Mayın 5-də Ermənistan hökuməti Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan separatçı rejim tərəfindən elan olunmuş qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi”nin tanınması barədə qanun layihəsinə baxıb və müsbət rəy verib. Bununla da faktiki olaraq Azərbaycan ərazilərinin ilhaqını rəsmiləşdirən, beynəlxalq hüququ birmənalı şəkildə pozan qanun layihəsinin ölkə parlamentinin müzakirəsinə çıxarılmasına razılığını bildirib.
Məlumata görə, mayın 10-da keçiriləcək parlament iclasında “Arsax Respublikasının tanınması” haqqında qanun layihəsinin müzakirəsi də gözlənir. “Əgər Ermənistan ”DQR"in müstəqilliyini tanısa, bu Xankəndi ilə Bakı arasında birbaşa danışıqlar imkanı yaradacaq". Belə bir absurd açıqlama ilə Ermənistanın Rusiyadakı səfirliyinin mətbuat katibi Levon Torqomyan çıxış edib. (Avropa.info).
İki gün əvvəl İrəvana “Qarabağın müstəqilliyini tanımayın” müraciətini edən separatçı rejim isə bu dəfə “val”ı dəyişib. Separatçıların “mətbuat katibi” David Babayan deyib ki, artıq Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınması prosesinə başlayıb. Ancaq o “biz müstəqilliyin daha çox ölkə və subyektlər tərəfindən tanınması istiqamətində çalışacağıq” ,- deyə o iddia edib. Separatçı sərsəm fikirlərinin davamında əlavə edib ki, Qarabağın müstəqilliyinin tanınması danışıqlar prosesini canlandıracaq.
Qeyd edək ki, bir gün əvvəl Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanı narahat olmamağa çağırmışdı.“Moskvada Ermənistan deputatlarının Qarabağın tanınması ilə bağlı təklifləri ilə əlaqədar panika üçün əsas görmürlər” deyən Lavrov iddia etmişdi ki, bu erməni parlamentinin iki üzvünün təklifidir. “Ermənistan hökuməti onların qanunlarına əsasən, onların hamıya izah etdiyi kimi, bu qanun layihəsi ilə bağlı qiymətləndirmə verməlidir. Mən indi həyəcan siqnalı verməz və panikaya düşməzdim” - Rusiya XİN başçısı demişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Dağlıq Qarabağ separatçı rejiminin “müstəqilliyi”nin tanınması haqqında qanun layihəsinin Moskva və Ermənistan arasında müzakirə olunması barədə fikirləri təkzib edib. “Bu mövzu Moskva ilə müzakirə edilməyib. Biz bu kontekstdə qəbul olunan qərarları çox diqqətlə müşahidə edirik.
Və sözsüz ki, münaqişə tərəflərini əvvəlki kimi kövrək barışığı poza biləcək və bütövlükdə Dağlıq Qarabağda gərginliyin artmasına gətirib çıxara biləcək hər hansı addımlardan çəkinməyə çağırırıq” - Kremlin sözçüsü bildirib. Eyni zamanda Peskov deyib ki, Moskva münaqişə tərəflərinin “ağıllı davranışlarına” ümid edir.
Məhz Rusiyadan gələn növbəti xəbərdarlığın ardınca Ermənistan XİN daha ehtiyatlı mövqedən çıxış etməyi zəruri sayıb. Bu dəfə xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, “əgər Azərbaycan razılaşmanı pozarsa, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq”. Bununla belə, o, işğalçı ölkənin əsas niyyətini növbəti dəfə səsləndirərək iddia edib ki, guya Qarabağ danışıqlarında irəliləyiş Bakının Dağlıq Qarabağla “birbaşa danışıqlar apardığı zaman” əldə olunub. “İrəvan hər vəcdlə çalışır ki, Azərbaycan Qarabağ separatçılarının ”tərəf" kimi danışıqlarda iştirakına razılıq versin, Bakı isə bu təklifi birmənalı şəkildə rədd edir" - Köçəryan bildirib.
Rəsmi Bakı isə qondarma “DQR”in tanınması halında baş verə biləcək hadisələrə görə Ermənistanın məsuliyyət daşıyacağını bəyan edib. Görünən budur ki, Ermənistan hökuməti savaş yoluna meyllidir. Parlamentin bu səhvi düzəltməyəcəyi halında müharibə qaçılmaz olacaq.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay publika.az-a müsahibəsində “Ermənistan Qarabağı tanıma blefi ilə Azərbaycanı bir neçə gün narahat etməyi planlaşdırır” - deyib. Əlavə edib ki, İrəvan “DQR”in tanınması məsələsinin müzakirəsini uzadaraq, Azərbaycanın ərazilərini azad etmək addımlarını əngəlləməyə çalışacaq: “Bu, Azərbaycana qarşı şantaj addımıdır”.
