|
Futbolçunun məhkəməsində “Qələbə” klubunun meneceri ifadə verib

Bu gün Səbail Rayon Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Elmar Rəhimov sədrlik edib. Prosesdə şahid qismində "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı və polis əməkldaşı Asif Bağırov ifadə verib.

S.Səfiyarlı ifadəsində hadisəni jurnalistlərdən eşitdiyini deyib: "Jurnalistlər açıqlama almaq üçün mənə zəng vurmuşdular. Mən də Cavidə zəng vurdum. Birlikdə xəstəxanaya getdik. Rasimi orada görmüşəm. Xəstəxanada Cavidin Rasimə pul təklif etməsi barədə isə heç nə eşitməmişəm".

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmənin növbəti prosesi mayın 11-nə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarından C.Hüseynovun təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

Cia.az