul hardan gətirilməsindən asılı olmayaraq əgər Azərbaycanda istehsal olunursa, bu qanun ona tətbiq olunmalıdır: “Məhsul outletdən deyil, hardan gətirilirsə gətirilsin, Azərbaycanda istehsal olunan malın qiymətinə təsir edirsə, bu qanunun tətbiqi düzgündür. Azərbaycanda istehsal olunmayan bir şeyə bu necə tətbiq oluna bilər? Bu düzgün və beynəlxalq standartlara uyğun hazırlanmış qanun layihəsidir”.
 
Spiker Oqtay Əsədov da deputata iradını bildirdi: “Siz ikinci deputatsınız ki, deyirsiniz prezident veto qoyur. Veto qoymaq prezidentin səlahiyyətidir. Onun adından danışmağın düzgün deyil. Biri uzaqgörənlik edir və ya nəsə. Komitə ”Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsini iki həftədir işləyir. İşə də qiymət vermək lazımdır. Səs vermirsən, o sənin fikrindir". Bundan sonra qanun layihəsi səsə qoyuldu və qəbul edildi. 
Cia.az