|
Hacı Məmmədov Qobustan həbsxanasına köçürülməsini istəyir
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, bır sıra sifarişli qətllər və sifarişli adam oğurluğunda ittiham edilərək ömürlük həbsə məhkum edilmiş Hacı Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Hacı Məmmədovun 11 il əvvəl həbs edildikdən sonra ilk dəfə yerləşdirildiyi təcridxanadan köçürülməsi onun blokadadan çıxması kimi qiymətləndirənlər də var.
Vəkili Afət Qazıyeva “Yeni Müsavat”a deyib ki, Hacı Məmmədovun səhhətində problem yaranıb: “Mən bu haqda danışmaq istəmirəm. Onunla görüşməmişəm. Buna hələlik zərurət yoxdur. Onu səhhətində yaranan problemlə bağlı ora köçürüblər. Hazırda orada həkim nəzarətində saxlanılır”. 
 
Bu, H.Məmmədovun müalicə adı ilə saxlanıldığı təcridxanadan ilk köçürülməsi deyil. Həbsə alınandan sonra H.Məmmədov saxlanıldığı kamerada özünü asmışdı. Lakin nəzarətçilər onu boynuna keçirdiyi ilgəkdən vaxtında ayıraraq Mərkəzi Klinik Xəstəxanaya çatdırmışdılar.  2005-ci ildə yaşanmış bu olay zamanı komaya düşmüş Hacı Məmmədovu həkimlər vəziyyətdən çıxara bilmişdilər. Sonradan isə onu yenidən o dövrdə MTN-in İstintaq Təcridxanasına köçürmüşdülər. 
 
Vəkil Hacı Məmmədovun müalicə müəssisəsindən DTX-nin İstintaq Təcridxanasına qaytarılıb-qaytarılmayacağı haqda suala cavab vermək istəməyib: “Bu haqda məlumatsızam. Özü Qobustan həbsxanasına köçürülməsi ilə bağlı müraciət etmişdi. Həmin müraciətə cavab verilib-verilməməsindən məlumatsızam”.
 
Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı tutulub. 2007-ci il yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.
Cia.az