İrəvanın Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması yönündə atdığı addım rəsmi Bakının kəskin reaksiyasına səbəb olacaq və təmas xəttində vəziyyəti gərginləşdirəcək. Bu sözləri isə Rusiya Dövlət Dumasının MDB komitəsinin sədri Leonid Slutski deyib. “Bu qanun layihəsinin qəbul edilməsi yerində olmayan addımdır, çünki Bakı üçün qızışdırıcı amil olacaq” - Slutski əlavə edib.
Politoloq Ərəstun Oruclu da hesab edir ki, bu, Azərbaycana qarşı şantaj hərəkətidir: “Aprelin əvvəllərindəki hərbi əməliyyatlardan sonra Ermənistanda faktiki olaraq böhran yaranmağa başlayıb və hakimiyyətin mövqeləri ciddi şəkildə zəifləyib. İndi bu vəziyyəti aradan qaldırmaq üçün müxtəlif üsullara əl atırlar. Bir ara hərbi hücumlar təşkil etməyə çalışdılar, mülki əhalimizi hədəfə aldılar. Lakin sərt cavab tədbirləri alandan sonra müxtəlif siyasi təxribatlara əl atmağa başladılar. Məncə, bu, daxili auditoriyaya hesablanmış addımdır, başqa bir şey deyil. İnanmıram ki, Ermənistan bu addımı real olaraq ata bilər, çünki onun fəsadlarını anlayır”. Ə.Oruclu şübhə etmir ki, Rusiya da İrəvanın “DQR”in tanımasını istəmir. İndiki situasiyada Azərbaycanın hansı mövqedən çıxış etməsinə gəldikdə, politoloq bildirdi ki, rəsmi Bakı maksimum səviyyədə özünü təmkinli aparıb təxribatlara uymamalıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan hakimiyyəti anlayır ki, əgər Dağlıq Qarabağın “müstəqilliyi” tanınarsa, bu, danışıqların dayandırılması demək olacaq: “Rəsmi Bakı Dağlıq Qarabağın ”müstəqilliyini" tanıyan İrəvanla danışıqlar aparmayacaq. Bu isə müharibəyə aparan yoldur. İrəvan Dağlıq Qarabağın “müstəqlliyini” tanıyarsa, beynəlxalq aləm, o cümlədən Rusiyanın da dəstəyini itirəcək. Əksinə, böyük dövlətlər İrəvanın bu siyasətini tənqid edəcəklər. Azərbaycan BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə səs verəcəklər ki, bu da Ermənistanın mövqeyinin zəifləməsinə yol açacaq. Ermənistanda bəziləri düşünür ki, İrəvan Dağlıq Qarabağın “müstəqilliyini” tanıyarsa, başqa dövlətlər, o cümlədən Rusiya da bu prosesə qoşula bilər".
Politoloq xatırlatdı ki, ermənilər nümunə kimi də Kosovo, Abxaziya və Cənubi Osetiya göstərir: “Yəni əgər Rusiya Abxaziya və Cənubi Osetiyanın ”müstəqilliklərini" tanıyıbsa, Dağlıq Qarabağın da “müstəqilliyini” tanıya bilər. Birincisi, Rusiya Gürcüstanla müharibə apardığına görə Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı, Moskvanın Azərbaycanla münasibətləri isə strateji tərəfdaş xarakteri daşıyır. İkincisi, Moskva vaxtilə Kosovonun müstəqilliyi əleyhinə çıxaraq bu bölgəni Serbiyanın ərazisi adlandırıb. Moskva Kosovo məsələsində bir cür, Dağlıq Qarabağ məsələsində fərqli siyasət ortaya qoya bilməz. Dağlıq Qarabağın “müstəqilliyini” yalnız özü kimi separatçı bölgələr, o cümlədən Abxaziya və Cənubi Osetiya tanıya bilər. Ancaq bu heç bir əhəmiyyət kəsb etməyəcək. Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” Nikaraqua və Vanuatu adlı çoxlarının adını birinci dəfə eşitdiyi kiçik ada dövləti tanımışdı. Bu da Rusiyanın xahişi ilə baş tutmuşdu. Rusiya bundan artıq nəticəyə nail ola bilmədi. Əgər Abxaziya və Cənubi Osetiyanın “tanınması” məsələsində Rusiya uğur qazanmadısa, Ermənistanın Dağlıq Qarabağın “müstəqilliyini” beynəlxalq aləmə tanıtdırması, ümumiyyətlə, mümkün deyil. Ermənistan hakimiyyətinin bu siyasəti ona müsbət divident deyil, problemlər qazandıracaq. Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın “müstəqilliyini” tanıması Azərbaycan ordusunun hücuma keçmək üçün şərait yaradacaq".
