Azərbaycan Beynəlxalq Bankı aprelin əvvəlində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin kredit borcları ilə bağlı qərarını icra edib. Bu barədə “Yeni Müsavat”a ABB-nin mətbuat katibi Yadigar Cəfərli məlumat verib.
O bildirib ki, araşdırmaların nəticələrinə əsasən, bu şəxslərdən hər hansı birinin banka kredit borcunun olması müəyyənləşdiyi halda borc öhdəliyi bağlanıb.
Yadigar Cəfərli ordumuza bu şəkildə dəstəyi Azərbaycan Beynəlxalq Bankının özünə mənəvi borc bildiyini qeyd edib: “Şəhid hərbçilərimizin banka kredit borcunun olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılıb. Araşdırmalar və kredit öhdəliklərinin ləğvi şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında aparılıb”.
Qeyd edək ki, aprelin əvvəlində, hərbi əməliyyatların başladığı ilk günlərdə də Azərbaycan Beynəlxalq Bankı ordumuza dəstək üçün müəyyən addımlar atmışdı. Bankın baş ofisində qanvermə aksiyası keçirilmiş, bu aksiyada 134 nəfər bank əməkdaşı qan vermişdi.
Bu kimi hallara Türkiyə təcrübəsində daha çox rast gəlinir. Banklar, biznes qurumları şəhid ailələrinə müvafiq güzəştlər edirlər. Azərbaycanda bu təcrübənin tətbiqi də cəmiyyətdə müsbət qarşılanıb.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov belə bir addımı digər banklara da tövsiyə edib:“Ümumiyyətlə, bankların nə qədər imkanları varsa, çalışmalıdırlar ki, belə güzəştlərə getsinlər. Belə təkliflər bizim tərəfimizdən də verilib ki, ümumiyyətlə, şəhid ailələrinin bütün güzəştlərdən yararlanması təmin olunmalıdır. Onların həm kredit borcları, həm yaşam şəraiti, təhsil xərcləri və sairlə əlaqədar bütün güzəştlər onlara tətbiq edilməlidir. Beynəlxalq Bank bunu edibsə, mən bu addımı alqışlayıram. Bütün banklar buna getməlidir, yəqin ki, gedəcəklər. Mən və Əli Məsimli vaxtilə keçmiş kreditlərlə bağlı xüsusi təkliflər hazırlayıb prezidentin islahatlar üzrə köməkçisinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Milli Məclisin sədrinə göndərmişik. Ki, bu məsələyə baxılsın. Bu güzəştlərin şəhidlərə də edilməsi vacibdir. Mən arzu edərdim ki, bütün banklar bu addımı atsın”.
Cia.az
