|
Rusiyanın həm sülh, həm silah siyasətinin pərdəarxası
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan mövcud kredit razılaşması əsasında Rusiyadan Ermənistana silah göndərilməsi prosesinin başlandığını açıqlayıb.
ATƏT-in Minsk Qrupunun həmsədri olan və aprelin əvvəlindəki 4 günlük hərbi əməliyyatlardan sonra Qarabağ münaqişəsinin həllində sülhyaratma missiyasını öz üzərinə götürdüyünü bəyan edən bir ölkənin işğalçı tərəfi silahlandırması ortaya suallar çıxarır.
Rusiyanın həm sülh, həm silah siyasətinin anlamı nədir? 
 
Belə bir siyasəti ortaya qoyan münsifdən münaqişənin ədalətli həllini gözləməyə dəyərmi? Azərbaycan Rusiyaya hansı formada etirazını çatdırmalıdır? Politoloq Qabil Hüseynliyə görə, Kremlin həm sülh siyasəti apardığını elan etməsi, həm də işğalçı tərəfə kreditlə silah satması paradoksal bir durum yaradır: “Minsk Qrupunun həmsədri olan və bitərəf olmalı olan bir dövlət işğalçı Ermənistanı başdan-başa silahlandırır. Ermənistan nə qədər ağlayıb sızlasa da əslində hazırda dünyanın ən çox silah və hərbi baza yığnağı olan ölkələrindəndir. 
 
Məsələn, Rusiyanın iki hərbi bazası Ermənistandadır və bir bazanın yerləşdirilməsi ilə bağlı da artıq razılaşma əldə olunub. Ermənistanda təkcə 102-ci briqadada 12 mindən çox əsgər, təxminən 120-dən çox tank var. Aviasiya bazasında isə təxminən 50 ədəd SU34, 50 ədəd MİQ 29 markalı qırıcı təyyarələr yerləşdirilib. Bütün bunlardan əlavə, guya Ermənistan Rusiyadan kreditlə silah alır. Əvvəla, kreditin 200 milyon dollar olması şübhə doğurur. Çünki mütəxəssislər hesablayıblar ki, döyüş şəraitində olmayan adi bir korpusun bir aylıq təlimlər daxil, xərcləri 200 milyon dolları keçir. Mən Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit açdığı qənaətində deyiləm. 
 
Bu məbləğ ən azı 1 milyard dollar civarındadır. Rusiyanın Ermənistana verən əli çox səxavətlidir. Vaxtilə Boris Yeltsinin dövründə 1 milyard dollarlıq silah verilmişdi, sonra Gürcüstandan çıxarılan rus qoşunlarının bütün döyüş texnikası və hərbi ləvazimatı Ermənistana ötürüldü. Onun da kiçildilmiş məbləği 800 milyon dollar idi. Belə təəssürat yaranır ki, Rusiyanın Ermənistana verdiyi silahlar Ermənistanın özü üçün deyil. Həmin silahlar Dağlıq Qarabağa - Azərbaycan ərazisinə göndəriləcək. Ermənistanda daha silah qoymağa yer də yoxdur. Azərbaycan isə Rusiyaya nota ilə bildirib ki, onun Ermənistana satmaq istədiyi silahlar Azərbaycan torpaqlarında peyda olmamalıdır. Rusiya bu barədə də, hər halda, ”belə olmayacaq" kimi ifadə işlədib. Ermənistan da hiyləgərliyə əl atır, tanınmamış qondarma “respublika” ilə ikili əlaqə yaratmaq barədə Ermənistan parlamentində müzakirələr başlayır".
 
Politoloq hesab edir ki, bugünlərdə Rusiyanın Azərbaycana özü yeriyən qaubitsalar göndərməyə başlaması guya müəyyən bir balansı gözlənildiyini göstərmək üçündür: “Azərbaycan işğala məruz qalmış tərəfdir. Ona silah verilməsi ilə işğalçıya silah verilməsinin arasında böyük fərq var. Ermənistana silah göndərilməsi Rusiyanın bəyan etdiyi prinsiplərə daban-dabana ziddir. Çünki aprelin əvvəlində 4 günlük müharibədən sonra Rusiya qəti surətdə bəyan etdi ki, prosesin nizamlanması üçün bundan sonra intensiv sülh prosesinə başlanılacaq, bu proseslə şəxsən prezident Putin özü məşğul olacaq və qısa vaxtda barışığa nail olunmaq üçün əllərindən gələn bütün imkanları işə salacaqlar. Amma çox keçmədi ki, Rusiya Ermənistana silah göndərməyə başlayıb və üstəlik də Ermənistanda üçüncü Rusiya hərbi bazasının yaradılması haqqında razılıq əldə edilib. Beləliklə, Rusiya Azərbaycanın əsəblərini tarıma çəkən hərəkətlər edir. Sülh prosesi yaratmaq əvəzinə işğalçı tərəfə silah göndərmək o deməkdir ki, təcavüzkarı daha da şirnikləndirirsən, yeni təcavüz addımlarına sövq edirsən, üstəlik də danışıqlar və sülhyaratma prosesinin yoluna ciddi əngəllər qoyursan. Rusiya bütün tarix boyu sübut edib ki, o, bütün münaqişələrdə yaxşı münsif deyil. Rusiya bütün münaqişələr zamanı özünün strateji maraqlarını ön plana çıxarır. Bu səbəbdən də Qarabağ məsələsində də ona ümid etmək özünü aldatmaqdan başqa bir şey deyil”.
 
Belə vəziyyətdə Azərbaycan hökuməti və cəmiyyətinin Rusiyaya hansı şəkildə sərt etiraz etməsinin gərək olub-olmadığına gəlincə, politoloq dedi ki, etiraz məsələsində bir az ehtiyatlı olmaq lazımdır: “Ermənistanda Rusiyanın bayrağını yandırırlar, ayaqlar altına atırlar. Ermənistan, ermənilər Rusiyanın sevimli balalarıdır və bu səbəbdən Moskvada onların etirazlarını xoşluqla qarşılayırlar. Azərbaycanın sərt etiraz addımlarına qarşı isə Rusiya müxtəlif məkrli cavablar verə bilər. Əlbəttə, jurnalistlər və KİV səviyyəsində Rusiyanın Ermənistanı silahlandırması tənqid edilir. Amma hökumət səviyyəsində və ictimai etirazlar forması ilə ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin qızışdırılmasına ehtiyac görmürəm. Bu, Azərbaycana və onun həm bölgədəki, həm Rusiyadakı maraqlarına ziyan gətirə bilər”. 
Cia.az