“Hesab edirəm ki, Ermənistan növbəti çox ciddi səhvə yol verir və bu prosesi nə qədər tez dayandırsalar, o qədər yaxşıdır. Çünki qondarma DQR-in tanınması danışıqlar prosesinə ölümcül zərbə deməkdir.
Təbii ki, belə addımlardan sonra danışıqlar prosesi bütün əhəmiyyətini itirir”. Virtualaz.org xəbər verir ki, bunu Ermənistan parlamentinin və hökumətinin “DQR”in tanınması istiqamətində son addımlarını dəyərləndirən azərbaycanlı siyasətçi İsa Qəmbər “Qovorit Moskva” (“Danışır Moskva”) radio stansiyasına müsahibəsində bildirib. Lakin siyasətçi ümid etdiyini bildirib ki, Ermənistan geri çəkiləcək və qanun layihəsini qəbul etməyəcək. O, bunu sadəcə olaraq Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirib.
Bu arada Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlar onsuz da vahimə içində olan düşmən ölkədə növbəti dəfə təşvişə səbəb olub. Ordu rəhbərliyinin Silahlı Qüvvələrə könüllü qəbulu ilə bağlı elanı, o cümlədən uzunmüddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların yaradılması istiqamətində tədbirlər görməsi barədə məlumatlarına düşmən ölkənin mətbuatı geniş yer ayırıb. Aşkar görünür ki, aprelin sonlarında Qarabağ cəbhəsində növbəti zərbələr alan düşmən ordumuzun növbəti həmlələrindən ehtiyatlandığı üçün müxtəlif vasitələrə əl atır.
“Ermənistan bir dövlət olaraq məhv ola bilər”. Bunu isə axar.az-a hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, İrəvan heç vaxt qondarma rejimi müstəqil subyekt kimi tanımağa risk edə bilməz. “Bu, sadəcə, oyundur. Bu oyunun da başında Azərbaycana hədə gəlmək istəyi dayanır. Bu da heç bir effekt verməyəcək”. Ü.Cəfərovun fikrincə, əks təqdirdə, Azərbaycanın cavabı çox sərt və amansız olacaq.
O da istisna deyil ki, Ermənistan parlamenti tanınma məsələsini 10 maya saxlamaqla özünü təhlükədən sığortalamaq istəyib. Bundan əvvəl Şuşanın işğal günü - 8 mayda Azərbaycan ordusunun genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı barədə xəbərlər yaymışdı və erməni rəsmilər ordumuzun təmas xəttinə əlavə qüvvələr cəlb etməsindən narahat olduqlarını gizlətməmişdilər. Hələ ki düşmən ölkə 8 maydan sağ-salamat çıxmağı, daha sonra isə Qarabağın tanınması ətrafında oyunlarını davam etdirməyi düşünür.
Belə bir situasiyada ABŞ-da keçirilən separat görüş də diqqətdən qaçmır. Məlumata görə, Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndələri ötən gün ABŞ-da “Ay Data” ofisində ATƏT-inin Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüblər. Görüşdə “Daşnaksütyun” partiyasının şərq və qərb komitələrinin sədrləri Ayk Oşakyan və Taron Ter-Xaçatryan, ABŞ-da “Ay Data” komissiyasının sədri Raffi Ambaryan və hökumətlə əlaqələr üzrə bölmənin direktoru Keyt Naapetyan iştirak edib. Görüşün əsas mövzusu isə Dağlıq Qarabağda vəziyyətlə əlaqədar olub. Hələlik nə erməni tərəf, nə də amerikalı diplomat görüşün detallarına aydınlıq gətirməyib. Hər halda, Qarabağ tənzimlənməsinə cavabdeh olan həmsədrin ermənilərin separatçı rejimi tanımaq cəhdinə hansı reaksiya verəcəyi də maraqlıdır. Lakin hələlik Minsk Qrupu sükut içindədir.
Sonda əlavə edək ki, BBC radiosu Ermənistandakı mənbəyə istinadən parlamentin gündəliyinə hələ ki, tanınma məsələnin daxil edilmədiyini bildirib.
Cia.az
