Xəbər verdiyimiz kimi, ANS TV-nin ABŞ bürosunun rəhbəri Qənirə Ataşova ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mark Tonerə Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində hücumlarının fəsadlarını əks etdirən fotoşəkilləri nümayiş etdirib.
Amma bu mətbuat konfransında Q.Ataşovanın verdiyi sual ötən dəfə olduğu kimi yenə qalmaqal yaradıb. Buna səbəb isə həmkarımızın ingilis dilində qüsurlu danışığı olub. Sosial şəbəkələrdə və mediada jurnalisti bir ilə yaxındır Amerikada olmasına baxmayaraq, ingilis dilini lazımi səviyyədə öyrənməməkdə qınayırlar. Amma buna əks fikirdə olanlar Q.Ataşovanın cəsarət və vətənpərvərlik nümayiş etdirərək, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdığını bildirir.
Maraqlıdır, artıq ikinci dəfədir ki, baş verən “Ataşova krizi” barədə ANS rəhbərliyi nə düşünür? Əməkdaşlarının Amerikadakı fəaliyyətindən razıdırmı?
ANS prezidentinin köməkçisi Mais Məmmədov bildirdi ki, Q.Ataşova çox yaxşı jurnalistdir və bu tənqidləri haqq etmir: “Amerikada başqa jurnalistlər də var, amma Qənirə etdiyini etmirlər. İndi dili bir az zəif bilmiş ola bilər. Amma vaxt lazımdır ki, onu da öyrənsin və öyrənəcək. İngilis, fransız dillərinin bəzi incəlikləri var ki, onu öyrənmək vaxt aparır. Dərhal başına daş salmaq lazımdır? Biz ona ”çox sağ ol" deməliyik ki, Obamadan müsahibə alan yeganə azərbaycanlı jurnalistdir. Bizdə kimsə yaxşı bir iş görəndə dərhal çalışırlar ki, qara rəngə boyasınlar. Nəyə lazımdır, nə üçün edirlər bunu? Mən heç ANS-də işləməsəydim də, bu faktla fəxr edərdim ki, mənim həmkarım kimlərlə danışır, kimlərə suallar verir, cavablar alır. Pisdi? Xeyr, yaxşıdır axı. Azərbaycanlı olaq, özümüzün uğurumuza sevinək".
“Qənirə Ataşova ingilis dilini öyrənməkdə davam edir” sualına cavabda M.Məmmədov dedi ki, xanım jurnalist ingilis dili kursunda olub və hazırda da kursa getməyə davam edir: “Müəllim də tapıb, öyrənməyə davam edir. Siz başa düşün, onu ora biz göndərmişik. O, yaxşı işçidir, biz onunla fəxr edirik. Amma olur da. Cümləni düz qurmayıb, sualı başqa cür verib. Ora onun üçün yeni ölkədir. 6-7 aydır ora getməsi. Ona demək lazımdır ki, Qənirə, uğurlar. Sosial şəbəkədəki müzakirələrə çox fikir vermək lazım deyil. Onun fəaliyyəti ilə bağlı ancaq müsbət sözlər eşidirik. Səfirlikdən bizə təşəkkür gəlir ki, çox sağ olun, olduqca aktiv müxbiriniz var”.
Yuxarıda da qeyd etdiyimiz kimi, sosial şəbəkədə tanınmış jurnalist və ekspertlərin də bu məsələ ilə bağlı maraqlı fikirləri var. Onlardan biri də media üzrə mütəxəssis Seymur Kazımovdur. S.Kazımov mövzu ilə bağlı aşağıdakıları yazıb: “İnsan çalışdığı ölkənin dilində normal sual verə bilmirsə, qarşısındakına peşəkar olduğunu necə göstərə bilər?!”
İqtisadçi Zöhrab İsmayıl isə hesab edir ki, ümumiyyətlə, ingilis dili problemi yalnız Qənirə Ataşovaya məxsus deyil, 100 minlərlə ali təhsilli azərbaycanlı bu problemdən əziyyət çəkir: “Əcəba, 10 il orta məktəbdə ingilis dili dərsi alan, sonra da ingilis dilindən ”uğurlu imtahan verib" ali məktəbə qəbul olunanlar niyə ingilis dilində danışa bilmir? Aydın məsələdir ki, məktəblərdən qazanılmalı olan bünövrə olmadan xarici dili mənimsəmək çox çətindir. Lap Amerikada ol, müəyyən bazan olmasa kommunikasiya qura bilmirsən və dili təkmilləşdirmək imkanından məhrum olursan. Bəs biz niyə ingilis dili öyrənmək zülmü çəkirik? Necə olur ki, 1-2 illik kurslarla ingilis dilini öyrənmək olur, amma məktəblərimizdə 10 ilə mümkün olmur? Bircə səbəb var: təhsilimiz keyfiyyətsizdir! Bundan danışmaq lazımdır".
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev düşünür ki, bu, çoxşaxəli məsələdir. Onun fikrincə, Q.Ataşovanın cəsarət nümayiş etdirməsi əlbəttə ki, yaxşıdır və təqdir olunan haldır: “Belə mötəbər tədbirdə sual vermək imkanı qazanmaq və bu sualı səsləndirmək müsbət haldır. Amma bu cəsarəti təmiz ingilis dilində nümayiş etdirsəydi, daha yaxşı olardı. Xaricdə işləyən jurnalistlər xüsusi hazırlıq keçirlər. Dil hazırlığı onun ən önəmli sahəsidir. Bu günə qədər dili bilən, amma cəsarətli jurnalist olmayıb. Cəsarət yaxşı keyfiyyətdir”.
A.Əliyev hesab edir ki, konkret bu halda nəticəni birbaşa qiymətləndirmək çətindir. Müsahibimizin sözlərinə görə, nəzəriyyədən çıxış edərək belə halların ölkənin daxilində yüksək qiymətləndirildiyini demək mümkündür: “Amma Qərb jurnalistləri üçün cəsarətin elə də böyük anlamı yoxdur. Onlar üçün dillə bağlı olan qüsurlar daha çox yadda qalır. Kənarda bir cür qarşılanır, daxildə başqa cür. Bizdə də avstraliyalı jurnalist Azərbaycan dilində bərbad danışaraq cəsarətli bir sual versəydi, onun cəsarəti yox, sualı necə səsləndirməsi müzakirə edilərdi”.
“Yeni Müsavat” xatırladır ki, daha öncəki qalmaqal zamanı ANS rəhbərliyi Q.Ataşova üçün tərcüməçi ayrıldığını açıqlamışdı. “ABŞ Dövlət Departamentinin adıçəkilən mötəbər mətbuat konfransına müəmmalı səbəbdən ANS-in tərcüməçisi daxil ola bilməyib və Qənirə Ataşova Azərbaycan üçün çox vacib olan sualı bacardığı kimi verib”. Bu, ötən ilin dekabr ayında Q.Ataşovanın Con Kirbiyə sual verərkən yaşadığı çətinliyi şərh edən ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Xanım Yadigarlının açıqlaması idi.
Cia.az
